525.Az

Keçmiş olsun, əziz Əsəd Kabaklı! - Fotolar


 

BUGÜNLƏRDƏ AĞIR QƏZA KEÇİRƏN DƏYƏRLİ TÜRK SƏNƏTÇİSİNƏ AZƏRBAYCAN İCTİMAİYYƏTİNDƏN MƏNƏVİ DƏSTƏK

Keçmiş olsun, əziz Əsəd Kabaklı! - <b style="color:red">Fotolar </b>

Son zamanlar Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə önəmli töhfələr verən türk xalq musiqisi sənətçisi Əsəd Kabaklı aprelin 10-da Burdurun Qaramanlı ilçəsində keçirdiyi avtomobil qəzasında yaralanıb.

Qəzada ciddi xəsarət alan, sol qolu qırılan sənətçinin müalicəsi davam edir. Türkiyə ilə birgə Azərbaycan ictimaiyyətini də təlaşlandıran bu xəbərə Əsəd Kabaklının dostları, azərbaycanlı ziyalılar da qəzetimiz vasitəsilə öz münasibətlərini bildirdilər, dəyərli sənətçiyə Allahdan şəfa diləyib, “keçmiş olsun” diləklərini çatdırdılar.

Xalq şairi Sabir Rüstəmxanlı onunla uzun illər dost olduğunu və bu xəbərdən narahatlığını belə ifadə etdi: “Əsəd Kabaklı mənim yaxın dostumdur. Onun əmisi Əhməd Kabaklı Türk ədəbiyyat tarixinin ən gözəl araşdırıcılarından biridir. Mən Kabaklı ailəsini çox yaxından tanıyıram. Vaxtilə Elazığ Poeziya günlərində iştirak edərkən onların qonağı olmuşam. Əsəd Kabaklının sənətkar əlləri, nəfəsi, səsi qızıldır. O, həmçinin, bizim ən böyük dərdimiz Qarabağla bağlı da hər zaman yanımızdadır. İstər Avropada, istərsə də olduğu bütün ölkələrdə bizim haqq səsimizi ucaldır. Allah ona şəfa versin! Tez bir zamanda səhnəyə, sevdiyi və layiqincə icra etdiyi işinin başına qayıtsın! Onu sevənlərin gözünü yolda qoymasın!”

Bu yaxınlarda Bakıda keçirilən konsertdə Əsəd Kabaklıyla tərəf-müqabili olmuş Əməkdar artist Mehriban Zəki də xəbərdən məyus olanlardandır: “Mən bu hadisədən çox narahat oldum. Təcili Əsəd bəyin həyat yoldaşı Nejla xanımla əlaqə saxladım. Çox şükür ki, həyatıyla bağlı təhlükə yoxdur. Əsəd Kabaklı yalnız Türkiyənin deyil, eləcə də Azərbaycanın və bütün Türk dünyasının sevilən sənətçisidir. Onun tezliklə sağlamlığına qovuşmağını və sənətinə, yaradıcılığına qaldığı yerdən davam etməsini diləyirəm!”

Əsəd Kabaklının sənətinə olan hörmət və sevgisini bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qəza xəbərindən çox narahat olduğunu vurğuladı: “Əsəd Kabaklını uzun illərdir tanıyıram. 2012-ci ildə İstanbula səfərim zamanı tanış olmuşdum. Onun türk xalq musiqisinin inciləri olan, insan hisslərini ən gözəl şəkildə ifadə edən nəğmələrini dinləyib sevmişəm. Yaxından tanışlığımız isə bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin dəvətilə böyük ədəbiyyatşünas alim Əhməd Kabaklını anma tədbirlərinə qatılması ilə oldu. Son günlərdə isə Xalq yazıçısı Anarın 80 illik yubileyilə bağlı İstanbulda keçirilən silsilə tədbirlər çərçivəsində Yeni Yüz il Universitetində bir daha onun məlahətli səsini dinlədik. Əsəd Kabaklı son dərəcə istedadlı müğənnidir. Türk xalq sənətini dərindən bilir, Azərbaycan xalq mahnılarını çox gözəl ifa edir. Mən inanıram ki, o, bu qəzanın sarsıntısını tezliklə üzərindən atacaq və bu qəza onda həm fiziki, həm də mənəvi iz buraxmayacaq. Əsəd Kabaklıya, ailəsinə, doğmalarına, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklıya, dostlarım Özcan Ünlüyə, Bəxtiyar Aslana və sənətçinin heyranlarına keçmiş olsun diləklərimi çatdırıram. Biz hər zaman onlarla birlikdəyik”.

