525.Az

Qoşulmama Hərəkatı Azərbaycanı dəstəkləyir


 

RƏSMİ BAKI 2019-2022-ci İLLƏRDƏ TƏŞKİLATA SƏDRLİK ETMƏKLƏ ONUN MƏQSƏD VƏ MƏRAMLARININ TƏŞVİQ OLUNMASINA, BEYNƏLXALQ SÜLH, TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNMƏSİNƏ ƏSASLI TÖHFƏLƏRİNİ VERƏCƏK

<b style="color:red">Qoşulmama Hərəkatı Azərbaycanı dəstəkləyir</b>

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işləri nazirlərinin Bakıda keçirilən 18-ci konfransı Azərbaycanın haqq mübarizəsinə növbəti dəfə siyasi dəstəyin nümayiş etdirilməsiylə yadda qalıb.

Təşkilata üzv olan 120 dövlətin imzaladığı  Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı məsələ öz əksini tapıb. Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiqləyib və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.

Ümumilikdə hərəkatda iştirak edən, həmçinin, müşahidəçi statuslu dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvətli ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə 800-dən artıq şəxsin təmsil olunduğu konfrans bütün dünyanın diqqət mərkəzində idi.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusuna həsr olunmuş budəfəki toplantısını daha da önəmli edən amillərdən biri konfransa ev sahibi qismində müharibə şəraitində olmasına baxmayaraq, dünyada və regionda sülh və təhlükəsizliyə verdiyi böyük töhfələrlə daim diqqətləri özünə cəlb edən, Ermənistandan başqa bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, irimiqyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilən Azərbaycanın çıxış etməsi idi. Həm də bu mötəbər qurumun növbəti sədri (2019-2022-cu illər) kimi gələn il təşkilatın zirvə görüşünü təşkil edəcək dövlətimizin bu ali tribunadan dünyaya verdiyi mesajlar ikiqat önəm, məna və məsuliyyət daşıyır. Çünki münaqişə ocaqlarının, dövlətlərarası qarşıdurmaların, humanitar böhrən və fəlakətlərin yeni qlobal çağırışlara ehtiyac yaratdığı müasir dövrdə Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırıb.

Bəşəri sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının daxilində razılaşdırılan mövqe, qəbul olunan qərarlar BMT müstəvisində heç də az əhəmiyyət daşımır. Dünyanın ikinci böyük təşkilatı kimi, Qoşulmama Hərəkatının ayrı-ayrı region və ölkələr üçün qəbul olunan qərarların qəbuluna ciddi təsirləri var. Bu mənada, heç şübhəsiz ki, vaxtilə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunmuş, ona müvəqqəti sədrlik etmiş Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın güclənməsinə əsaslı töhfələrini verəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə keçirilmiş 18-ci nazirlər konfransı artıq Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir. O, "Trend"ə bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına az bir vaxtda üzv olmasına baxmayaraq, qurumda özünü aktiv təqdim edib və hərəkata üzv ölkələrin ümumi maraqlarına uyğun yaradıcı addımları ilə tanınıb.

A.Mirzəzadə deyib ki, bu konfransın Azərbaycanda keçirilməsi hərəkata üzv dövlətlərin rəsmi Bakıya göstərdiyi böyük etimaddan xəbər verir.

Deputat vurğulayıb ki, konfransın yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirilməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin yerinə yetirilməsinin vacibliyi bir daha Azərbaycanın haqq işinin dünya tərəfindən qəbul edildiyini göstərir: "Həmçinin, Qoşulmama Hərəkatının bir neçə vacib tədbirinin Azərbaycanda keçirilməsinin qərara alınması Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycan növbəti dəfə sivil, demokratik, beynəlxalq hüquq normalarına uyğun hərəkət edən ölkə olduğunu bir daha sübut edib".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasiminin keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir. O, SİA-ya bildirib ki, yüzlərlə ölkənin xarici işlər naziri Bakıda olub, ayrıca xeyli ikitərəfli görüşlər keçirilib ki, bu da ölkəmiz üçün önəmlidir: "Misal üçün götürək Hindistanı. Qoşulmama Hərəkatının Bakı toplantısında Hindistanın xarici işlər naziri xanım Suşma Svarac da iştirak edib. O, tədbirdən əvvəl həm prezident İlham Əliyevlə, həm də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb".

Azərbaycanla Hindistan arasında münasibətlərin inkişaf etdiyini deyən politoloqun sözlərinə görə, Hindistan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir: "Buna görə də Azərbaycan üçün bu ölkə ilə iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək vacibdir".

"Hindistan Azərbaycanla birgə müəssisələr yaratmağa maraq göstərir. Rəsmi Dehli Azərbaycandan keçən Şimal-Cənub dəmir yolunun tikintisində olduqca maraqlıdır. Hindistan bu nəqliyyat dəhlizindən istifadə etməyi planlaşdırır. Başqa sözlə, Qoşulmama Hərəkatının Bakıda toplantısı olmasaydı, bəlkə də Hindistanın xarici işlər nazirinin Azərbaycana səfəri reallaşmazdı və ya başqa tarixdə gerçəkləşərdi. Ancaq o, həm hərəkatın toplantısında iştirak edib, həm də Azərbaycanla əlaqələrin hansı müstəvidə inkişafı yollarını müzakirə edib. Bu səfər Azərbaycan üçün də vacib idi", - deyə E.Şahinoğlu əlavə edib.

Mərkəz sədri xatırladıb ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür: "2019-cu ildə Bakı təşkilatın 18-ci zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində hərəkatın sədrı olacaq. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv olub ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır. Azərbaycan nə Qərbə qarşı Rusiyanın, nə də Rusiyaya qarşı Qərbin yanında dayanmaq istəyir".

Politoloq vurğulayıb ki, Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir: "Bu da rəsmi Bakı üçün vacibdir".

Qeyd edək ki, Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılıb. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Təşkilatda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə hərəkat yanında müşahidəçi statusuna malikdir.

Ceyhun ABASOV

 





11.04.2018    çap et  çap et