525.Az

Trabzonda Beynəlxalq Ədəbiyyat Festivalı başladı - Fotolar


 

FESTİVALDA AZƏRBAYCANI TƏMSİL EDƏN RƏŞAD MƏCİDİN MEDİA İLƏ BAĞLI MÜZAKİRƏLƏRDƏ AZƏRBAYCAN MƏTBUATI HAQQINDA MƏRUZƏSİ DİNLƏNİLİB

Trabzonda Beynəlxalq Ədəbiyyat Festivalı başladı - <b style="color:red">Fotolar</b>

Aprelin 12-də Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı (UTEF) öz işinə başlayıb.
 
Festivala qatılan qonaqlar əvvəlcə Trabzon valisi Yavuz Dəmirlə görüşüblər. Görüşdə qonaqlarla yaxından tanış olan vali festivalın məqsədi haqqında fikirlərini bölüşüb. UTEF-in yaradıcısı və layihə rəhbəri Əsma Ala Türkmən, Qəzetçilər Cəmiyyətinin sədri Nəzmi Bilgin, Suriyadan Ümid Yaşar Gözüm və digər ölkələrdən gələn qonaqlar festival barədə düşüncələrini açıqlayıblar.
 
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək ötən il keçirilən UTEF-də dünya ədəbiyyatının böyük nümayəndələri Nizami Gəncəviyə, Lev Tolstoya, Şota Rustaveliyə həsr olunmuş tədbirlərin hələ də unudulmadığını deyib.
 
R.Məcid Trabzonun tarixi, təbiəti haqqında verilən məlumatlardan məmnunluğunu ifadə edib, UTEF-in, Trabzonun ədəbiyyatın, mədəniyyətin təbliğindəki rolunu vurğulayıb. Bildirib ki, ədəbiyyata, sənətə diqqət göstərən dövlət qurumu hörmətə layiqdir. Ədəbiyyat, mədəniyyət xalqları birləşdirən mühüm körpüdür. Ona görə də ən müxtəlif ölkələrdən olan ədəbiyyat nümayəndələrinin hər il Trabzonda görüşməsi əlamətdar hadisədir. Bütün bunlar üçün Trabzon valisinə təşəkkürünü bildirən R.Məcid festivalın işinə uğurlar arzulayıb.

Görüşdən sonra Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” mövzusu müzakirə olunub. Toplantıda çıxış edən UTEF-in yaradıcısı və layihə rəhbəri, Qaradəniz Yazarlar Birliyi dərnəyinin başqanı Əsma Ala Türkmən festival barədə məlumat verib, mətbuatda ədəbiyyat, sənət mövzularının işıqlandırılması, media ilə ədəbiyyatın münasibətləri haqqında danışıb. O bildirib ki, budəfəki festivalı mətbuat işçilərinin iştirakı ilə və məhz bu mövzuda başlamaq da məqsədəuyğundur: “Ədəbiyyat və jurnalistika hər zaman bir-biriylə yaxın münasibətdə olan sənət sahələridir və onlar həmişə bir-birinə dəstək olmalıdır”.

Ümid Yaşar Gözümün moderatorluğu ilə davam edən toplantıda Qəzetçilər Cəmiyyətinin sədri Nəzmi Bilgin Türkiyədə yerli mətbuatın rolu, fəaliyyəti, çağdaş Türkiyə mətbuatının problemlərindən, jurnalistlərin, redaksiyaların işindəki qüsurlardan danışıb.

Trabzon Jurnalistlər Cəmiyyəti başqanı Yusuf Turqut da mövzu ilə bağlı fikirlərini səsləndirib, festivalın və bu konfransın ədəbiyyat-media münasibətlərinə müsbət təsir göstərəcəyinə inandığını vurğulayıb.

AYB-nin katibi Rəşad Məcid çıxışında Azərbaycanda mətbuatın yaranması, ilk qəzetimiz “Əkinçi”, Cümhuriyyət dövrü mətbuatı, “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları, “Həyat” qəzeti, Sovet dövründəki mətbuat orqanları və bunların Azərbaycan dilinin qorunmasındakı rolundan, müstəqillik dönəmi mətbuatından söz açıb. R.Məcid bu dövrdə yaradılan Mətbuat Şurasının fəaliyyəti, “525-ci qəzet”, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan Bilik Fondunun məruzəçisi kimi çıxış edən R. Məcid “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusuna da xüsusi diqqət yönəldib. O, Ümummilli lider Heydər Əliyevin həm Sovet dövründə, həm də müstəqillik illərində mətbuata qayğısından, 1998-ci ilin 6 avqustunda Azərbaycanda Mətbuatda Dövlət Sirlərini mühafizə edən baş idarənin, senzuranın ləğv olunmasından danışıb.

Festival bu günlərdə də ən müxtəlif ədəbi tədbirlər və konfranslarla öz işini davam etdirir.

Şahanə MÜŞFİQ

 





13.04.2018    çap et  çap et