525.Az

Heydər Əliyev Mərkəzində Reza Deqatinin sərgisi


 

Heydər Əliyev Mərkəzində Reza Deqatinin sərgisi <b style="color:red"></b>

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb.

Heydər Əliyev Mərkəzinin parkında təqdim olunan, “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərasimdə çıxış edən Reza Deqati dünyanın ən böyük mədəniyyət məkanlarından birində - Heydər Əliyev Mərkəzinin parkında sərginin açılmasından çox şad olduğunu bildirib. “Bu gün mənim ömrümdə yadda qalan gün olacaq”, - deyən fotoqraf 40 il bundan əvvəl dünyanı gəzərək fotolar çəkməyə başladığını qeyd edib. Bildirib ki, bu 40 il ərzində dünyada təkcə müharibələr, çətinliklər deyil, gözəllik olduğunu da görüb.

Otuz ildir ki, Azərbaycana gəlib-getdiyini, ölkəmizin bu 30 ildə çox inkişaf etdiyini deyən fotoqraf gördüyü tolerantlıq mühitini xüsusi qeyd edib, burada bütün dinlərin, millətlərin nümayəndələrinin rahat yaşadıqlarını söyləyib. “Bu sərgi dünya sərgimdir. Bir aydan sonra Heydər Əliyev Mərkəzində Azərbaycana aid əsərlərim sərgilənəcək”, - deyən Reza Deqati dəstəyə görə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olub. Sərgidə müəllifin 60-dək fotosu nümayiş olunur. Burada Reza Deqatinin müxtəlif illərdə Azərbaycan, Fransa, Misir, Türkiyə, Çin, Əfqanıstan və digər ölkələrdə çəkdiyi fotolar yer alıb. Bu fotolar müxtəlif ölkələrdə ayrı-ayrı mədəniyyətlərə, talelərə sahib olan insanların hekayələrini, onların hisslərini əks etdirir.

Sərginin müəllifi Reza Deqati karyerasına tədqiqat və memarlıqla başlayıb, daha sonra fotoqrafiyaya sevgisinin ardınca gedərək bu sahədə uğurlar qazanıb, beynəlxalq mükafatlara sahib olub.

Azərbaycana ilk dəfə 1987-ci ildə gələn Reza Deqatinin əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan - Tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan - Alovun zərifliyi” sərgisi keçirilib.

Sərgi oktyabrın 1-dək davam edəcək.

XƏDİCƏ

 





14.04.2018    çap et  çap et