525.Az

İnkişafın qarantı- sabitlik və təhlükəsizlik


 

İnkişafın qarantı- sabitlik və təhlükəsizlik<b style="color:red"></b>

95 YAŞLI AZƏRBAYCAN POLİSİ ONLARIN QORUNMASI, DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ KEŞİYİNDƏDİR

XXI əsr haqqında proqnozlar səsləndirən sanballı araşdırma mərkəzləri qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafin zirvəsinə doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə – transmilli cinayətkarlığın, beynəlxalq narkomaniya və terrorun yeni formada təzahürləri ilə də üzləşəcək. Beynəlxalq aləmdə gedən proseslər yeni dünya nizamının hələ tam həllini tapmamasından xəbər verir. Qloballaşma, strateji maraqlar, nüfuz dairəsi üzərində hərbi toqquşmalar, dondurulmuş müharibə ocaqları, separatizm və digər məsələlər bir sıra ölkələri əməlli-başlı imtahana çəkir. Təbii ki, Asiya və Avropanı birləşdirən və xüsusi geopolitik mövqeyi olan Azərbaycan üçün XXI əsrin əvvəlləri çox mühüm uğurlar gətirə biləcəyi kimi, ciddi problemlər də yarada bilərdi. Bu məsələdə həlledici amil yeni yüz ildə Azərbaycana kimin rəhbərlik etməsi idi. Başqa sözlə, 2003-cü ildə keçirilən prezident seçkisi “uğurları genişləndirmək, yoxsa problemlərin cənginə düşmək?” sualına cavab verməli idi. Cənab İlham Əliyevi ölkə rəhbəri seçən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətə sadiqliyini bir daha təsdiqlədi – sabitliyə, demokratik inkişaf xəttinə, hüquqi dövlət quruculuğu yolunun davam etdirilməsinə səs verdi.

Dövlət başçısı cənab İlham Əliyevin böyük öndərin siyasətini uğurla davam etdirməsi Azərbaycanın taleyində elə parlaq səhifələr açır ki, bir vaxtlar onları ancaq xəyal etmək olardı. Hələ baş nazir olarkən “İzvestiya” qəzetinə müsahibə verən cənab İlham Əliyev deyirdi: “Biz hər şeyə müvəffəq olacağıq”. Bu, doğrudan da belə oldu. Həyat sübut etdi ki, Prezidentin ölkə həyatının bütün sahələrini inkişaf etdirmək üçün konkret proqramları var. Bu proqramların arxasında böyük öndərin irsinin layiqli davamçısının qətiyyəti, dünya birliyi tərəfindən qəbul edilən prinsipial, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən dövlətçi şəxsiyyəti durur. Azərbaycanın bu gün iqtisadi inkişafına görə dünyada lider mövqeyə çıxması da deyilənlərin əyani təzahürüdür. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, demokratikləşmə prinsipinin irəli aparılması, hüquqi dövlətin daha əzmkarlıqla qorunması və inkişaf etdirilməsi, vətəndaşların təhlükəsizlik və sabitlik şəraitində yaşaması Prezidentin siyasətinin kökündə durur.

Ölkə rəhbərinin yürütdüyü siyasət tam halda xalqın və müstəqil respublikamızın milli maraqlarına köklənib. Bu səbəbdən də Azərbaycan xalqı əmindir ki, gec-tez respublikanın ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlər öz dədə-baba yurdlarına dönəcək, hər bir vətəndaş sülh, təhlükəsizlik və rifah şəraitində yaşayacaq. Bu fikri təsdiqləyəcək onlarla təkzibolunmaz faktdan yalnız birini qeyd edim. Qlobal iqtisadi böhranın meydana çıxdığı vaxtdan indiyə qədər olan müddət ərzində Azərbaycanın bu problemə dayanıqlığı özünü bariz şəkildə göstərdi. Ölkəmizin qlobal iqtisadi böhranın təsirlərindən effektiv qorunması indi dünya maliyyə institutlarının xüsusi maraq dairəsindədir. Azərbaycan vətəndaşı indi hər gün yeniləşən, inkişaf edən, demokratikləşən, bəşəri dəyərlərə daha sıx qovuşmağa doğru hərəkət edən, vətəndaşların hüquq və azadlıqları daha səmərəli və etibarlı şəkildə qorunan bir ölkədə yaşayır. Bu gün Azərbaycan nəinki regionda, nəinki keçmiş postsovet məkanında, hətta dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri sayılır. MDB məkanına daxil olan ayrı-ayrı dövlətlərdə, habelə dünyanın bir çox inkişaf etmiş ölkələrində baş verən qarşıdurmalar, daxili çaxnaşmalar, rəngli inqilabların nəticələrinin necə böyük fəlakətlər gətirdiyinin şahidiyik. Azərbaycan isə bütün bu bəlalardan ona görə xilas ola bildi ki, 20 il əvvəl ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmiz dağılmaqdan quruculuğa, siyasi kataklizmlərdən sivil siyasi mübarizəyə, insan haqlarının kütləvi surətdə pozulmasından vətəndaşların hüquq və azadlıqlarının sivil, bəşəri dəyərlərə uyğun qorunmasına, qeyri-qanuni silahlı birləşmələrin qarşıdurmasından möhkəm ictimai-siyasi sabitliyin bərpa olunmasına, hakimiyyətin zor gücünə ələ keçirilməsindən demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək ənənəsinə, tarixi əlaqələr bərpa edilməklə dövlətlərarası çoxşaxəli yeni münasibətlərin yaradılmasına nail oldu. Lakin bütün bunlara elə də asanlıqla müvəffəq olunmadı. İndi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli qaldığından obıvatel tərəfindən həmin taleyüklü məsələlərin çözümü sıradan problemlərin həlli kimi qələmə verilə bilər. Amma həmin problemlərin yoluna qoyulması ümummilli liderin gecəli-gündüzlü ağır zəhmətinin, qətiyyətinin, şəxsiyyətinin məğlubedilməzliyinin, alternativi olmayan daxili və xarici siyasətinin, müstəqil dövlətin Azərbaycan modelini işləyib hazırlamasının və həyata keçirməsinin hesabına başa gəldi. Biz sizlərlə adı müstəqil, özü isə marionet olan respublikaları, onların bugünkü durumunu görürük. Elə dövlətlərin gələcək talelərini proqnozlaşdırmaq da çətin deyil. Ölkəmizin isə real müstəqilliyi ona görə sarsılmazdır ki, böyük öndərin irsi xalq tərəfindən hifz olunub saxlanılır, möhtərəm Prezidentimiz tərəfindən isə ümummilli liderin onilliklərə hesablanmış strategiyası ləyaqətlə, qətiyyətlə, qüsursuz yerinə yetirilir. Respublika rəhbəri sözün əsl mənasında ölkəsinin və xalqının milli maraqları naminə böyük siyasətçi qətiyyəti ilə deyir: “Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeyi nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq dünyada hər şey qarşılıqlıdır. Bunu biz kəşf etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi ikitərəfli münasibətlərdə rol oynaya bilməz”. Dövlət başçısı Azərbaycanın milli maraqları naminə eynən ümummilli lider kimi prinsipial mövqe ortaya qoyur, qətiyyət nümayiş etdirir. Ali Baş Komandan deyir: “Mən hər hansı problemə münasibət zamanı düşünürəm ki, görəsən, Heydər Əliyev belə vəziyyətdə necə hərəkət edərdi?” Bax, budur, alternativi olmayan siyasətin davamı! Budur doğru yol! Azərbaycan doğru yolda olduğundan respublikamız günbəgün, aybaay, ilbəil inkişaf edir, yeniləşir, demokratikləşirik. Təbii ki, qazanılan uğurların kökündə ölkədə böyük çətinliklər, habelə itkilər hesabına yaradılan ictimai sabitlik durur. Sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarının qorunmasından, nə iqtisadi inkişafdan, nə sosial problemlərin həllindən, nə də dövlətlərarası normal münasibətlərdən danışmaq olar. Sözsüz, ictimai-siyasi sabitliyin qarantı dövlət başçısıdır, xalqın öz rəhbərinin siyasətini dəstəkləməsidir. Bununla belə, ölkə rəhbərinin siyasətinin həyata keçirilməsinə yardımçı olan icra strukturları və hüquq-mühafizə orqanları var ki, onlarsız keçinmək olmaz. Bu mənada ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiə olunmasında DİO-nun müstəsna rolu var. İyulun 2-də Azərbaycan daxili işlər orqanlarının yaranmasının 95 illiyi tamam olur. Bu yazı da məhz bu orqanın keçdiyi keşməkeşli və şərəfli yola bir jurnalist baxışıdır.