Ə.Kabaklının əmisi, mərhum alim Əhməd Kabaklının yaratdığı və hazırda hörmətli Sərhat Kabaklının rəhbərlik etdiyi Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan təmsilçisi, şair Səlim Babullaoğlu da bu qəza xəbərilə bağlı hisslərini bölüşdü: “Türk xalq musiqisinin görkəmli təmsilçisi, ifaçı, Azərbaycanın da dostu olan Əsəd Kabaklının avtomobil qəzası keçirməsi xəbərini üzüntüylə aldıq. Dəyərli Əsəd bəyin tezliklə sağalmasını arzulayır, Allahdan ona şəfa diləyir, bütün Kabaklılar ailəsinə “keçmiş olsun” deyirik. İnanırıq ki, Əsəd bəy yaxın zamanlarda ayaq üstə olacaq, ilk növbədə ailə üzvlərini, sonra isə həm Türkiyədəki, həm də Azərbaycandakı dostlarını, sənətinin vurğunlarını öz ecazkar səsi və sənəti ilə yenidən sevindirəcək”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli dedi ki, Ə.Kabaklı Türk dünyasının məşhur vətənpərvər ozanıdır: “Biz bu yaxınlarda Bakıda onun “Qardaşlığımız əbədidir” adlı konsertini təşkil etdik. “Savalan” qrupu ilə birgə öz gözəl musiqilərini səsləndirdi. Onun bayrağa, vətənə, türkçülüyə aid gözəl mahnıları var. Bakıda konsert verərkən məhz bu üstün cəhətlərinə görə onu ölkəmizin veteran təşkilatları adından xüsusi medalla təltif etdik. Bu qəza xəbəri bizi çox təşvişə saldı. Amma şükürlər olsun ki, həyati təhlükə arxada qalıb. Ona tez bir zamanda sağlamlığına qovuşmağı arzu edirik və inanırıq ki, çox keçmədən öz dəyərli fəaliyyətini ən yüksək şəkildə bərpa edəcək”.

Xatırladaq ki, Əsəd Kabaklı 1954-cü ildə Elazığda doğulub. Elazığ Dövlət Mühəndislik və Memarlıq Akademiyasını və İTÜ Türk Musiqisi Dövlət Konservatoriyasını bitirib. Uzun illər Elazığ Musiqi Cəmiyyətində qurduğu Xalq Musiqi Topluluğunu idarə edib.

1982-ci ildə TRT Ərzurum Radiosu T.H.M. Səs Sənətçiliyi İmtahanını birinciliklə qazanan və Ərzurum Radiosunda bir il çalışan Əsəd Kabaklı 1983-cü ildə İstanbul Bələdiyyə Konservatoriya Türk Xalq Musiqi İdarə Heyətində səs sənətçisi olaraq işləyib. 1998-ci ildən İ.Ü.Dövlət Konservatoriyasında işləyir, Türk Xalq Musiqi Topluluğunun Şefliyini icra edir.

Əsəd Kabaklı Türk xalq musiqisini, mədəniyyətini həm doğma yurdunda və qardaş Azərbaycanda, həm də digər ölkələrdə layiqincə təmsil edib.

Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Suriya sərhəddindəki hərbçilərə mənəvi dəstək olmaq üçün gedən sənətçilərin ön sırasında məhz Əsəd Kabaklı vardı...

Qəzetimizin kollektivi adından dəyərli sənətçi, gözəl insan Əsəd Kabaklıya şəfa diləyir, onu tezliklə yenidən səhnələrdə görməyi arzulayırıq!

Şahanə MÜŞFİQ

 





11.04.2018    çap et  çap et