525.Az

Xanəli Kərimlinin şeirləri


 

 Xanəli Kərimlinin <b style="color:red">şeirləri</b>

Sağlığına

 

Bu gün mənə bir tələbəm

sual verdi: şeirimizdə

Məmməd Araz uca yerdi,

ya Ulutürk Xəlil Rza ?..

Doğrusu, yazığım gəldi

həm özümə,

həm də sual verən qıza.

Çox düşündüm:

Axı niyə biz hər kəsi

öz yerində görənmirik?!

Axı niyə biz hər kəsə

düz qiymətin verənmirik?!

Bu suallar cavabını

öz vaxtında tapmadıq ki,

tarix boyu millətimin

qılınc çalan nərlərini,

şeir-sənət ərlərini

qarşı-qarşı qoya-qoya

məhv elədik !..

Handan-hana ayılanda

gördük yaman səhv elədik !..

– Şeirimizdə

Məmməd Araz-Xan Arazdı...

Hər misrası, hər sözüylə

bir ümmandı, bir Arazdı.

Xəlil Rza Ulutürküm –

məcrasına sığışmayan,

köləliyin zəncirinə yovuşmayan

Dəli Kürdü.

İçindəki,

şeirindəki

kürlüyüylə

İldırım tək haykıraraq

düşmənin tənəsinə

od tökürdü

Kür Araza,

Araz Kürə

qovuşduğu gündən bəri

daha sığmır yatağına

mavigözlü Xəzərimin

gur dalğası,sərt ləngəri.

Gəlin, birgə alqış deyək

Dəli Kürün sağlığına,

Xan Arazın sağlığına,

Bu torpağın üz ağlığı

Mavi Xəzər sağlığına !..

Azərbaycan sağlığına ! ...

 

İnsan var...

 

İnsan var –

sürtülmüş çay daşına bənzəyir.

Lap üzünə tüpürsən də,

qaşıyaraq boynunu

üzünə gülümsəyir.

 

İnsan var –   

susuz səhra daşı kimi

dəfn edibdi içində

sevincini, qəmini.

Yaşın çoxu keçsə də,

hələ tapa bilməyib

yaşamağın çəmini.

İnsan da var –

bir üzü səhra daşı,

bir üzü su daşıdı.

Bir tikə çörək üçün

bütün ömür boyu

üzdə boynun qaşıdı,

içində qəm daşıdı.

 

Beş əli alımlı.

bir əli verimli,

üzü bazar,

içi azar dünyada

bəs sən kimsən –

ay Xanəli Kərimli?!..

 

 

Niyə gedirsən?.

 

“Nə sənin mənimtək duyanın  olub,

Nə məni sənin tək duyan olacaq”*

Bəs niyə gedirsən,  gedirsən niyə?!

Gedirsən... özü də üzü saxtaya...

Barı, bir az ilıq günəş doğaydı.

Küskün ürəyini sevib oxşaya.

 

Daha bu taleyə  inanıram mən,

Dirənib yolumuz borana-qara.

Daha duman gəlib, yolu alıb çən,

Belə bir havada gedirsən hara ?!

 

Nə getdiyin  ünvan, nə yolun bəlli,

Səmtsiz külək kimi əsirsən elə.

Təkcə göz yaşındır sənə təsəlli,

Onunçün üstündə əsirsən elə...

 

Nəyi qazanmışdıq, nəyi itirdik,

İtirə-itirə çatdıq mənzilə.

Biz nəyi əkmişdik ... nəyi bitirdik,

İndi  göz dikmişik bir ovuc külə.

 

O da yel ağzında kül olub gedir,

Əlimiz boşdadı, gözümüz yaşda.

Sən niyə gedirsən, niyə gedirsən?!...

Axı, nə tapassan daha bu  yaşda?!...

 

Şirin xəyallardan, ümiddən özgə,

Dünyada nəyimiz nişan qalacaq.

“Nə sənin mənimtək duyanın  olub,

Nə məni sənin tək duyan olacaq”

Bəs niyə gedirsən...