Azərbaycan polisinin tarixinə bir nəzər

Rusiya ilə İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başlayıb. Tarixi məxəzlərin təsdiq etdiyinə görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olub. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla, əgər belə demək mümkünsə, məhkəmə funksiyalarını da yerinə yetirib. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda daxili işlər komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra – 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılmışdır. Cümhuriyyətin süqutunadək o, tam formalaşdırılıb başa çatdırılmasa da dövlətin milli maraqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atmışdır. ADR dövründə Azərbaycan polisi fövqəladə çətin vəzifələri həyata keçirmişdir. Onun önəmi müstəsna idi. Məhz ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk sədri Fətəli xan Xoyski həm də ilk daxili işlər naziri vəzifəsini tutmuşdu. ADR-in sonrakı daxili işlər nazirləri Behbudxan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafa bəy Vəkilov olmuşdur.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olunandan sonra Fətəli xan Xoyski Tiflisə köçmək məcburiyyətində qalır. Azərbaycanın tanınmış dövlət xadimi Xəlil bəy Xasməmmədovla Tiflisin İrəvan meydanından keçərkən Daşnaksütun partiyasının üzvləri tərəfindən öldürülüb. Xəlil bəy Xasməmmədov isə ağır yaralanıb. Fətəli xan Xoyskidən sonra ADR-in ikinci daxili işlər naziri olan Behbudxan Cavanşir də 1921-ci ildə İstanbulda Daşnaksütyun üzvləri tərəfindən qətlə yetirilib.

ADR dövründə Azərbaycan DİN-in tabeliyində aşağıdakı qurumlar olmuşdur:

–  Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;

– Bakı şəhər upravasının polisi;

– Bakı xüsusi vergi polisi;

– Xəfiyyə polisi;

–  Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri. ADR-in mövcudluğu dövründə DİN parlament qarşısında hesabat verirdi. Bakı Qubernator İdarəsi də Azərbaycan DİN-ə tabe idi. Bakı, Balaxanı-Sabunçu müstəqil polismeystr idarələri, Bakı şəhər upravasının polisi, Bakı xüsusi vergi polisi xəfiyyə polisi, Şuşa müvəqqəti general-qubernatoru, Gəncə, Zəngəzur, Cavanşir, Cavad, Cəbrayıl və başqa qəzaların polis idarələri isə DİN-in tərkib hissələri idi.

Qəzalarda qəza polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə müvəkkilləri, polislərdən ibarət özünümüdafiə dəstələri fəaliyyət göstərirdi.

1918-ci il mayın 28-də Tiflisdə qurulduğu elan olunan və Bakı işğal edildiyindən Gəncəyə köçən ADR dövründə bu şəhərdə fəaliyyət göstərən polis idarəsi və onun rəhbərləri haqqında məlumatın da qeyd edilməsi, zənnimcə, yerinə düşər.

Gəncə ŞəhərPolis İdarəsi:

Polismeystr Hacı Əlibəyov, onun böyük və kiçik köməkçisi, katib və onun köməkçisindən, mühasib, qeydiyyatçı (o həm də arxivarius idi) və tərcüməçi ştatlarından ibarət idi.

Gəncə şəhərinin pristavlığı:

1-ci sahə pristavlığı – pristav Əkbərağa bəy İsgəndərbəyov, köməkçisi İsgəndər bəy Vəkilov;

2-ci sahə pristavlığı – pristav Nəsib bəy Kidiyarbəyov, köməkçisi Məcid Abbasov;

3-cü sahə pristavlığı – pristav Xankişi bəy Sultanov, köməkçisi Kazım bəy Ağasıbəyov;

4-cü sahə pristavlığı – pristav Əsəd Tomtiyev, köməkçisi Süleyman Əliyev;

5-ci sahə pristavlığı – pristav Hüseyn bəy Qəniyev, köməkçisi Novruz Poladov;

6-cı sahə pristavlığı – pristav Xəlifə Quliyev, köməkçisi Abdulla Vidalov;

7-ci sahə pristavlığı – pristav Cəfərqulu, köməkçisi (boşdur).

Gəncə şəhər polisi yanında xəfiyyə şöbəsi: rəis Mir Cavad Seyidov, polis nəzarətçiləri Əli Vəliyev, Muradağa Muradov və Mədət Quliyev.

1920-ci il aprelin 29-da Bakı İnqilab Komitəsinin qərarı ilə Bakı şəhərinə ilk rəis təyin olunan Rəhim Hüseynov olub. Ona belə bir tapşırıq verilib: polisi yenidən təşkil etmək, adını dəyişib milislə əvəzləmək, bütün yerlərdə pristavları işdən götürmək və komissarlar təyin etmək. Həmin vaxtlar dairə milis idarələri yaradılır və qəza idarələri onlara tabe edilir. Qəza idarələri isə qəzada olan milis sahələrinə rəhbərlik edirlər.

Azərbaycan İnqilab Komitəsinin 20 sentyabr 1920-ci il dekretiylə Xalq Daxili İşlər Komissarlığına oğruları, qarətçiləri, quldurları, qoçuları, oğurluq mal alverçilərini gizli saxlayanları və bu qəbildən olanları vətəndaş müharibəsi qurtaranadək respublikadan sürgün etmək hüququ verilir.

1920-ci il noyabrın 3-də respublika milis rəislərinin birinci qurultayı keçirilib.

1921-ci il iyunun 4-də Nəriman Nərimanovun sədrliyi ilə keçirilən Xalq Komissarları Sovetinin qərarı ilə sovet Azərbaycanının ilk daxili işlər komissarı Həmid Sultanova milisi gücləndirmək üçün onun sıralarına 300 nəfər komandir dəvət etmək tapşırılır.

1922-ci ildə 70 qəza milis rəisindən 93%-nin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75%-i tam savadsız olub.

Hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi olaraq tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o dövrdə aparılan dövlət siyasəti, o dövrün ideoloji prinsipləri nəticəsində insanlar günahsız qurban olublar, repressiyaya məruz qalıblar. Bu, tariximizin dəhşətli səhifələridir, illəridir. Minlərlə, on minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlərə uğrayıblar. O da faktdır ki, 1920 – 1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olmuş, 1937-39-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən 320 nəfər repressiyaya məruz qalmışdır. 1941-1945-ci illər müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanmış, böyük əksəriyyəti geri dönməmişdir. Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafıl Məmmədov, polkovnik Mehdi Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin Kazunov isə cəbhədən Sovet İttifaqı qəhrəmanları kimi qayıtmışlar.

Daxili işlər orqanlarının başına çox bəlalar gəlib və gətirilib. Zaman-zaman sərt sınaqlara çəkilən, özü də repressiyalara məruz qalan, təxminən 70 il ərzində kommunist ideologiyasının hakim olduğu Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da – sabiq iqtidarlar dövründə öz səlahiyyətlərindən kənara çıxmağa məcbur edilən ölkə polisi, demək olar ki, bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirmişdir. Azərbaycan polisi ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olmuş, cinayətkarlığa qarşı mübarizə aparan, asayişi mühafızə edən bir orqan kimi hörmət və sayğıya layiq görülmüşdür. Onun keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında ümummilli lider Heyder Əliyev Azərbaycan polisinin 80 illik yubileyinə həsr olunan təntənəli yığıncaqda belə demişdir: “Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir. Daxili İşlər Nazirliyi Orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, Vətənə, xalqa sədaqətini daim saxlamışdır”.

Yeri gəlmişkən qeyd edim ki, sovet dönəmində xalqımızın daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış, general rütbəsini daşımağa layiq, ləyaqətli oğulları az olmayıb. Lakin keçmiş SSRİ-nin, həm də SSRİ DİN rəhbərlərinin ögey münasibət bəsləməsi üzündən onların çoxu bu rütbəni ala bilməyiblər. Keçmiş SSRİ DİN Azərbaycan DİN-nə general rütbəsi almaq üçün ildə bir yer ayırarmış. Lakin bu norma da formal xarakter daşıyıb və ona əməl edilməyib. Bax buna görə də sovet hakimiyyətinin 70 illik dövründə respublikamızın daxili işlər orqanlarında işləyib general rütbəsi alanların sayı 30 nəfərdən də az olub. Bu məsələ də, dönüş nöqtəsi çox çətinliklə də olsa, ümummilli liderin hakimiyyətə gəlişi ilə yavaş-yavaş öz həllini tapıb, ölkə üçün milli kadrların yetişdirilməsinə xüsusi diqqət verilib. Fakt. Əgər ulu öndərə qədər Azərbaycandan SSRİ-nin ali məktəblərində təhsil almaq üçün göndərilənlərin yalnız 17%-i milliyyətcə azərbaycanlılar idisə, onun hakimiyyəti dövründə bu rəqəm 79%-ə qədər yüksəldi. Söhbət həm də yalnız təhsil almaqdan getmir. Həm də respublikada milli kadrların irəli çəkilməsi prioritet vəzifə kimi müəyyənləşdirilir. Ümummilli lider özü bu barədə belə deyir: “Sizin bir çoxunuz ölkəmiz dövlət müstəqilliyini əldə edənə qədər Azərbaycanda, Sovetlər İttifaqının daxili işlər orqanlarında işləyibsiniz, faydalı işlər görübsünüz, xalqımıza xidmət etmisiniz, böyük peşəyə sahib olubsunuz. Ancaq bugünkü günümüzün o dövrdən fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik, biz bu gün azadıq. Biz heç bir mərkəzdən asılı deyilik. Heç bir dövlətdən asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər polisin 84 illik yubileyini bir balaca dərindən təhlil etsəniz, görərsiniz ki, polis olub, xalqına xidmət edibdir. Amma polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bilirsiniz ki, keçmişdə mən də dövlət təhlükəsizlik orqanlarında uzun illər xidmət etmişəm. Deyə bilərəm ki, uğurlu xidmət etmişəm. Amma mən nəyə görə uğurlu xidmət edə bildim. Mənim işlədiyim səviyyədəki vəzifələrdə azərbaycanlı tək mən idimsə, 5-6-sı azərbaycanlı deyildi, başqa millətlərdən idi. Məndən yuxarıda olan vəzifədə azərbaycanlı yox idi. Ondan yuxarıda biri var idi. Amma onun yanında başqa millətdən olan 2-3 nəfər var idi. Ona görə də belə bir mühitdə, belə bir kollektivdə yaşamaq, işləmək həddindən artıq çətin idi. Mən Azərbaycana qəlbən xidmət edirdim. Çünki mən azərbaycanlıyam. Amma mənim ətrafımda olan adamların əksəriyyəti heç də deyə bilmərəm ki, Azərbaycana xidmət edirdi. Onlar deyirdilər ki, biz sovet hökumətinə xidmət edirik. Mən də etiraf edirdim ki, sovet hökumətinə xidmət edirəm, amma Azərbaycana xidmət edirdim”.

Təlatümlü zamanlar

 

Azərbaycanın son 25 illik tarixini, məncə, belə şərti dövrlərə bölmək olar: 1988-1992-ci illər, 1992-ci ildən 1993-cü il iyununadək və 1993-cü ilin iyunundan – Qurtuluş Günündən bu vaxta qədər olan zaman kəsiyi.

Qorbaçovun  yenidənqurması  ilə  yenidən meydana atılan erməni separatizmi 1988-ci ilin fevralından başlayaraq Xankəndində və İrəvanda təşkil edilən “Miatsum!” mitinqlərinə start verməklə Ermənistan və Kremlin dəstəyi ilə torpaqlarımızı işğal  etməyə başlayanda Azərbaycanda tamamilə yeni bir situasiya yarandı. Dağlıq Qarabağ azərbaycanlılarının təhlükəsizliyi uğrunda çarpışan və təcavüzə qarşı sipər olan yeganə qüvvə məhz Azərbaycan milisi oldu. Erməni diasporunun qulu – Kremlin Azərbaycana qarşı yürütdüyü xəyanətkar siyasətin Qarabağdakı icraçıları Volski və Polyaniçko dönəmində Azərbaycan milisinin hansı təqiblərə, təzyiqlərə məruz qaldıqlarını, necə qeyri-bərabər döyüşlərə girdiyinin şahidləri bu gün də həmin döyüşlərdə Azərbaycan milisinin qəhrəmanlığını unutmayıblar.  Minlərlə silahlanmış erməni qulduruna, mobil ekstremist saqqalı şovinist dəstələrə və Xankəndindəki 366-cı alayın onlara verdiyi açıq dəstəyə qarşı duran yeganə qüvvə Azərbaycan milisi idi.

