525.Az

ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan ictimaiyyəti və media mənsubları tərəfindən ciddi etirazla qarşılandı


 

ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan ictimaiyyəti və media mənsubları tərəfindən ciddi etirazla qarşılandı<b style="color:red"></b>

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrə dair açıqladığı ilkin rəy ictimaiyyətin kəskin narazılığıyla qarşılanıb.

Hesab edilir ki, seçkiləri izləyən digər beynəlxalq təşkilatların monitorinq qrupları seçkilərlə bağlı yüksək fikirdə olduqları halda, sözügedən qurumun nümayəndələri tərəfindən kəskin şəkildə neqativ fikirlərin səsləndirilməsi ziddiyyət təşkil etməklə, onların qərəzli mövqedə dayandığını göstərir.

Mətbuat konfransında iştirak edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qeyri-obyektiv olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, bu rəy həqiqəti əks etdirmir: “Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir”. Çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təəssüf doğurur.

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri açıq, şəffaf və demokratik şəraitdə təşkil edilməsiylə bağlı beynəlxalq müşahidəçilər öz mövqelərini ifadə ediblər: “Azərbaycanda seçki prosesində müşahidəçi qismində 59 ölkə və 61 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. 894 beynəlxalq müşahidəçinin mütləq əksəriyyəti prezident seçkilərinin nəticələriylə bağlı öz müsbət fikirlərini ifadə edib və Azərbaycanın demokratik inkişaf yolunda növbəti irəliyə atılmış bir addım kimi dəyərləndirib. Onlar bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini öz fikirləriylə təsdiqləyiblər”.

E.Nəsirov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu isə Azərbaycanda keçirilən seçkilərə ənənəvi, qeyri-obyektiv münasibətini ortaya qoyub: “Biz dəfələrlə onların bu tip mövqelərinin şahidi olmuşuq. Bu, həm parlament, həm də prezident seçkilərinə baş verib”.

Deputat xatırladıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası seçkiləri izləmək üçün hələ Azərbaycana təzə səfər edəndə media orqanlarına verdiyim müsahibədə adiçəkilən qurumun müşahidə missiyasının ənənəvi, qeyri-obyektiv, qərəzli mövqeyindən əl çəkəcəyinə, seçkilərlə bağlı xalqın siyasi iradəsiylə bağlı real vəziyyəti əks etdirən fikirlər səsləndirəcəyinə ümid etdiyimizi bildirmişdim: “Təəssüflər olsun ki, gözləntilərimiz, şübhələrimiz öznü doğruldub. ATƏT bürosu yenə öz ampluasında olduğunu ortaya qoyub, öz oyununu oynadığını göstərib”.

E.Nəsirovun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti öncədən hazırlanmış bəyanatlarla ölkəmizə gəlir: “Çünki biz eyni yanaşmanı, eyni dəsti-xətti görürük. Həmin qurumun müşahidə missiyasının bu cür mövqqeyi yalnız təəssüf doğura bilər. Çox istərdik ki, ATƏT öz imicini qoruyub saxlamaq, daha böyük siyasi dairələrdən asılı olmadığını sübut etmək, azad, mütəqil olduğunu nümayiş etdirmək üçün bu dəfə bir obyektiv mövqe ortaya qoyacaq. Lakin biz yenə də gördük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası öz xislətinə sadiq qalaraq, antiazərbaycan dairələrinin sifarişlərini yerinə yetirməklə məşğuldur”.

"Səs" media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev isə qeyd edib ki, “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi. O, “Trend”ə bildirib ki,

müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu: “Məqsədləri Azərbaycanı tənqid etmək idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi”.

B.Quliyev qeyd edib ki, əslində büronun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdı: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb. Onların Azərbaycana qarşı tutduqları irad nə idi? Guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir təzyiq olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı sırf Azərbaycana qarşı qərəzlə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanan qərəzdir".

O əlavə edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib: “Bu onların ilk yanaşmalarında da hiss olunurdu. Onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Onların bu məqsədləri Azərbaycan jurnalistlərinin hesabına aşkarlandı. Məlum oldu ki, onlar hansısa antiazərbaycan qüvvələrin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Buna isə nail ola bilmədilər”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var. 

Ceyhun ABASOV

 





13.04.2018    çap et  çap et