525.Az

Türkiyədə Uluslararası “İpək Yolu Şairlər Buluşması” keçirilib- Foto


 

Türkiyədə  Uluslararası “İpək Yolu Şairlər Buluşması” keçirilib- <b style="color:red">Foto</b>

20-30 iyun 2013-cü il tarixində TÜRKSOYun təşkilatçılığı  ilə Türkiyənin Ankara və İstanbul şəhərləri də  daxil olmaqla bir neçə şəhərində Türkdilli ölkələrin şairlərinin iştirakı ilə uluslararası “İpək Yolu Şairlər Buluşması” adlı tədbir keçirilib. Tədbirdə  Azərbaycan Respublikasını filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı təmsil edib.

Bu barədə “525.az”-a məlumat verən Ələmdar Cabbarlı bildirib ki, şairlər görüşməsi Türk dünyasının YUNESKO-su hesab edilən TÜRKSOY-un 20-ci ildönümü münasibətilə təşkil edilib: “Tədbirin açılışı Sapanca gölünün kənarında oldu. Öncə Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxundu. Daha sonra TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov çıxış edərək tədbir iştirakçılarını salamladı və tədbirin işinə uğurlar arzuladı. Düsen Kaseinovdan sonra Sakarya Valisi Mustafa Büyük, Sapanca Bələdiyyə Başqanı İbrahim Uslu və digərləri çıxış etdi. Bunun ardınca şeir oxumaları başandı. Türkdilli ölkələrdən və türk topluluqlarından mərasimə qatılan şairlərin şeirləri tədbir iştirakçıları tərəfindən böyük sevgi və coşqu ilə qarşılandı”. Şairlər görüşməsinin 10 gün boyunca Bolu, Karaman, Ankara, Eskişehir, İstanbul və digər şəhərlərdə davam etdiyini bildirən Ə.Cabbarlı hər bir şəhərdə, qəsəbədə insanlar tərəfindən şeirə, sənətə böyük hörmət və izzət göstərildiyini bildirib:
 
“Getdiyimiz bütün şəhər və qəsəbələrin vali və bələdiyyə başqanları tərəfindən hörmətlə qarşılandıq, mədəniyyət salonlarında, eyni zamanda bir sıra parklarda – açıq havada şeirlərimizi oxuduq. Mövlanənin vətəni, türk dilinin ilk dəfə rəsmi dil elan edildiyi Karaman şəhərində “Türkcə” adlanan parkda şeir oxunmasının isə ayrıca bir özəlliyi oldu. Türkiyə mediası da tədbirə olduqca böyük önəm verdi. Bir sıra görüşlər şəhər və qəsəbələrin yerli televiziya kanalları vasitəsilə canlı yayınlandı, yerli və mərkəzi qəzetlərdə bu barədə xeyli sayda reportaj və məqalə dərc edildi. Eyni zamanda şairlər görüşməsində iştirak edən şairlərin şeirlərindən ibarət kitabça da yüksək tirajla çap edilmişdi və insanlara paylandı”. Ə.Cabbarlı sözlərinin sonunda Azərbaycanı bu tədbirdə onun təmsil etməsini məsləhət bilən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara, Birliyin Gənclər üzrə katibi Rəşad Məcidə, təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə minnətdarlığını bildirib.




 





02.07.2013    çap et  çap et