Bir tərəfdən məhz milisin verdiyi ağır itkilər, Dağlıq Qarabağda baş verən hadisələr fonunda respublikada ictimai-siyasi sabitliyin məhvərindən çıxması, həmçinin hakimiyyət uğrunda daxili çəkişmələr Azərbaycan milisini də özündən asılı olmayaraq siyasi proseslərə cəlb etdi. Daxili işlər orqanları çox böyük təlatümlü dövrü yaşamalı oldular. Xalq hərəkatı dalğası getdikcə daha çox DİO əməkdaşını öz ağuşuna alırdı. Bu, təbii bir proses idi. Azərbaycan milisi həm də bir Azərbaycan vətəndaşı olaraq ölkəsinin faciəvi durumu ilə üzbəüz dayanmışdı. Bütün hallarda o xalqın tərəfində idi. Fakt odur ki, Moskvanın əli ilə hakimiyyətə oturdulan Ayaz Mütəllibov kreslosunu qorumaq üçün vətənpərvər Azərbaycan milisinə arxalana bilmədiyi üçün özünə sadiq, qeyri-qanuni silahlı birləşmələrin yaradılmasına rəvac verdi. Respublika DİN və onun rəhbərliyi tamamilə diskriminasiya edildi. Çoxlarının hələ də unutmadığı Ağa Axundovun rəhbərliyi ilə meydana çıxan “Qardaşlıq” cəmiyyəti meydan sulamağa başladı. Adıçəkilən şəxsin başının dəstəsi ilə hətta Azərbaycan parlamentinin iclas zalına gələrək etdiyi hədə-qorxu və təzyiqləri yəqin ki, o zalda oturanlardan bəziləri indi də unutmayıblar. O vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan Bəxtiyar Əliyev cinayətkarlığa qarşı mübarizə aparmaq, asayişi qorumaq, sabitliyi bərqərar etmək əvəzinə, Mütəllibovun tapşırığı ilə Azərbaycanın rayonlarına “layiqli” icra başçıları tapmaqla məşğul idi. Bu onun öz etirafıdır. 1992-ci il fevralın 27-də DİN rəhbərliyinin Xocalı soyqırımı haqqında saxta, xalqın mənafeyinə qəsd hesab edilən məlumat verməsi (guya Xocalıda 2 nəfər ölüb və vəziyyət nəzarət altındadır) Mütəllibov hakimiyyəti və polisin ətrafında gərginləşən hadisələrin pik nöqtəsi oldu. Sonrası bəllidir.

AXC-Müsavat iqtidarı dövründə təyinatdan dərhal sonra, elə parlamentin tribunasından “mən o quldur yuvasını dağıtmağa gedirəm” bəyanatı ilə çıxış edən İsgəndər Həmidov polisi tamamilə şəxsi maraqlara, özünün siyasi ambisiyalarına tabe etdirdi. Polis əməkdaşlarını zorən özünün yaratdığı “Bozqurd” partiyası ətrafında birləşdirdi, onu ölkədə üstqurum bir orqana çevirməyə çalışdı. Asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, sabitliyin bərqərar edilməsi kimi əsas vəzifələr bir kənara qoyularaq o vaxtkı iqtidar nazir tərəfindən polis mitinqləri ilə hədələnməyə başlandı. Azərbaycan polisi nazirin timsalında iqtidar üçün təhlükəyə çevrildi. Sabiq nazirin 1992-ci il mayın 5-nə təyin etdiyi polis mitinqi yalnız son anda birtəhər təxirə salındı. Bir tərəfdən müharibə, digər tərəfdən ölkənin idarə olunmazlığı, siyasi hakimiyyətdəki anarxiya, qanunsuz silahlı dəstələrin yağışdan sonra artan göbələklər kimi çoxalması, habelə qatı cinayətkarların guya Vətənin müdafiəsi naminə cəzaçəkmə müəssisələrindən buraxılması, onlarla qeyri-sağlam və qeyri-sabit elementlərin ayaq səslərinin DİN-in mərkəzi aparatında və onun sanballı idarələrində eşidilməsi ölkədəki kriminogen durumu özünün apogeyinə çatdırdı. Xaos və cəzasızlıq şəraitində törədilən cinayətlərin sayı ölkənin tarixində rekord həddə – 22450-yə, o cümlədən ağır cinayətlərin sayı 6009-a çatır. Həmin cinayətlərin açılma faizi müvafiq olaraq 68,7 və 57,9% olmuşdur. Həmin zaman kəsiyində törədilmiş 6 mindən çox cinayət araşdırılmadan, heç bir əməliyyat-istintaq hərəkəti edilmədən arxivə verilmişdi. Əllərdə külli miqdarda silah və sursat cəmlənmişdi. Sabiq dövlət katibi Əli Kərimli 1992-ci ilin mayında Nərimanov rayon İcra Hakimiyyətində keçirdiyi müşavirədəki çıxışına belə dedi: “Əllərdə olan qeyri-qanuni silahlarla bir ordunu təmin etmək olar”.      

Təsəvvür edin ki, AXC-Müsavat hakimiyyəti dövründə ən böyük vəzifəsi tikinti təşkilatlarından birində podratçı olan Qabil Məmmədov birbaşa daxili işlər nazirinin birinci müavini, polis orqanlarında bir gün belə işləməyən 26 yaşlı Səyavuş Mustafayev Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdi. Sonuncunun təyinatı ilə Naxçıvan polisinin 1500 nəfərədək əməkdaşının hüquqları kütləvi surətdə pozulmuş, Muxtar Respublika Daxili İşlər Nazirliyinin rəhbərliyi tam tərkibdə istefaya göndərilmişdi. Daxili Qoşunların Komandanı kimi məsul bir vəzifəyə bu işlə heç bir əlaqəsi olmayan Fəhmin Hacıyevin təyin edilməsi də bu sahədə xaos və anarxiyanın baş alıb getməsinə çox münbit şərait yaratmışdı. Həmin dövrdə 100-dən çox şəxs saxta diplomlarla DİN və onun strukturlarında zabit vəzifələrinə irəli çəkilmişdilər. Məhz həmin dövrdə uzun illərin gərgin əməyi nəticəsində yaradılan və polisin fəaliyyətində xüsusi rol oynayan peşəkar özək qısa müddətdə məhv edilərək sıradan çıxarılmışdı.

