525.Az

Erməni xalqı Sarkisyan erasının davam etməsini istəmir


 

Erməni xalqı Sarkisyan erasının davam etməsini istəmir<b style="color:red"></b>

Ermənistanın yeni seçilmiş prezidenti Aram Sarkisyan artıq vəzifəsinin icrasına başlayıb. O, aprelin 9-da prezident kimi and içib.

A.Sarkisyan martın 2-də Ermənistan parlamenti tərəfindən  prezident vəzifəsinə seçilib. Daha əvvəl isə baş nazir postunda, bir sıra ölkələrdə diplomat kimi çalışıb. Sonuncu iş yeri Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsi olub.  Serj Sarkisyanın prezidentlik müddəti isə aprelin 9-da başa çatıb. Ekspertlərin gəldiyi qənaət budur ki, A.Sarkisyanın prezidentliyi dövründə ölkənin siyasətində heç nə dəyişməyəcək. Ermənistanın həm daxili, həm xarici siyasəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair tutduğu qeyri-konstruktiv siyasəti davam etdiriləcək. A.Sarkisyanın Avropa düşüncəli şəxs kimi təqdim edilməsinə baxmayaraq, onun hələ namizəd olarkən verdiyi müsahibələr əslində, sələfi Serj Sarkisyandan fərqlənməyəcəyini göstərdi. Digər tərəfdən, Armen Sarkisyan prezident postunda səlahiyyətsiz və  bütün əsas məsələlərdən kənarda qalacaq. Amma indi daha çox müzakirə edilən məsələ baş nazir postunu kimin tutmasıdır. Əlbəttə ki, hakim Respublika partiyası konstitusiya islahatlarını, ölkənin idarəçiliyində dəyişiklik təklif edəndə məqsədin S.Sarkisyanı baş nazir postuna gətirmək olduğu bəlli idi.  Daha sonra bu dəyişikliklər referendum yolu ilə qəbul edildi. Sarkisyanın hədəfi baş nazir postunu tutmaq idi ki, buna görə də yeni idarəçilik sisteminin yaradılmasına getdi. Yəni ölkə parlament idarəçiliyinə keçir, əsas söz sahibi isə baş nazir olur. Başqa sözlə, Serj Sarkisyan yenə də ölkə idarəçiliyini ələ keçirir.

Ermənistan müxalifəti bu dəyişiklikdən, Sarkisyanın baş nazir postuna gətirilməsi planından narazıdır. İrəvan parlamentindəki "Elk" fraksiyasının rəhbəri  Nikol Paşinyan hələ bir müddət əvvəl  bildirmişdir ki, Sarkisyanın Ermənistanı bütün sahələrdə, o cümlədən, ordu quruculuğunda zəif duruma salıb.  Onun sözlərinə görə, 2016-cı ilin aprel gərginləşməsi zamanı məlum oldu ki, Ermənistan ordusu keçən əsrin 80-ci illərin silahlarından  istifadə edərək mübarizə aparır, bununla yanaşı, silahlı qüvvələrin gücləndirilməsi və möhkəmləndirilməsi əvəzinə Serj Sarkisyan Ermənistanın təhlükəsizliyini mənasız müqavilələrə və razılaşmalara  imza ataraq təmin etmək qərarına gəlib: "Amma bütün bunların praktikada necə işlədiyini biz hamımız öz gözlərimizlə görəcəyik. 27 oktyabr faciəsi Serj Sarkisyanın milli təhlükəsizlik naziri vəzifəsini lazımınca yerinə yetirməməsinin nəticəsidir".

Xatırladaq ki, burda söhbət  27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə silahlı basqından və parlamentin spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, bir sıra millət vəkilləri və hökumət üzvlərinin güllələnməsindən gedir.

Müxalifətin etirazına baxmayaraq, Serj Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün artıq işlərə başlanılıb. Belə ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan müsahibəsində bildirib ki, onların əsas məqsədlərindən biri Serj Sarkisyanı ölkənin birinci şəxsi kimi təqdim etməkdir. Amma Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsinə etiraz edənlər də çoxdur. Çünki Sarkisyan prezidentliyi dövründə Ermənistanı uçuruma aparıb, ölkə demək olar ki, məhvin bir addımlığındadır. İşğalçı siyasətin davam etməsi ölkənin iqtisadi blokadasını gücləndirib, Ermənistan xalqı dilənçi vəziyyətində yaşamağda davam edir. Heç bir resursu, iqtisadi gücü, investisiya potensialı olmayan Ermənistan aqressiv siyasəti nəticəsində ağır duruma düşüb, aclıq, səfalət, bahalaşma, güclü korrupsiya  səbəbindən əhalinin böyük əksəriyyəti ölkəni tərk edib. İndi Sarkisyanın hansı üzlə yenidən ölkə rəhbərliyinə gələcəyi sual doğurur. Yaxud, Sarkisyanla Ermənistanı indikindən daha ağır günlərin gözlədiyi şübhəsizdir. Hakimiyyət qalmaq üçün Qarabağ kartından istifadə edən Sarkisyan bununla da daha xalqı aldada bilməyəcəyinin fərqindədir. Çünki erməni xalqı Sarkisyanın işğal siyasətindən artıq yorulub. Dəfələrlə Ermənistanda əsgər anaları övladlarını Dağlıq Qarabağda itirmək istəmədiklərini, müharibədən yorulduqlarını deyib, etiraz aksiyaları keçiriblər. Amma Sarkisyan hələ ki, bu məsələdə dirəniş göstərməyi bacarır.

