525.Az

Bakıda beynəlxalq konfrans keçiriləcək


 

"DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNƏ DOĞRU, DAVAMLI İNKİŞAFIN VƏ LAYİQLİ ƏMƏYİN TƏBLİĞİ" MÖVZUSUNDAKI TƏDBİRDƏ BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ BAŞ DİREKTORU İŞTİRAK EDƏCƏK

Bakıda beynəlxalq konfrans keçiriləcək<b style="color:red"></b>

Beynəlxalq Əmək Təşkilatı Azərbaycan (BƏT) BMT-nin "2030 Gündəliyi"nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçib.
 
Bununla əlaqədar, mayın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BƏT-in birgə təşkilatçılığı ilə Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Nazirlikdən verilən məlumta görə, tədbirlə əlaqədar BƏT-in baş direktoru Qay Rayderin ölkəmizə səfəri planlaşdırılıb. Bu, Azərbaycanın BƏT-ə üzv olduğu 26 illik dövrdə təşkilatın baş direktorunun ölkəmizə ilk səfəri olacaq. Həmçinin, konfransda 20-dək ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan Respublikası BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində bu təşkilatın 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, onların icrası yönündə məqsədyönlü işlər aparır. Həmin proqramın icrasının əlaqələndirilməsi məqsədilə ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılaraq fəaliyyət göstərir.

Dayanıqlı İnkişaf Məqsədləri sırasında dayanıqlı inkişaf şəraitində bütün əhali üçün səmərəli məşğulluq imkanlarının yaradılması və layiqli əməyin təmin olunması da mühüm yer tutur ki, bu da 8-ci məqsəddə əksini tapır. Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı bu mühüm hədəfə nail olunmasında birgə və səmərəli fəaliyyət müstəvisini formalaşdırmaqla, ümumən sosial inkişaf naminə vacib məqsədlərin reallaşmasına yönəlib. Ötən ilin iyun ayında Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu təşkilatın rəhbər orqanında təmsil olunmaq hüququ qazanması ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti təzahürü olmaqla, Azərbaycanın BƏT-in siyasi qərarlarının qəbulunda iştirak imkanına malik olmasını şərtləndirib.

Konfransda dünyada əmək bazarının müxtəlif kontekstlərində Dayanıqlı İnkişaf Məqsədlərinin, həmçinin, layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlərin, əməyin gələcəyi, iqtisadi inkişafın inkluziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəli olması, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sisteminin tətbiqi və s. müzakirə olunması nəzərdə tutulur.

C.ABASOV

 





13.04.2018    çap et  çap et