Ermənistanın təcavüzünün getdikcə şiddətlənməsi və ölkə daxilindəki vəziyyət real təhlükəyə çevrilərək müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin başının üstünü kəsdirmiş, onu tamamilə haqlamışdı. Cənubda Əlikram Hümbətov kimi bir ünsürün rəhbərliyi ilə Talış Muğan Respublikasının sərhədləri cızılmış, Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə qiyam baş vermiş, vətəndaş müharibəsi faktiki başlamışdı. Vəziyyətdən çıxış yolu yalnız və yalnız ümummilli liderin xalqın çağırışına cavab olaraq hakimiyyətə qayıdışında idi və lider öz xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hüquq-mühafizə orqanları sahəsində də yenilməz biliyi və təcrübəyə malik ümummilli lider yaxşı bilirdi ki, ölkədə ictimai sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Lakin bu vəzifəni həyata keçirmək elə də asan deyildi. Baş nazir Surət Hüseynova məxsus hərbi birləşmələri, Əlikram Hümbətovun silahlı dəstələrini, DİN-in tərkibində siyasi hakimiyyətə iddialı olduğunu gizlətməyən Rövşən Cavadovun rəhbərliyi ilə fəaliyyət göstərən, əvvəlki şöhrətini itirmiş, cəmiyyəti xof və qorxu içərisində saxlayan XTPD-ni qanunlara tabe etdirmək həlli asan problemlər deyildi. Ümummilli lider Azərbaycan polisinin 80 illik yubileyi ilə bağlı XTPD-nın fəaliyyətinə toxunaraq belə deyir: “Ermənistanın təcavüzündən Azərbaycan torpaqlarının qorunmasında xüsusi təyinatlı milis dəstəsinin – “OMON”-un xidmətləri olmuşdur. Əgər səhv etmirəmsə, o dəstənin içərisindən 45 nəfər şəhid olmuşdur. Onlar Vətən, torpaq yolunda şəhid olmuşlar. Biz onların qəhrəmanlığını heç vaxt unuda bilmərik və onların silahdaşlarının sonra cinayət yoluna düşməsi, cinayətkar dəstəyə çevrilməsi xüsusi təyinatlı milis dəstəsinə mənsub olmuş, qəhrəmanlıq göstərmiş, şəhid olmuş insanların xidmətlərinə heç vaxt ləkə sala bilməz. Ancaq sual olunur: bəs, nə cür oldu ki, belə bir dəstə, qəhrəmanlıq nümunələri göstərmiş dəstə sonra bir cinayətkar dəstəsinə çevrildi? Bunun kökü o insanların özündə deyildi. Bunun kökü o vaxt Azərbaycanda gedən mürəkkəb və qeyri-normal ictimai-siyasi proseslərlə əlaqədardır. Bunun kökü o vaxt Azərbaycanda hakimiyyət uğrunda silahlı mübarizə aparmaq xəstəliyi ilə əlaqədardır və dövlət strukturları, silahlı strukturlar olduğu halda, Azərbaycanın ayrı-ayrı vəzifəli şəxslərinin, bəzən də heç vəzifəsi olmayan şəxslərin, ancaq böyük vəsait sahiblərinin özləri üçün cinayətkar silahlı dəstələr yaratması ilə bağlıdır”.

Yuxarıda qeyd etdiyim üç dövrün birinci ikisini xarakterizə edən əsas cəhət ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını belə bilməyənlər bu orqanda rəhbər vəzifələrə irəli çəkiliblər. Onlar eyni zamanda bitib-tükənməyən siyasi ambisiyalarının girovuna çevriliblər. Müharibə getdiyi dövrdə cinayətkarlığa qarşı mübarizənin aparılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi tamamilə arxa plana keçirilib. Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü belə qiymətləndirib: “Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər”.

Yalnız üçüncü dövrdən başlayaraq Azərbaycan DİN sözün əsl mənasında müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən edilmiş vəzifələri icra edən müstəqil dövlət orqanı kimi fəaliyyət göstərdi və bu gün də göstərməkdədir. Ümummilli liderə təxminən üç il lazım gəldi ki, həm ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət edilsin.

 

Dönüş nöqtəsi

 

Ulu öndər hər kəsdən yaxşı bilirdi ki, cəmiyyətdə sağlam mənəvi-psixoloji mühit yaratmaq, əhalinin dövlətə inamını bərqərar etmək, ölkəni dirçəltməyin yolu ictimai-siyasi sabitliyin bərpasından, möhkəmləndirilməsindən keçir. Bu məsələdə isə DİO-nun rolu müstəsnadır. Ona görə də dahi şəxsiyyət hakimiyyətinin hər iki dönəmində radikal islahatlara məhz DİN-dən başlayıb. O, özü bu barədə belə deyib: “1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra mənim ilk addımlarımdan biri DİN-də yaranmış ağır vəziyyəti aradan götürmək oldu. DİN rəhbərliyində dözülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətlərini itirmişdilər. Alınan şikayətlər həddindən artıq çox idi və DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zərurətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırmalı idim. Mən Arif Heydərova çox inanırdım, etibar edirdim. Mən o vaxt Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri oldu”.

Sözsüz, ulu öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ikinci dəfə qayıdışı zamanı Azərbaycandakı vəziyyət tamamilə fərqli idi. 1993-cü ildə Azərbaycanın bir dövlət xalqının da bir millət olaraq taleyi çox böyük sual altında idi. Bir tərəfdən müharibənin ağır dəhşətləri, digər tərəfdən ölkənin parçalanması üçün atılan addımlar, özbaşınalıq, qanunsuz silahlı dəstələrin meydan sulaması, özbaşınalıq, vətəndaşların hüquqlarının kütləvi surətdə pozulması ölkə rəhbərindən radikal addımlar atmanı tələb edirdi.

Vəziyyət daha elə davam edə bilməzdi. Təkcə 1993-cü ildə Azərbaycanda 22.440 cinayət hadisəsi törədilmişdi. DİN qarşısında duran vəzifələri nəinki yerinə yetirə bilir, əksinə nazirliyin ətrafında yaranan qeyri sağlam mühitin rəngi daha da tündləşirdi. Məqam o məqam idi, qərar verilməliydi, verildi də.

Burada incə bir məqam var. Maraqlıdır ki, ulu öndər hakimiyyətə həm birinci, həm də ikinci dəfə gəlişində dərhal daxili işlər nazirlərini əvəzləməyib. O, 1969-cu ilin iyulunda Azərbaycan rəhbəri seçilsə də təxminən 8 ay (19.03.1970-ci ilə qədər) Məmməd Əlizadəni tutduğu vəzifəsində saxlayıb. Bu məsələdə iki versiya haqqında fikir yürütmək olar. Onlardan biri vəziyyəti nizama salmaq üçün nazirə vaxt vermək, digəri isə o vaxt  Brejnevin bir nömrəli silahdaşı və adamı hesab edilən SSRİ-nin daxili işlər naziri Şelekovun razılığını almaqla bağlı ola bilər.

Ümummilli lider hakimiyyətinin ikinci dönəmində müharibənin dəhşətləri və olduqca gərgin ictimai siyasi proseslər zəminində elə təxminən bir o qədər – 8 ay sədaqətli, peşəkar, etibarlı bir kadrı nazir təyin etmək üçün manevr etmək məcburiyyətində qalır. Böyük öndər ölkənin taleyi naminə ambisiyalı qüvvələri cilovlamaq üçün onlarla müvəqqəti “atəşkəs”ə getməli idi. Ona görə də Vaqif Novruzov daxili işlər, Nəriman İmranov milli təhlükəsizlik naziri, Əli Ömərov Baş prokuror vəzifəsinə təyin olunmuşdular. Bu o dövr idi ki, Sürət Hüseynov Baş nazir idi. XTPD-nin komandiri heç kəslə razılaşmır, silahlı yolla hakimiyyətə gələcəyini gizlətmirdi. Bəzi xarici ölkələrin respublikanın daxili işlərinə müdaxilə riski kifayət qədər yüksək idi. Amma artıq keçən müddət ərzində prezident müəyyən işləri qaydasına qoymuş və həlledici addımı atmalı idi. 1994-cü ilin məlum 9 aprel müşavirəsi DİN-in tarixində dönüş nöqtəsi oldu.

Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla başlayıb. Həmin Fərmanın tələblərindən irəli gələn vəzifələri həyata keçirən DİN və onun strukturları tərəfindən yalnız 1994-1998-ci illər ərzində 10.659 odlu silah, minlərlə döyüş sursatı aşkar edilərək müsadirə olunmuşdur. Həmin müddət ərzində vətəndaşları qorxu içərisində saxlayan 7143 mütəşəkkil cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilmişdir. İstintaqdan gizlənən 22055 nəfər tutulmuşdur.

Bu gün hər bir Azərbaycan vətəndaşı siyasi mənsubiyyətindən, mənşəyindən və mənsəbindən asılı olmayaraq 20 il əvvələ nəzər salıb belə bir suala cavab verməlidir: Biz haradan haraya gəlib çatdıq və bu, hansı siyasətin və idarəetmənin nəticəsində mümkün oldu? Əminəm ki, bu suala qərəzsiz cavab tapan hər kəs gələcəyi üçün narahatlıq keçirməyəcək.

Müasir demokratik cəmiyyətlərin ən xarakterik xüsusiyyətlərindən biri və bəlkə də başlıcası insan hüquq və azadlıqlarına verilən önəm, onların təminatı mexanizmlərinin yaradılmasıdır. Qətiyyətlə demək olar ki, yaradıcısı ümummilli lider olan ilk milli Konstitusiyamızda “Üçüncü nəsil” hüquqlar da daxil olmaqla ən müasir insan və vətəndaş hüquqları təsbit edilmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqları və azadlıqlarının qorunmasını özündə ehtiva edir. “Polis haqqında” qanunun 40 maddəsindən 14-ü insan hüquqlarının və vətəndaş azadlıqlarının qorunması ilə bağlıdır. Bu istiqamətdə müəyyənləşdirilən strateji xətt müvafıq qanunlar, hüquqi normativ aktların tələbi ilə həyata keçirilir.

1999-cu ildə “Polis haqqında” Qanunun qəbul olunması hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına və bu sahədə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına xidmət etdi.

Bu qanuna görə polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmaqla təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fıziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd hərəkətlərdən qorumaqdan ibarətdir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilmiş, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunmuşdur. Polisin fəaliyyətinin müasir dövrün tələblərinə cavab verməsi üçün həm ümummilli lider, həm də möhtərəm prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə bir çox qanunlar qəbul edilmiş, fərman və sərəncamlar imzalanmış, əsasnamələr qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası qanunları, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar ümumbəşəri dəyərlərin ölkəmizdə ən ali nemət olmasını bir daha təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu”nun təsdiq edilməsi də polisin fəaliyyətini müasir standartlara uyğun qurmaq üçün olduqca mühüm əhəmiyyət kəsb edən sənəddir. Fərmanların və qanunların tələblərindən irəli gələn vəzifələrin icrası istiqamətində insan hüquqlarının müdafiəsi üzrə 2004-2008-ci illər üçün Dövlət Proqramı hazırlanmış və həyata keçirilmişdir. Eyni zamanda, Avropa Komissiyası, Avropa  Şurası,  ATƏT-in  İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosu, İnsan Hüquqları üzrə Beynəlxalq Amnıstiya Təşkilatı, Helsinki Vətəndaş Assamibleyası və digər bu kimi beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülmüş və bu iş bu gün də davam etdirilməkdədir.

Yeni tarixi dövrdə yem vəzifələri Prezident İlham Əliyevın təşəbbüsü ilə 2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin  təkmilləşdirilməsinə dair” Dövlət Proqramı müəyyənləşdirdi. Həmin proqrama uyğun olaraq DİO-nun fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə DİN-in tərkibində Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir. Prezidentin 6 may 2004-cü il sərəncamına uyğun olaraq isə 2004-cü ildə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır. İndi Daxili İşlər Orqanlarının əsas vəzifəsi cinayətkarlığa qarşı barışmaz mübarizə aparmaqla yanaşı, vətəndaşların təhlükəsizliyini, hüquq və azadlıqlarını maksimum dərəcədə qorumaqdan ibarətdir.

Cinayətlər və hadisələr barədə daxil olan məlumatların qəbulu, vətəndaşlarla polis orqanları arasında operativ rabitənin təşkili və müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan “102” xidmətinin fəaliyyətə başlaması, yol hərəkəti qaydalarının pozulmasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi üzrə quraşdırma işlərinin başa çatdırılması, AMAS sisteminin tam işə düşməsilə cinayətkarlığa, asayişin pozulmasına qarşı daha effektli mübarizə aparmağa imkan verir. Eyni zamanda cinayətkarlığa qarşı keyfiyyətli mübarizə aparmaq üçün DİN və onun strukturları vətəndaşlarla birbaşa əlaqəyə xüsusi diqqət yetirirlər.

Statistik məlumatlara görə il ərzində nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri tərəfindən 3.600-ə yaxın, ərazi strukturları da nəzərə alınarsa 10 mindən çox vətəndaş qəbul edilir, onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində müsbət həll olunur. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülməklə araşdırılır, nəticələri barədə təşəbbüskarlara yazılı cavablar verilir, hüquqları izah edilir.

Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədə daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağı düşür. Bu yazını statistik rəqəmlərlə ağırlaşdırmayım deyə bir neçə ümumiləşdirilmiş rəqəmi qeyd etməklə kifayətlənəcəyəm.

Xaos dövrü kimi səciyyələndirilən 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması, 61%-dən 94,2%-ə qədər yüksəlmişdir. Bununla yanaşı, bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq 32,3% azalmışdır. Həmin dövr ərzində məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3,6 dəfə qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdır.

Son 15 ildə isə əllərdə olan 35 mindən çox qeyri-qanuni odlu silah müsadirə olunub. Qrup halında 15 mindən çox cinayət törətmiş, 35 min nəfər tutulub cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumilikdə isə son 15 ildə 70 mindən artıq təqsirləndirilən şəxs tutulmuşdur. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən çox dəstə zərərsizləşdirilir. Xidməti fəaliyyətin önəmli məqamlarından olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində son 15 il ərzində bağlı qalmış 367 cinayətin üstü açılıb. Yalnız insan alveri ilə məşğul olan 30-dan çox cinayətkar qrup ifşa olunub. Son illərdə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə öncül yerlərdən birini tutur (100 min nəfərə münasibətdə orta hesabla 200 cinayət hadisəsi).

Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Amma nə yazıq ki, cəmiyyətin demokratik inkişaf tendensiyası arzu etdiklərimizlə üst-üstə düşmür. Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu “cinayətsiz cəmiyyət” ideyalarını rədd etsə də, bəzi  xəyalpərvər qüvvələr, nöqsanlı və qərəzli düşüncə sahibləri hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət təfəkkürünün girovlarıdır. Cinayətkarlığın mövcud olmayacağı cəmiyyət utopik kommunizm ideologiyasına məxsus idi. Dünyanın hansı ölkəsində cinayət və cinayətkarlıq yoxdur? Məsələn, dünyanın ən demokratik ölkəsi hesab edilən Amerikada ağır cinayətlər bir yana, cinayətkarlar az qala ildə 1-2 dəfə təhsil ocaqlarına basqın düzənləyir, partlayışlar və qətllər törədir, müəllimləri və tələbələri girov götürürlər. İtaliya mafiyasının başçısı 20 ildən sonra tutulmadımı? Avropanın göbəyində – Fransada gah tələbələr, gah da azğınlaşmış gənclər şəhərləri oda qalayıb, maşınları və mağazaları yandırmırlarmı? İngiltərədə günü bu gün cinayətkarlıq tüğyan etmirmi? Uzağa getməyək. Qonşu Dağıstanda və Şimali Osetiyada ardı-arası kəsilməyən gurultulu cinayət hadisələrini efirdən seyr etmirikmi? Bəs Moskvada, Rusiyanın digər şəhərlərində vəziyyət necədir? Bütün bu faktlar onu təsdiq edir ki, Azərbaycanda dayanıqlı sabitlik var, asayiş keyfiyyətli şəkildə qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır, kriminoloji durum nəzarətindədir.                           

