525.Az

"ATƏT DTİHB-nin hesabatı əvvəldən hazırlanmışdı"


 

"ATƏT DTİHB-nin hesabatı əvvəldən hazırlanmışdı"<b style="color:red"></b>

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib. 

APA-nın məlumatına görə, V. Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və qərəzli  mövqe ortaya qoymaqda ittiham edib.

V. Əhmədov bildirib ki, əslində hesabat əvvəlcədən hazırlanmışdı və Azərbaycana mənfi münasibət bəsləyən missiya rəhbərinin müavini Stefan Krausonun tərtibatında fəal iştirak etmişdi: "Stefan Kraus 2017-ci il aprelin 2-də Ermənistanda keçirilən seçkilərlə bağlı təbrik ünvanlayıb, özünün sosial şəbəkədəki səhifələrində Heydər Əliyevə, Heydər Əliyev Fonduna mənfi münasibətini gizlətməyib. Bu, onun Azərbaycana münasibətinin göstəricisidir və təbii ki, belə bir şəxsin keçirilmiş prezident seçkiləri ilə bağlı obyektiv hesabat hazırlayacağını gözləmək  sadəcə sadəlövhlük olardı”. 

V. Əhmədov bildirib ki, Stefan Krause ilə ünsiyyətdə olub və onun Azərbaycana mənfi münasibətini şəxsən müşahidə edib: “Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Ondan soruşdum ki, bunu haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Krause artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? O bildirdi ki, Krause əvvəllər də Azərbaycanda olub və hər şeyi bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”. 

V. Əhmədovun sözlərinə görə,  müşahidə missiyasının mətbuatla əlaqələrə məsul əməkdaşı da Azərbaycana mənfi münasibətini açıq ifadə edirdi: “Bütün bunlar onu deməyə əsas verir ki, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər". 

V. Əhmədov deyib ki, Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə olublar. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrindən kütləvi, ciddi qanun pozuntuları ilə bağlı məlumat daxil olmamışdı. Xırda məqamlar qeydə alınmışdı ki, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Təsadüfi deyil ki, missiyanın bəzi üzvləri də bu sənədə etiraz etdilər. Lakin onlar missiyadan kənarlaşdırıldılar və geri dönməyə məcbur oldular. Mən də bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyası anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi". 

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V. Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsasız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.

 





13.04.2018    çap et  çap et