Hazırda erməni ekspertlər, sabiq rəsmiləri parlament idarəçiliyi sisteminə etiraz edir, bunun Ermənistan üçün optimal olmadığını deyirlər. Ermənistanın sabiq baş naziri Armen Darbinyan hesab edir ki, əgər Serj Sarkisyan baş nazir olarsa, cəmiyyət ona öz tələblərini bildirməlidir. Darbinyan eyni zamanda prezident idarəçiliyinin tərəfdarı olduğunu deyərək, parlament sisteminin Ermənistan üçün optimal olmadığını bildirib.

Ermənistan parlamentinin "Yelk" fraksiyasının deputatı Lena Nazaryan isə artıq inqilabın yetişməsi  qənaətindədir. O, erməni mətbuatına açıqlamasında vurğulayıb ki, ölkə ictimaiyyəti tərəfindən etirazçı kütlənin səsinin eşidiləcəyinə qədər mübarizə aparacaqlar: "Biz, öz siyasi ideyalarımızın reallaşmasına qədər apatiya ilə mübarizəmizi aparmaqda israrlıyıq". Erməni deputatı etiraz yürüşünə hazırlaşdıqlarını və "Merjir Serjun" ("Serji devir") vətəndaş təşəbbüsü ilə razılığa gəldiklərini də bildirib və geriyə çəkilməyəcəklərini vurğulayıb. Nazaryan Serj Sarkisyanın baş nazir postuna sahib olacağına şübhə etmədiyini, ancaq bu siyasətə qarşı barışmaz mövqedə dayanacaqlarını, mövcud idarəçiliklə daha sərt mübarizə aparacaqlarını deyib.

Ekspert Artak Markosyan isə Serj Sarkisyanın Ermənistan əhalisinin sayının 4 milyona  çatdırılacağını, ümumiyyətlə, "Ermənistanın inkişafı strategiyası 2030" pafoslu proqramı ətrafında verdiyi vədlərinin real olmadığını bildirib.

Qeyd edək ki, sözügedən proqramda bir neçə yüz minlik iş yerlərinin açılması, yüksək maaşlar, yoxsulluğun və gənclər arasında işsizliyin aradan qaldırılması kimi utopiyalı fikirlər yer alıb. Erməni ekspertə görə, Serj Sarkisyan bugünə qədər bir dəfə də olsa, demoqrafik vəziyyət barədə maraqlanmayıb, onun yaxşılaşdırılması istiqamətində iş aparmayıb. Artak Markosyan həmçinin bildirib ki, ölkədə doğum sayı çox azdır və hakimiyyət bu sayı mexaniki olaraq, artıra bilməz: "Hazırda nikahda 90-cı illərin nəslidir, əgər biz 2030-2040-cı illərdən danışarsaq, həmin vaxt 2000-2010-cu illərdə doğlumuşlar nikah həyatı yaşayacaqlar. Fakt isə budur ki, biz, 2016-cı illə müqayisədə 2017-ci ildəki doğum sayının 7% endiyini görürük. Bir nömrəli faktor isə gənclərin get-gedə nikaha girməkdən yayınmasıdır"

Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyət yaxşı deyil, gənc insanlar çox azdır, məhz doğum sayının 7%  azalması da ciddi siqnaldır: "Əgər belə davam edərsə, 2025-ci ildə doğum sayı daha da azalacaq, 50-60-cı illərdə anadan olmuş insanlar pensiya yaşına çatacaqlar, bu isə yaşlı insanların sayının artması ilə nəticəsini tapacaq və bu hal doğum sayının azalması ilə yanaşı davam edərsə, dörd milyonluq əhali barədə danışmaq real təsir bağışlamaz. 2025-ci ildə də həmin vəziyyət davam edəcəksə, əlbəttə ki, hər şey mənfiyə doğru istiqamət alacaq. Əgər mühacirətlərin arası kəsilməzsə, bu da əhalinin sayının azalması ilə nəticələnəcək. Beləliklə, yaşlıların sayı artacaq, doğum sayı isə azalacaq və bizdə disbalans yaranacaq. Ermənistan yaşlı nəsil həddinə çatıb, təxminən 14-15 faiz".

Beləliklə, erməni cəmiyyəti Sarkisyan dövrünün davam etməsini istəmir, çünki illərlə davam edən işğal, aqressiv siyasət insanları yorub, onları ölkəni tərk etmək məcburiyyəti qarşısında qoyub. Ona görə də Sarkisyanın baş nazir olacağı təqdirdə, ölkədə etiraz aksiyalarının, hətta qarşıdurmanın olacağını qaçılmazdır.

PƏRVANƏ

 





11.04.2018    çap et  çap et