525.Az

ATƏT və AŞPA ənənəvi ampluada: müşahidə missiyaları xüsusi tapşırıq yerinə yetirirdi


 

“ATƏT-in DEMOKRATİK TƏSİSATLAR VƏ İNSAN HAQLARI BÜROSU, ATƏT PARLAMENT ASSAMBLEYASI VƏ AŞPA ÜZVLƏRİNİN BİRGƏ HESABATI ONLARIN MÜŞAHİDƏLƏRİYLƏ ZİDDİYYƏT TƏŞKİL EDİR”

ATƏT və AŞPA ənənəvi ampluada: <b style="color:red">müşahidə missiyaları xüsusi tapşırıq yerinə yetirirdi</b>

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrə dair birgə açıqladıqları ilkin rəy ictimaiyyətin sərt qınağıyla qarşılanıb.

Seçkiləri izləyən digər beynəlxalq təşkilatların müşahidə missiyalarından fərqli olaraq, ATƏT və AŞPA nümayəndələrinin seçkilərin nəticələrinə kölgə salmağa hesablanmış fikirləri sözügedən qurumların tam azad fəaliyyət göstərə bilmədiyini, mövqelərini müəyyən xarici dairələrin diqtəsi altında hazırladıqlarını ortaya qoyub. Bu mənada, aprelin 12-də təşkil olunan mətbuat konfransında iştirak edən ictimaiyyət nümayəndələri, o cümlədən, ayrı-ayrı media orqanı, qeyri-hökumət təşkilatı rəhbərləri, jurnalistlər və digərləri müşahidə missiyalarının rəyinin qeyri-obyektiv, ədalətsiz olduğunu bildirib, ATƏT və AŞPA nümayəndələrini qərəzli yanaşmadan əl çəkməyə çağırıblar.

Təsadüfi deyil ki, ATƏT-in belə bir ortaq bəyanat hazırladığını biləndən sonra bəzi AŞPA müşahidəçiləri sənəddə qeyd olunan məsələlərlə razılaşmayaraq prosesi başa vurmamış öz ölkələrinə geri qayıdıblar. Bundan əlavə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov də tutduğu vəzifədən istefa verib. O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib: “Müşahidə missiyasındakı şəxslər antiazərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi”.

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının yekun hesabatında müəyyən müsbət məqamların yer alacağına ümid etdiyini vurğulayıb.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov qeyd edib ki, aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqı rəhbərini, prezidentini seçib. O, APa-ya bildirib ki, Konstitusiyada yazıldığı kimi, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır: “Xalqımız da bu seçkidə öz sözünü deyib”.

S. Novruzov deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT PA və AŞPA üzvlərinin söylədikləri müşahidələriylə ziddiyyət təşkil edir: “Onlar gördülər ki, hər bir seçki məntəqəsinin qarşısında növbələr var, insanlar seçkidə aktivlik nümayiş etdirir, övladları, nəvələri ilə gəlirlər. İnsanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmirlər. Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər bəyanatlarında öz əksini tapıb”.

S.Novruzov həmin müşahidə missiyaları ilə 3 dəfə görüşdüyünü söyləyib: “Görüşlərdə hər birindən xahiş etmişəm ki, ədalətli mövqe bildirsinlər. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boyu qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb. Heydər Əliyev də, İlham Əliyev də ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  və AŞPA müşahidə missiyalarının birgə rəyi obyektivlikdən uzaq və qərəzli idi: “Müşahidə missiyasının vəzifəsi, adından göründüyü kimi, müşahidə aparmaq və obyektiv qiymət verməkdən ibarətdir. Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır”. Deputatın sözlərinə görə, mətbuat konfransında Azərbaycan mətbuatının suallarının heç bir sualına cavab verilməyib: “Səsləndirilən tənqidi fikirlərin arqumentləri də açıqlanmayıb. Ona görə də, bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi. Bu tədbirlərdə səsləndirilən hər bir fikir ayrı-ayrı faktlarla diqqətə çatdırılmalıdır. Bunun yerinə biz mövcud reallıqla həmin müşahidə missiyalarının manipulyasiya cəhdlərinin şahidi olduq”.

H.Babaoğlu qeyd edib ki, bu müşahidə missiyaları özünü Azərbaycan xalqının dostu kimi göstərməyə çalışıb: “Ancaq əslində, Azərbaycan xalqının iradəsinə hörmətsizlik etmiş oldular. Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə 86,03 faiz səs verib. Belə olan halda bu xalqın iradəsi və rəyi ilə hesablaşmaqdansa, yalançı dost kimi görünmək lazım deyil. Bu iradəni qəbul edərək Azərbaycan xalqının dostu olmaq olar. Söz və mətbuat azadlığından danışan missiya Azərbaycan mətbuatına hörmət göstərmədi, verilən heç bir sualı cavablandırmadı. Bu da göstərdi ki, əslində, bu missiya ötən müddətdə simulyasiya ilə məşğul olub. Əvvəlcədən qəbul edilmiş qərarlar əsasında Azərbaycan xalqının demokratik seçkilərinə obyektiv qiymət verə bilmədilər. Biz buna təəssüf edirik. Düşünürük ki, bu qurumlar yekun bəyanatlarında Azərbaycan xalqının iradəsinə hörmət edərək, öz qəbul etdikləri qərarı obyektiv qiymətləndirməyi bacaracaqlar. Çünki Azərbaycan bu təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan açıq bir ölkə olaraq demokratik təsisatların güclənməsinə və əlaqələrin daha da dərinləşməsinə xidmət göstərən bir ölkədir”.

Deputat Tahir Mirkişili də hesab edir ki, seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib. O, SİA-ya bildirib ki, seçkilərin əsas məqsədi xalqın öz iradəsini əks etdirməsidir ki, ona da Azərbaycanda nail olundu: “Bunu bütün müşahidəçilər də təsdiq edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə etdiyi bütün ölkələrdəki seçkilərlə bağlı oxşar bəyanatlar verir. Bu qurum bir növ adətkardır. Seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməyə təsir edə bilməyəcək ayrı-ayrı faktlardan bəhs edirlər. Belə kütləvi tədbirlərin keçirildiyi bütün ölkələrdə ayrı-ayrı faktlar mövcud olduğu halda müraciət əsasında bunlar araşdırılır. Azərbaycanda da bunu üçün hüquqi normalar mövcuddur”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Ceyhun ABASOV

 





13.04.2018    çap et  çap et