525.Az

Ermənistanda arzuolunmaz baş nazir və toy mərasimini xatırladan inauqurasiya


 

DÜŞMƏN ÖLKƏ PARLAMENTİNDƏ DEPUTATLAR ETİRAZ ƏLAMƏTİ OLARAQ PİROTEXNİKİ VASİTƏLƏR YANDIRDI: "SERJ SARKİSYAN HAKİMİYYƏTDƏN GETMƏLİDİR"

Ermənistanda arzuolunmaz baş nazir <b style="color:red">və toy mərasimini xatırladan inauqurasiya</b>

Hazırda Ermənistan cəmiyyətində müzakirə olunan əsas mövzu hakimiyyətdaxili yerdəyişmələrlə bağlıdır.

Düşmən ölkə əhalisi konstitusiya dəyişikliklərindən sonra Serj Sarkisyanın öz yerinə Böyük Britaniyadakı səfir Armen Sarkisyanı gətirməsinə və aprelin 17-də baş nazir seçkiləri ilə formalaşacaq yeni nazirlər kabinetində kimlərin təmsil olunacağına dair spekulyativ fikirlər səsləndirirlər. İşğalçı ölkədə əhalinin mütləq əksəriyyəti əmindir ki, Serj Sarkisyan prezident idarəçiliyindən parlament respublikasına keçid etməklə baş nazir kreslosuna əyləşib hakimiyyətini qorumağa çalışır.

Bu, düşmən ölkə gündəmində ən aktual mövzu olduğu üçün erməni mətbuatı da öz səhifələrində məsələyə geniş şəkildə yer verməkdədir. 

Ermənistan hakimiyyətini böyük qarışıqlıq gözləyir 

"Hraparak" qəzeti yazır ki, aprelin 9-dan sonra Ermənistan hakimiyyətini böyük qarışıqlıq gözləyir. Qeyd olunub ki, baş nazir təyinatından sonra 15 gün ərzində yeni hökumət formalaşdırılacaq. Köhnə hökumət aparatı yenisi formalaşdırılanadək fəaliyyət göstərəcək. Onların işi bir kollegiyal orqan kimi, yeni baş nazir, onun müavinlərinin, ümumilikdə hökumət nümayəndələrinin verdiyi tapşırıqları yerinə yetirmək olacaq. Aparat əməkdaşlarının bir hissəsi isə işsiz qalacaq.

Qəzet öz mənbəsinə istinadla bildirib ki, sabiq prezident Serj Sarkisyan əsas işçilərini, o cümlədən, mətbuat katibi, ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbərini prezident ofisindən hökumət aparatına köçürmək niyyətindədir. Bu səbəbdən, hazırkı baş nazir Karen Karapetyanın konseptual mövqeyini tutan komandası artıq yeni iş axtarışındadır. 

Serj Sarkisyanın yeni komandasında kimlər təmsil olunacaq? 

Mövzunun davamı olaraq, "Hraparak" qəzeti S.Sarkisyanın baş nazir kimi komandasına kimlərin daxil olacağı ilə bağlı öz versiyalarını təqdim edib. Qeyd olunub ki, prezident aparatının rəhbəri Armen Gevorqyan baş nazirin müavinlərindən biri olacaq. Bəs hökumət aparatının rəhbəri kim olacaq? Bəzi məlumatlara görə, S.Sarkisyan bu posta 2008-ci ildə onunla birlikdə vəzifəyə gələn köməkçisi Armen Abelyanı təyin edəcək. Ermənistanın 4-cü prezidenti A.Sarkisyanın aparatının əməkdaşlarının sayı isə əvvəlkilərdən təqribən iki dəfə az olacaq. Çünki yeni qanunvericiliyə görə, aparatın işçilərinin sayı 155 nəfərdən çox olmamalıdır. Prezidentin səlahiyyətləri azaldıldığı üçün aparatda müəyyən strukturlar da ləğv edilir. Konkret olaraq, prezident aparatında Monitorinq Xidməti, Milli Təhlükəsizlik Şurasının Katibliyi, İctimai Şuranın ofisi strukturları daha olmayacaq. Baş nazirin aparatında isə 600 nəfərdən çox əməkdaş fəaliyyət göstərə bilməz. 

Armen Sarkisyanın toy mərasiminə bənzəyən inauqurasiyası 

Ermənistanın yeni prezidentinin inauqurasiya mərasiminə də toxunan qəzet bunu toy-izdivaca bənzədib: "Armen Sarkisyanın andiçmə mərasimi erməni toyunu xatırladıb.  Siqnal verən maşın kortejinin, motoskletlərin müşayiəti ilə Ermənistanın yeni prezidentini Dəmirçiyan küçəsində yerləşən ata evindən təntənə ilə gəlib götürüblər..."

"Jamanak" qəzeti isə yazır ki, K.Karapetyanın komanda üzvləri S.Sarkisyanın baş nazir kreslosunda iki ildən artıq oturmayacağına, bu müddət başa çatandan sonra postunu əvvəlki baş nazirə ötürəcəyinə dair söz verib: "Ancaq Sarkisyan ilk dəfə deyil ki, söz verir. O, bundan əvvəl də hakimiyyəti iki nəfər arasında bərabər bölüşdürəcəyini vəd etmişdi. Şübhələr olsa da, iki ildən sonra Sarkisyanın yenidən oxşar fikirlə çıxış etməsi az da olsa, ümid yaradır".

Ancaq müxalif fəallar qəti şəkildə eks-prezidentin baş nazir təyin edilməsinə qarşı çıxırlar. 

Düşmən ölkə parlamentində etiraz aksiyası

Ermənistan parlamentinin "Yelk" fraksiyasının rəhbəri, Mülki Müqavilə Partiyasının üzvü Nikol Paşinyan aprelin 17-də, baş nazir seçkiləri günü aktivistlərlə birlikdə parlament binasını əhatə edəcəklərin bildirib.

Düşmən ölkənin "168 saat" qəzetinin məlumatına görə, siyasətçi parlament binasını mühasirəyə alaraq deputatların S.Sarkisyanın lehinə səs verməsinə mane olmaq istəyir. Serj Sarkisyan isə baş nazir postuna namizədliyini irəli sürməyə tələsir. K.Karapetyan bildirib ki, yaxın vaxtlarda sabiq prezidentin namizədliyi ona təqdim olunacaq.

Qəzəblərini gizlədə bilməyən fraksiya üzvləri isə daha da irəli gedərək, öz etirazlarını parlament iclası zamanı pirotexniki vasitələr yandırmaqla göstəriblər.

Aksiya zamanı "Yelk" üzvü Ararat Mirzoyan hər kəsi aprelin 13-də azadlıq meydanına toplaşmağa, birgə S.Sarkisyanın baş nazir postuna təyin olunmasının qarışısını almağa çağırıb: "Serj Sarkisyan hakimiyyətdən getməlidir".

Ceyhun ABASOV

 





12.04.2018    çap et  çap et