Günün tələbi — çevik, peşəkar, sədaqətli əməkdaş.

Təbii ki, əgər yetkin, peşəkar, müstəqil dövlətinə sədaqətli kadrlar olmasa ən yaxşı qanunlar, normativ aktlar, dövlət-vətəndaş, dövlət-cəmiyyət münasibətlərini tənzimləyən ən  yaxşı sənədlər kağız üzərində qalar.

Ümummilli liderimiz Azərbaycan polisinin 84 illik yubileyində çıxış edərkən dedi: “Bu peşəni, polis peşəsini qəbul edən Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir. Mən bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm. Biz dövlət müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə sadiq ola bilmərik”.          

Daxili İşlər Nazirliyinin rəhbərliyi peşəkar polis kadrlarının hazırlanmasında məhz böyük öndərin bu tövsiyələrindən çıxış edir: “Gələcəkdə Azərbaycanın çiçəklənməsini təmin edəcək başlıca amillər gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsidir” kursunu hədəf seçən Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqları ən yüksək səviyyədə həyata keçirilir.

Prezident dövlət qulluqçularını belə görmək istəyir: “Bu zümrə fəaliyyətində qanunun aliliyi, vəzifə borcuna sədaqət, humanizm, sosial ədalət prinsiplərini rəhbər tutmalı, vətəndasın və dövlətin maraqlarını uzlaşdırmalıdır”. Belə tələblərə cavab verən kadrlar yetişdirmək ən mühüm məsələlərdən biridir.

Məlumat üçün deyim ki, hələ 1921-ci ildə yaradılmış və 1922-ci ildən komandir heyəti hazırlayan tədris müəssisəsi statusu almış Bakı Orta Xüsusi Milis Məktəbi vaxtilə nəinki Azərbaycan, hətta bütün Zaqafqaziya və Şimali Qafqaz regionu üçün milis kadrları hazırlamışdır. Həmin tip tədris müəssisələri sırasında özünün yüksək səviyyəsi və nüfuzu ilə seçilmişdir. 1992-ci ildən məktəbin bazasında fəaliyyətə başlayan Polis Akademiyası bilavasitə ümummilli lideri Heydər Əliyevin göstərişləri, tövsiyələri və birbaşa rəhbərliyi ilə tamamilə yenidən qurulmuş, köklü islahatlara məruz qalmış, nəticədə ölkənin sayılıb-seçilən, ali hüquq təhsili verən xüsusi təhsil müəssisəsinə çevrilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə qayğısı nəticəsində akademiyanın daha yüksək səviyyəli peşəkar kadrlar hazırlaması üçün maddi-texniki bazası müasir standartlara uyğun qurulmuş, tədrisin daha keyfiyyətli aparılması üçün təsirli tədbirlər görülmüşdür. DİN-nin Polis Akademiyasında ən müasir tələblərə cavab verən tədris və məişət korpusları, idman kompleksi, xüsusi təchiz olunmuş auditoriyalar, mənzil kommunal xidməti obyektləri tikilərək istifadəyə verilmişdir. Polisin fəaliyyətində önəmli olan Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar haqqında məcəllələrin, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə mübarizə haqqında” və digər qanunların, eləcə də qanunvericilik aktlarının peşə hazırlığı dərslərində öyrənilməsi təmin edilmişdir. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə məsələlərinin öyrənilməsi prioritet vəzifələr sırasına daxil edilmişdir. Həmçinin, sıravi və kiçik rəis heyəti hazırlayan məktəb təşkil olunmuş, ixtisasartırma kursları getdikcə daha çox səmərə verməyə başlamışdır. Bütün həyata keçirilən tədbirlərin nəticəsidir ki, Avropa Şurası ekspertləri tərəfindən “Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi” monitorinqinin yekunları qənaətbəxş hesab edilmişdir. Akademiyanın əməkdaşları 30-dan artıq beynəlxalq sertifikat almışlar. Bu gün DİO-da çalışan və özünün biliyi, bacarığı, xidməti borca münasibətilə seçilən Akademiyanın yüzlərlə məzunu var. Akademiyanın qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfıyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və qətiyyətə malik polis zabitləri hazırlamaqdır.

Əgər 1996-2001-ci illərdə akademiyanın əyani fakültəsini bitirən 100 müdavimdən yalnız 25-i orta məktəblərin məzunu olmuşdusa, hazırda bu təhlsil müəssisəsində 1400-ə yaxın, o cümlədən əyani fakültədə 600-dən çox gənc müdavim təhsil alır. Nəticə etibarı ilə daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3%-dən 88,5%-dək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3%-dən 76,4%-dək yüksəlmişdir.

Ötən müddət ərzində Türkiyənin, Rusiya Federasiyasının, Çin Xalq Respublikasının  və  digər dövlətlərin Polis və Hərbi akademiyalarını 298 polis əməkdaşı və 270 hərbi qulluqçu bitirmiş və 117 nəfər təhsilini davam etdirir. Yalnız 2009-cu ildə də qabaqcıl təcrübənin öyrənilməsinə geniş yer verilərək 1400-ə əməkdaş BMT-nin,  NATO-nun, strukturlarının, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq təşkilatlarının, GUAM-ın,  MDB-nin və digər beynəlxalq qurumların keçirdiyi müxtəlif tədbirlərdə iştirak etmişdir.

Ali Baş Komandan konkret vəzifə qoyub: “Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır”. Bu tələblərə cavab verməyən əməkdaşın daxili işlər orqanlarında xidmət etməyə hüquqi, nə də mənəvi haqqı var.

 

Qanunların keşiyində

 

Məşhur bir deyim var: “Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış isə bütün namuslu insanların vicdan məsələsidir”. Bu deyimin qayəsində haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Ölkənin hüquq-mühafızə orqanlarının, o cümlədən də Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir.

DİN və onun strukturları da, əgər obrazlı dillə desək, “şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar”. Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin eyni zamanda, onlar qərar qəbul edərkən sosial konteksə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasındakı münasibətlərdə hər zaman bir balans olmalıdır. Azərbaycan polisi bu balansın qarşılıqlı etibar, qarşılıqlı səmimiyyət, qanunlara qarşılıqlı hörmət əsasında formalaşmasının tərəfdarı olduğunu fəaliyyəti ilə təsdiqləyir. DİN-in fəaliyyəti də məhz bu notlar üstündə köklənib. Heç kim belə bir iddianı sübut edə bilməz ki, DİO dəyişməyib, yeniləşməyib, müasir dövrün tələblərinə uyğun islahatlar aparılmayıb. DİN-in rəhbərliyi də iddia etmir ki, Azərbaycan polisinin fəaliyyəti tamamilə Avropa standartlarına cavab verir və hər şey əladır. Ancaq çox şeyə nail olunub, – desəm – zənnimcə, müvəffəqiyyətlərin rəngini tündləşdirmiş olmaram.

