525.Az

"Azərbaycan geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub"


 

"Azərbaycan geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub"<b style="color:red"></b>

Azərbaycanın son illər müxtəlif sahələrdə əldə etdiyi uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də etiraf olunur.

Ölkəmiz təkcə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xətti ilə deyil, eyni zamanda, iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda qazandığı uğurlarla diqqət mərkəzindədir. Azərbaycanın surətli iqtisadi inkişafı, dünya bazarlarında neftin ucuzlaşmasından sonra həyata keçirilən islahatlar, qəbul edilmiş strateji yol xəritələri, sənayenin, kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər maraq kəsb etməkdədir. Təsadüfi deyil ki, beynəlxalq reytinq cədvəllərində də ölkəmizin mövqeyi möhkəmlənməkdədir. Bu gün isə Azərbaycan həm də nəqliyyat-tranzit imkanlarının gücləndirilməsinə yönəldilmiş əhəmiyyətli layihələr həyata keçirir. Hansı ki, bu layihələr ölkəmizi vacib tranzit tərəfdaşı kimi də dünyaya tanıtmaqdadır. Başqa sözlə, Azərbaycan regional və beynəlxalq müstəvidə enerji təhlükəsizliyinin təminatçısı, etibarlı tərəfdaş, sülhpərvər, surətli iqtisadi inkişafa malik dövlət olmaqla yanaşı, həm də mühüm tranzit oyunçuya çevrilməkdədir. Əlbəttə ki, bu amil də  Bakının mövqeyinin daha da gücləndirilməsinə səbəb olacaq. 

Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun aparıcı eksperti Jumabek Sarabekov hesab edir ki, son on il ərzində Azərbaycan Cənubi Qafqaz regionunda geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub: "İlk növbədə biz ölkənin tranzit və nəqliyyat potensialının gücləndirilməsindən danışırıq. Beləliklə, bu gün Azərbaycan Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin həyata keçirilməsində əsas əlaqələndiricilərdən birinə çevrilir".

Onun sözlərinə görə, hazırda Bakıda Transxəzər tranzit dəhlizinin tam gücü ilə işə salınmasına imkan verəcək əsas infrastruktur layihələrinin tikintisi başa çatıb. Xəzərdəki ən böyük Bakı Beynəlxalq Ticarət Limanının birinci fazası istifadəyə verilib.

Ekspert vurğulayıb ki, dəniz limanı ilə yanaşı, ötən il Xəzər regionundan Avropaya birbaşa dəmiryol dəhlizi açan Bakı-Tbilisi-Qarsın (BTQ) tikintisi başa çatıb və rəsmi açılış mərasimində bir sıra dövlətlərin liderləri, rəsmi şəxsləri də iştirak edib: "Transxəzər dəhlizi ilə bərabər, Azərbaycan Rusiya və İranla birgə şimal-cənub  istiqamətində yükdaşımaları layihələrini inkişaf etdirir. Azərbaycan diplomatiyasının daha bir mühüm nailiyyəti onun çoxvektorlu olmasıdır.  Rəsmi Bakı dünya və regional güclərin maraqları arasında balanslı siyasəti məharətlə həyata keçirir".

O deyib ki, Azərbaycan Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı ölkələri, İran və digər müsəlman dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir: "Bu, ölkənin beynəlxalq arenada ciddi çəkisini müəyyənləşdirir. Rusiya və Türkiyə arasında yaranmış "təyyarə böhranı"ndan sonra iki dövlətin münasibətlərinin yenidən bərpa edilməsində Astana ilə birlikdə Azərbaycan da mühüm və əhəmiyyətli töhfə verdi".

Jumabek Sarabekov hesab edir ki, Cənubi Qafqazda Bakının mövqeyinin gücləndirilməsində digər vacib bir addım son on il ərzində Azərbaycanın hərbi gücünün əhəmiyyətli dərəcədə artırması ilə bağlıdır: "Ölkənin iqtisadi potensialının inkişafı sayəsində ordu modernləşdirilib, müdafiə sənayesi öz fəaliyyətini bərpa edib və bu gün Bakı regionda çox güclü Silahlı Qüvvələrə malikdir".

Ekspert  Qazaxıstan Azərbaycan münasibətlərinə də toxunub. O vurğulayıb ki, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlardır: "Astana üçün Bakı ilə münasibətlər xüsusilə maraq doğurur, çünki iki ölkə arasında iqtisadiyyat və xarici siyasət də daxil olmaqla çoxlu ümumiliklər var. Bundan əlavə, son zamanlar ikitərəfli münasibətlərin gündəliyində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranıb. Artıq qeyd olunduğu kimi, Qazaxıstan və Azərbaycan Transxəzər tranzit dəhlizi boyunca fəal əməkdaşlıq edir, bu da iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.

Eyni zamanda, xüsusi olaraq  yaradılmış Türk Şurası çərçivəsində türkdilli dövlətlərin dialoqu paralel olaraq inkişaf edir. Burada Azərbaycan aktiv rol oynayır. Türk Şurasının fəaliyyəti Bakının mövqeyini Mərkəzi Asiya tərəfdaşlarına yaxınlaşdırmağa kömək edir".

PƏRVANƏ

 





12.04.2018    çap et  çap et