525.Az

Azərbaycanın güclənən hərbi arsenalı Ermənistanın təşvişini artırır


 

Azərbaycanın güclənən hərbi arsenalı Ermənistanın təşvişini artırır<b style="color:red"></b>

Erməni siyasi dairələrində Azərbaycanın hərbi arsenalı ilə bağlı narahatlıqları geniş müzakirə mövzusuna çevrilib.

Azərbaycanın yeni silahlar alması barədə xəbərlər erməni tərəfinin təşvişə salıb. Bakının Rusiya istehsalı olan döyüş sursatlarını almasını eşidən kimi, Ermənistan təlaş içində hətta köhnə, paslanmış da olsa silah alır.

Bu qorxu hətta erməni mətbuatında da nəzərə çarpır.  Erməni mətbuatında Azərbaycanın Rusiyadan silah alışı ilə bağlı etiraz dolu yazılar dərc olunmaqdadır. Bu günlərdə "Jamanak" qəzeti Moskvanın Ermənistana üçüncü müdafiə kreditinin ayrılması planlarından yazıb: "Yeni kredit son zamanlar Rusiya, Türkiyə, İsrail və hətta Pakistan istehsalı hərbi məhsullarına üstünlük verən Azərbaycana cavab olacaq. Azərbaycan KİV səviyyəsində Rusiya silahlarının keyfiyyətindən narazılığını da bildirir".

Əslində, bu cür yazılarla Ermənistan tərəfi özünə təsəlli verir. Azərbaycanın silahalma coğrafiyası olduqca genişdir. Ölkənin hansı hərbi arsenal ilə - Türkiyə, Rusiya, İsrail, Pakistan, CAR və ya digər ölkələrdən alınan silahlarla müdafiə sistemini gücləndirməsinin heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, Azərbaycan seçir və alır. Yəni əldə etdiyi silahları öz vəsaiti hesabına alır. Ermənistanın isə bu cür seçimi yoxdur. Prinsipial fərq də bundan ibarətdir.

Azərbaycanın guya Rusiya silahlarından imtina etməsi xəbərinə gəlincə, yayılan şayiələrə ölkənin Müdafiə Nazirliyi bunun təxribat xarakter daşıdığını və həqiqətə uyğun olmadığını bildirib: "Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də, qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır".

Bundan əlavə, Azərbaycanın özünün hərbi-sənaye kompleksi də mövcuddur. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa zamanda müasir hərbi texnika, silah və döyüş sursatları istehsal etməklə yanaşı, silah idxalı asılılığını da azaldıb. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir ki, burada 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu da ölkəmizin hərbi istiqamətdə dünya miqyasında layiqli yer tutmasına imkan verir.

Bütün bunlar Azərbaycan Ordusunun gücünü artıraraq, onu regionda ən güclülərdən biri etdi.  Eləcə də, döyüş qabiliyyətli və texniki təchizat baxımından dünyanın ən güclü orduları arasında 50-ci yerdə qərarlaşmağa imkan verdi.

Ermənistana gəlincə, müxalifətçilərin dilindən Rusiyanın ünvanına Azərbaycanın silahlaması ilə bağlı ittihamlara baxmayaraq, erməni rəhbərliyi Rusiyanın silah əldə etmək baxımından Ermənistanın əsas müttəfiqi və tərəfdaşı olduğunu bəyan edir. Erməni hərbi ekspert David Arutunyan bu yaxınlarda bildirib ki, Ermənistan daha əvvəl Rusiyadan aldığı 200 milyon dollar krediti silah və hərbi texnikalara sərf edib. Yeni kredit artıq mövcud olan silah və hərbi texnikaların müasirləşdirilməsinə sərf edilməlidir. Bu isə o deməkdir ki, Ermənistanın malik olduğu silah-sursat aşağı keyfiyyətli və köhnədir. Yəni bunu onların özləri etiraf edirlər.

Ermənistanın ekspert dairələrindən tez-tez erməni hərbi arsenalının köhnəliyindən, Rusiyadan əldə etdiyi silahların istifadə müddətinin bitməsi barədə fikirlər səsləndirilir. Həmçinin, bunu Azərbaycanın Müdafiə Naziriliyi daha əvvəl yaydığı məlumatda təsdiqləyib ki, aprel döyüşləri zamanı erməni tərəfinin atdığı mərmilər partlamayıb və daha sonra azərbaycanlı mütəxxəsislər tərəfindən zərərsizləşdirilib.

Hələ ötən il erməni mətbuatı Rusiyanın ayırdığı kredit müqaviləsinə əsaslanaraq yazmışdı ki, Ermənistana satılmış silahların bir çoxu köhnədir. Nümunə üçün, "Lragir.am" nəşri aydınlaşdırıb ki, ən yeni alınmış silah növü "Solntsepyok" və "Smerc" yayılım atəşli raket sistemləridir.