Niyə gedirsən ?...

 

*Misralar M.Arazındır.

 

Sevgi duyğusu

 

Mənə yad olmusan, “sevgi duyğusu,

Mən də çox sevmişəm, əzizləmişəm.

Bir qönçə gözlünün, nərgiz üzlünün,

Eşqindən səhralar, çöllər gəzmişəm.

 

Əllərim əsirdi bircə kəlməlik,

Sevgi məktubunu yazanda bir vaxt.

Sanırdım yer-göy də od tutub yanır,

Onlar da qəlbimlə birgə yanacaq.

 

Elə bilirdim ki, mənim varlığım

Sevdiyim gözəlin varlığındadır.

Sanırdım bir udum nəfəsim belə

Onun ixtiyarı, yarlığındadır.

 

Çox erkən çulğadın mənim qəlbimi,

Ay sevgi duyğusu, sevgi ilhamı.

Hələ də yaşımın bu çağında da ,

Dadıram könlümdən ilk sevgi tamı.

 

Sən erkən gəlsən də, erkən getsən də

Bir ömürlük hicran bəxş etdin mənə.

İndi də yadlar tək gendə durmusan,

Bilmirəm, nə deyim, nə deyim sənə ?!

 

Hərdən ürəyimin qapısını döy,

Bir ümid, bir işıq gətir könlümə.

Mənim taleyimlə oynadın, yetər...

Qovuşdur sevdalı səadətimə.

 

Xeyirli günlərim, şərli günlərim

 

Hərdən öz-özümlə hesabım olur.

Ayıra bilmirəm xeyrimi şərdən.

Özüm öz içimdə divan qururam.

Şər xeyrimdən deyir,xeyrim də şərdən.

Yaşadım xeyirlə şər arasında,

Bir əlim xeyirdə,biri şərdədir.

Ümidim göylərdə, ruhum qəfəsdə.

Yaxşı ki, ayağım hələ yerdədir.

 

Günəşdən, ulduzdan, aydan... savayı

Nə gördük Göy adlı bir asimanda...

İnsanda bir inam, ümid göyərir

Qəlbinin günəşi doğduğu anda.

 

Qəlbimin günəşi ildə bir doğar.

Onda bu dünyanın xoşbəxtiyəm mən.

Onda bu kainat, bu yer kürrəsi

Mənə həm dost olur, həm də ki həmdəm.

 

Şər də uzaq düşür könül varımdan,

Çağlayır gürşad tək qəlbimin varı.

Ruhum ilk baharın qaranquşu tək

Müjdələrlə döyür dost qapıları.

 

Xeyirli günlərim, şərli günlərim

Ömür ağacımın bəhər-barıdır.

Əməlim  yazılan, imzam atılan

Mənim kimliyimin varaqlarıdır.

 

Ağrıdan doğulub...

 

Tikan üstə oturmuşam elə bil,

Bu dünyaya gələn andan, saatdan.

Rahatlığım ərşə çıxıb, yox olub,

İçim SÖZƏ təslim olduğu vaxtdan.

 

SÖZ ağrısı ağrıların ağrısı,

Nə ölçüsü, nə mizanı bəllidir.

Bir taleyin əbədilik qayğısı,

Min şaxəli, min haçalı dillidir.

 

Bu ağrının ünvanı yox, adı yox,

Loğman da baş açanmadı bu sirdən.

Dümsələdim bir qolayca bir gözün,

Oyalandı, pardaqlandı min yerdən.

 

Ha özümü tuş elədim sevgiyə,

Yer yerindən sıxdı, Göy də göyündən.

Haqqa uzanmaqdan kösövdür əlim...

Nə toydan yarıdım, nə də düyündən.

 

Yerdə yerlik yoxdur, Göydə də göylük

Ağrıdan ləms olub sozalır həyat,

Hər şeyin əvvəli, sonu ağrıdır.

Ağrıdan doğulub bütün Kainat.

 

 





02.07.2013    çap et  çap et