525.Az

Etnik və dini müxtəliflik Azərbaycan xalqının sərvətidir


 

Etnik və dini müxtəliflik Azərbaycan xalqının sərvətidir <b style="color:red"></b>

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində birgə yaşadığı məkan olub. 

Bu gün ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir. Ölkəmizdə həm də dövlət siyasəti kimi həyata keçirilən tolerantlıq möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də ölkəmizdə etnik azlıqların nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Qürurla deyə bilirik ki, bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır.

Azərbaycan prezident İlham Əliyev ötən həftə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub ki, onlardan biri də ölkəmizdə olan dini tolerantlıq, etnik və dini tolerantlığın rəngarəng olmasıdır.

Dövlət başçısı deyib ki, etnik və dini müxtəliflik Azərbaycan xalqının sərvətidir. Prezident vurğulayıb: "Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik".

İlham Əliyev Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsinin həyata keçirilən real siyasətin nəticəsi olduğunu deyib: "Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq".

Azərbaycan prezidenti ötən həftə Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının nazirlər konfransında da ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun təşviqindəki rolundan danışıb, Ermənistanın işğal etdiyi ərazilərimizdəki abidələri viran qoyduğunu deyib: "İşğal olunmuş ərazilər tamamilə viran edilib. ATƏT faktların toplanması məqsədilə oraya iki dəfə araşdırıcı missiya göndərib və onların hesabatlarına əsasən, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, bizim mədəniyyətimizə qarşı olan cinayətdir. Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər. Ermənistan ölkədə ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri orada etnik təmizləməyə məruz qalıblar. Ermənistandan fərqli olaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir. Biz multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir".

Prezident vurğulayıb ki, Azərbaycan özünün tarixi ilə qürur duyur: "Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır".

Həqiqətən də qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırda da mövcud tolerantlıq, multikulturalizm mühitinin qorunması, möhkəmləndirilməsi istiqamətində dövlət siyasəti davam etdirilir.

Milli Məclisin deputatı Kamilə Əliyeva da hesab edir ki, bu gün dünyada ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multikultural, tolerantlıq və həmrəylik nümunəsi olaraq qəbul edilir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin inkişafında başlıca amillərdən biridir. Millət vəkili vurğulayıb ki, tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir: "Dövlət başçısı öz müsahibəsində çox maraqlı məqamlara toxunub, həmçinin, etnik və dini müxtəlifliyin  Azərbaycan xalqının sərvəti olduğunu vurğulayıb. Doğurdan da, bu, bizim fəxr etdiyimiz dəyərlərdən biri, başlıca sərvətlərimizdəndir. Azərbaycanda bütün xalqlar, millətlər, bütün dinlərin nümayəndələri çox rahat, heç bir ayrı-seçkilik olmadan yaşayır".

Millət vəkili əlavə edib ki, tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin, cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir: "Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir".

Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilov isə deyir ki, prezidentin müsahibə zamanı səsləndirdiyi fikirlər hər bir azərbaycanlını qürurlandırmalıdır: "Çünki bu açıqlamalarda böyük həqiqətlər və əksər ölkələrə nümunə olacaq böyük bir ideal cəmiyyətin necə olması ilə bağlı yol göstərilir. Mən bu yaxınlarda ölkə başçısının digər çıxışını da izlədim. O, Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda bildirdi ki, "Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub". Bilirsinizmi, bunu niyə qeyd etdim? Çünki bu gün biz Azərbaycanın necə bir tolerant ölkə olması ilə bağlı danışanda, başqa millətlərdən olan qonaqlarımız bizdən soruşurlar ki, bəs niyə ermənilərlə belə münaqişə yaşadınız? Cavabında ölkə başçısının da dediyi fikirləri qeyd edirik və deyirik ki, əslində, münaqişəni onlar başlatdı, Azərbaycanda heç vaxt başqa millətlərlə problem yaşanmayıb. Buyurun, Ermənistana da səfər edin, baxın, onlar necə monoetnik bir cəmiyyət, dövlət yaradıblar. Bu səbəbdən də onlar münaqişə başladıb, oradan azərbaycanlıları qovublar. Amma bütün bu dəhşətlərə baxmayaraq, azərbaycanlıların ideal tolerantlığına baxın ki, Azərbaycanda bu gün on minlərlə erməni rahat şəkildə öz yaşamını davam etdirir. Yəni ölkə başçısı həqiqətən də, oxu düz nişan alıb-multikulturalizm azərbaycanlıların həyat norması olub. Bu həyat tərzi bu gün də davam edir. Baxın, İsrail Azərbaycana necə dəyər verir? Heç tolerantlığın bu səviyyəyə çatması ilə bağlı heyrətlənən əcnəbilərə sual vermisinizmi ki, bunu necə izah edə bilərlər? Əlbəttə, onlar iqtisadi əlaqələrimizin güclü olmasını qabardacaqlar. Amma mən deyərdim ki, iqtisadi əlaqələr son 20 ildə güclənib. Bəs mənəvi əlaqələr? Yəni düşünmək lazımdır ki, İsrail əsrlərə söykənən Azərbaycan tolerantlığını, burada yaşayan yəhudilərin ən yüksək səviyyədə özlərini rahat hiss etmələrini əsas dəyər kimi götürür... Qısası, ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsi həyata keçirilən real siyasətin nəticəsidir və əminəm ki, bu cür siyasət bundan sonra da davam edəcək".

PƏRVANƏ

 





13.04.2018    çap et  çap et