Bununla yanaşı, Azərbaycana satılan "Solntsepyok"lar isə tamamilə yenidir, dağ ərazilərində keçmək imkanına sahibdir. Həmçinin, erməni tərəfinə satılmış hava müdafiə sistemi "İqla-S" və passiv radar sistemi "Avtobaza-M" həmin illərin istehsalıdır.

Qalan silahlar isə daha köhnədir. Misal üçün, tankəleyhinə vasitə "Konkurs" 1974-cü ilin istehsalıdır və sonuncu dəfə 1991-ci ildə yenilənib. RMQ-26 əl qumbaraları 1985-ci ildə modofikasiya edilib. Kredit müqaviləsinə əsasən, Ermənistana heç bir uçan aparat - nə təyyarə, nə də vertolyot satılacaq. Məsələ burasındadır ki, 5 il öncə Rusiya Azərbaycana 1000-dən çox "İqla-S" hava hücumu əleyhinə raketlərlə təchiz edib.

Eləcə də, Azərbaycana 2009-cu il istehsalı olan S-300PMU2 "Favorit" zenit-raket kompleksinin 2 divizionu satılıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiə sistemi o qədər gücləndirilib ki, müharibə zamanı Ermənistan HHQ-nin tətbiqi mümkünsüz oldu.  Bundan başqa, nəinki ön cəbhə, hətta Ermənistanın hava məkanının böyük hissəsi daha çox təhlükə altında qala bilər.

Erməni mətbuatı onu da yazıb ki, təəssüflər olsun, bizə satılan "İqla-S" və ya "Avtobaza-M" hava məkanında disbalansı qoruya bilməyəcək. Belə ki, hər ikisi də güclərdə fərqi bir qədər azaldır.

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ilə imzalanmış razılaşmaya əsasən, ölkə təşkilatın icazəsi olmadan üçüncü dövlətdən hərbi infrastruktur əldə edə bilməz. Həmçinin, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmaqla üçüncü ölkələrdən almaq istədiyi silahla bağlı gömrük rüsumlarını artırdı. AİB ilə imzalanan razılaşmaya əsasən, üçüncü dövlətlərdən alınan silah və döyüş sursatları zamanı təşkilatın büdcəsinə bütün gömrük rüsumları ödənilməlidir. Ödənişlərdən yalnız 1%-i Ermənistanın büdcəsinə, 99%-i isə AİB-nin digər ölkələrinə qalır.

Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı məsələyə gəlincə, Rusiya müdafiəyə sərf etdiyi xərcləri azaldıb. Belə olan halda Moskva çətin ki, erməni dostlarını yeni silahlarla "sevindirsin". Və bütün bunlardan sonra Ermənistan silah və hərbi texnikasının çoxunun NATO standartlarına uyğun Azərbaycanla yarışmaq istəyir? Ekspert qiymətlndirmələrinə əsasən, bu sistemlər erməni tərəfinin arsenalında olan analoji sursatları məhv etmək gücünü üstələyir.

Məlum olan budur ki, Ermənistan regionda güc balansını dəyişdirmək üçün kəmiyyət və keyfiyyət baxımından Rusiyadan silah əldə edə bilməz. Belə ki, müasir silahlar üçün İrəvanın pulu yoxdur. Ermənistan yalnız köhnəlmiş texnikanı ənənəvi hədiyyə kimi qəbul etmək imkanına sahibdir. Burada iki il əvvəl aprel döyüşlərindən sonra Almaniyada olan Sarkisyanın mətbuat konfransında Ermənistanın sovet istehsalı olan, ötən əsrin 80-ci illərinə aid silahları ilə döyüşdüyünü bəyan etməsini xatırlatmaq yerinə düşər. Həmçinin, İrəvana SSRİ-nin gücü çatmadığı yükü - ABŞ-a "çatmaq və ötmək" nə ilə nəticələndiyini də xatırlatmaq yerinə düşər. O zamanlar SSRİ-i öz ehtiyatlarını hesablamayaraq silahlanma yarışına qoşuldu. Həmin dövrdə isə ölkədə çatışmazlıqlar hökm sürürdü.

Ermənistanın qarşısında hər zaman iki yol olub: ya işğaldan, aqressiv siyasətdən əl çəkib regional layihələrə qoşulub, erməni xalqının dirçəlməsinə imkan yaratmaq, ya da işğalı, aqressiyanı davam etdirib iqtisadi blokada da, regionda təcrid vəziyyətdə qalmaq. Görünən budur ki, hələ ki, Ermənistan ikinci yolla gedir. Amma bu yolda nə qədər davam edəcəyi, erməni xalqının bu siyasətə nə qədər tab gətirəcəyi sual yaradır. Yəqin ki, Ermənistan rəhbərliyi çox davam edə bilməyəcək.

PƏRVANƏ

 





11.04.2018    çap et  çap et