DİO cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. O, cəmiyyətin tərkib hissələrindən biridir. Canlı orqanizm olan bu struktur bütövlükdə cəmiyyətin özü kimi dəyişir, inkişaf edir, yeni forma və məzmun kəsb edir.

Azərbaycan dövlətçiliyi üçün əvvəllər mövcud olan təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə möhtərəm Prezidentimiz tərəfındən uğurla davam etdirilir. Bəzi qüvvələr isə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəngdir, fəaliyyət göstərdikləri məkanlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək, zamanında qətiyyətli tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirir. Respublika Daxili İşlər Nazirliyi və onun strukturları Azərbaycan dövlətçiliyi və xalqın mənafeyi naminə ən mürəkkəb və çətin vəzifələri layiqincə yerinə yetirməyi bacardıqlarını dəfələrlə sübut ediblər. 1994-95, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri ilk növbədə Azərbaycan polisinin qətiyyəti ilə rastlaşdılar. Bəzi siyasətbazların başı əhlət daşına dəydi də.  Ancaq bəziləri qanunsuzluğun tüğyan etdiyi zamanların xiffətini çəkmək mərəzindən xilas ola bilmir, “stəkanda da olsa, fırtına qopacaqlarını” dilə gətirirlər. Mən elələrinə Çörçillinin bir deyimini xatırlatmaq istərdim. O deyirdi: “Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır”. Hər kəs aydın dərk etməlidir ki, demokratiya qanunlara hörmət və onlara riayət deməkdir. Azərbaycan cəmiyyətinə qanundan kənar heç nəyi həzm etdirmək olmaz. Çünki qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları var. Azərbaycan DİN onlardan biridir.

Bayram ovqatlı bu yazıda olub-keçənləri təkrar yada salmaq istəmirəm.Mən bu barədə dəfələrlə yazmışam. Lakin Azərbaycan polisinin illərlə şər və böhtana, qarayaxmaya məruz qaldığı haqqında bir neçə cümlə yazmaq, məncə yerinə düşər.

Məgər söz və mətbuat azadlığı ancaq şər və böhtan atmaqla öz fəaliyyət çərçivələrini genişləndirmək deməkdir? Məgər söz və mətbuat azadlığı milli adət-ənənəni, mentaliteti, əsrlərin dərinliklərindən süzülüb gələn və bu mənada başqa xalqlara örnək olan böyüyə, ağsaqqala, dövlət və xalqa hörmət və sayğı göstərməyin vacibliyini inkar edir? Məgər söz və mətbuat azadlığı DİO-da bəzən rast gəlinən və pərdəsi yırtılan kimi layiqli cavabını, həm də cəzasını alan bir çaqqala, yaxud mənəviyyatsıza, lap elə olsun bir neçə cinayətkara görə sıralarından 1695 şəhid vermiş, 1710 əsəkdaşı və hərbi qulluqçusu yaralanmış, təkcə son illərdə vəzifə borcunu yerinə yetirərkən 71 nəfəri həlak olmuş, 1340 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti almış, göstərdikləri igidliyə görə 2208 əməkdaşı və hərbi qulluqçusu yüksək dövləti mükafata, 76 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüş bir strukturp bütövlükdə böhtan atmağa əsas verir. Məntiqlə yanaşsaq, hər hansı nazirlikdə, strukturda üç-beş nəfərin cinayət törətməsi həmin qurumun fəaliyyətinə kölgə salmamalıdır. Böyük bir güc strukturunu bir-iki cinayətkarla eyniləşdirərək qiymət vermək təkcə böyük qəbahət deyil. Bu məqsədyönlü təxribatdır. Zaman-zaman Azərbaycan polisi ətrafında yaradılan ajiotajın haradan və necə qaynaqlandığı barədə mən bir jurnalist olaraq münasibət bildirmişəm. Burada bir cümlə ilə kifayətlənim. Dövlət və dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi ilə həm bəzi xarici dairələrin, həm də daxildə sabitliyi pozmağa cəhd göstərən destruktiv qüvvələrin hesabı var. Ancaq bu hesab heç vaxt onların xeyrinə dəyişməyib. Çünki Azərbaycan polisi dövlətin və xalqın milli mənafelərinə xidmət edir. Həmişə ABŞ demokratiyasından, ABŞ-dakı hüquq və azadlıqlardan örnək götürməyin vacibliyini söyləyən bu insanlar nə əcəb fundamental bir məsələni gözardı edirlər? Az-çox siyasətdən, insanların hüquq və azadlıqlarından, müstəqil və azad mətbuatdan baş çıxaran hər kəs yaxşı bilir ki, demokratiyanın beşiyi sayılan ABŞ-da söz və mətbuat azadlığı da, insanların hüquq və azadlıqları prinsipləri də yalnız və yalnız Amerika dövlətinin və xalqının milli mənafelərindən keçir. Eyni zamanda, fakt odur ki, təkcə ötən 15 il ərzində xidmətdə qəbahətə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, cinayət törədən, vəzifə səlahiyyətlərini aşan 6000-dən çox əməkdaş DİO sıralarından xaric edilib. Vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə və digər hüquqpozmalara görə 614 əməkdaş cəzalandırılıb. Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilib, 85-i xidmətdən xaric edilib, 66-sı tutduğu vəzifədən azad olunub, 442 nəfər barədə digər intizam tədbirləri görülüb. Bu faktlar narahatlıq doğurur və tənqid olunmalıdır, özü də qədərincə.

Bir məsələ də mütləq qeyd olunmalıdır. Bəziləri tez-tez təkrarlayır ki, Azərbaycan polisi hakimiyyətin sifarişini yerinə yetirir. Söhbət nədən gedir? Söhbət ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, sabitliyin qorunmasından gedir. Polis Konstitusiya ilə üzərinə qoyulan vəzifələri yerinə yetirir. Azərbaycanın milli mənafelərinin, xalqının rəyinin əksinə gedənlərə, ona qarşı cinayət törədənlərə qarşı polis adekvat tədbirlər görüb, görür və görəcək.

Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Obrazlı dillə desək, həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən şərq-qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilir. Bu möhtəşəm “bina” müstəqil, hüquqi, demokratik dövlət quruculuğunun bütün tələblərinə cavab verəcək. Dünyanın istənilən yerindən bu “bina”ya baxan soydaşlarımız qürurla deyəcəklər: mən azərbaycanlıyam! İndi Azərbaycan qatarı parlaq gələcəyə doğru gedən yola çıxıb. Arzu edirəm ki, bu qatarın təhlükəsiz hərəkətinin təmin edilməsində təkcə Azərbaycan polisinə, müvafiq strukturlara yox, hər bir vətəndaşa pay düşsün.

Bayramın mübarək olsun, Azərbaycan polisi!

 





02.07.2013    çap et  çap et