525.Az

"Üçtərəfli zirvəyə Afrin əməliyyatını uğurla bitirərək çıxması Türkiyəni daha da gücləndirdi"


 

"Üçtərəfli zirvəyə Afrin əməliyyatını uğurla bitirərək çıxması Türkiyəni daha da gücləndirdi"<b style="color:red"></b>

"Türkiyə-Rusiya-İran üçtərəfli zirvəsində qəbul edilən qərarlar tərəflər arasındakı yaxın münasibətləri bir daha sübut edir". 

Bunu Rusiya Araşdırmaları İnstitunun (RUSEN) rəhbəri, Ankara İldırım Bəyazit Universitetinin müəllimi, professor Salih Yılmaz deyib. 

Onun sözlərinə görə, Türkiyənin Suriyada terror təşkilatlarına qarşı həyata keçirməyə çalışdığı strategiyaya Rusiya və İran müsbət münasibət göstərib və tərəflərin bu məsələdə razılaşmaya gəldiklərini söyləyə bilərik: "Aİ və ABŞ-ın hələ də Suriya böhranı üzrə Astana və Soçi prosesini başa düşmədiklərindən səhv istiqamətdə israr etmələri bu əməkdaşlığı sürətləndirən amillərdir. Onsuz da Türkiyənin Rusiya-İran əməkdaşlığı "Firat qalxanı" və Afrin hərəkatını asanlaşdırmışdır.

Üçlü zirvə toplantısında gəlinən qərarlar Suriyanın ərazi bütövlüyü, Suriya konstitusiyası üçün atılan konkret addımlar, Suriya infrastrukturunun yenidən qurulması və qaçqınların qayıtmasına imkan verəcək addımlar diqqət çəkdi. Belə bəlli olur ki, Suriyada bu üç ölkədən başqa cəmiyyəti maraqlandıran qərarlar üzərində işləyən başqa bir qüvvə yoxdur. ABŞ, İsrailin bölgədəki təhlükəsizliyini təmin edəcək enerji və ticarət dəhlizlərini nəzarət etmək strategiyasını həyata keçirir. ABŞ-ın  planında vətəndaşların dəyəri yoxdur".

Politoloq deyib ki, üçtərəfli zirvədə Türkiyə vətəndaşların ölkələrinə geri dönməsi istiqamətində mesajlar verərkən, Rusiya daha çox infrastruktur investisiyalarına diqqət çəkdi: "Türkiyə, xüsusilə Şərqi Quatadan azad edilən vətəndaşların təcili ehtiyaclarının və müalicələrinin qarşılanması və geri dönəcək suriyalılar üçün yaşayış binalarının inşası mövzusunda layihələr təqdim etdi.

Rusiya-Türkiyə və İranın Suriyanın ərazi bütövlüyünü də vurğulaması və bütün terror təşkilatları ilə mübarizə mövzusundakı dayanıqlılığı da iki baxımdan qiymətləndirilə bilər. Birincisi, ABŞ-ın PKK / PYD ilə əməkdaşlıq halında Suriyada parçalanmanı gücləndirəcək fəaliyyətlərinə bir cavab, ikincisi də Türkiyənin PKK / PYD ilə mübarizəsinə dəstəkdir. Bu, üç ölkə, ABŞ-dan fərqli olaraq, bölgədə yumşaq bir güc strategiyası ilə irəliləmək istəyir. ABŞ-ın Suriyadakı müvəffəqiyyətsizliyinin ağrısını Türkiyə və Rusiyadan çıxarma səyinə cavab olaraq bölgə ölkələri münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirirlər".

S.Yılmaza görə, Türkiyənin  üçtərəfli zirvəyə Afrin əməliyyatını uğurla tamamlamış bir ölkə olaraq çıxması, Rusiya qarşısında onu daha da gücləndirdi: "Beləliklə, Rusiya, ABŞ-ın öz ərazisi hesab etdiyi Firatın şərqindəki Türk Silahlı Qüvvələri ilə aparılacaq bir əməliyyatın müvəffəqiyyətindən əmin oldu. Bu göstəricisi ilə Türkiyə həm Rusiya, həm də İran üçün əməkdaşlıqda prioritet ölkə oldu.

Rusiyanın Türkiyə  iqtisadiyyatında ən böyük təbii qaz tədarükçüsü olduğunu nəzərə alsaq, iki ölkə arasındakı əlaqələrin böhran vəziyyətinə düşə bilməsi ehtimalı zaman keçdikcə azalır".

Siyasi ekspertə görə, hazırda Türkiyə-Rusiya arasındakı əməkdaşlıq İrandan asılı olmayaraq irəliləməkdədir: "İranın bu birliyə daxil olması üçün atacağı addımlardan biri Türkiyənin Türkmənistandan almağı düşündüyü təbii qaz nəqliyyat xəttinə icazə verməsidir. İran illərdir bunu etmir və nəhayət ki, bu yanaşmasını aradan qaldırmalıdır.

Bundan başqa, Rusiya-Türkiyə arasında Dağlıq Qarabağ hələ də bir böhran məsələsi olaraq qalır. Bu istiqamətdə də görüləcək çox işlər var. Amma yaxşı niyyətin olduğu, qarşılıqlı etimadın mövcudluğu şəraitində həll edilə bilməyəcək hər hansı bir problem qalmır".

Qeyd edək ki,  aprelin 4-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan üçtərəfli görüş keçirilib. Görüşdən sonra prezidentlər Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair bəyanat imzalayıblar.

PƏRVANƏ

 





12.04.2018    çap et  çap et