525.Az

“Düşüncələr” silsiləsindən


 

“Düşüncələr” silsiləsindən<b style="color:red"></b>

[email protected] 

Elegiya 

5 il öncə 

DUYĞULARIMIN İNDİKİ LİBASINDA illəri yola salmaq nəsibimiz olarsa, SƏNi hər zaman sevəcəyəm. VARlığında YOXluğuna alışıq canım daşıyacaq bu YÜKü. MƏNə bəslədiyin ilahi məhəbbəti heç unutmayacam. Bu, MƏNim SƏRVƏTİMdir. İstəsəm də SƏNin məhəbbətinin cazibə dairəsindən çıxa bilmirəm! Uzaqdan da çəkirsən, yaxından da. VARlığın da yaşadır və öldürür, YOXluğun da.

...Saf duyğuların kükrədikcə dolaşdı. Dolaşdıqca ikimizi də dolaşdırdı. Gah ümidləndirdi, göylərə pərvazlandırdı, gah sarsıtdı. Qarmaqarışıq hisslər bir məcraya yönəlib yolunu aydınlaşdıranacan RUHUMUZU döydü, döydü... Düşüncə səviyyəsində qovuşduq. Düşüncələr aləmindəcə ayrıldıq...

Mənəviyyatla maddiyyatın, xəyal dünyasıyla real aləmin bir-birini tamamlamadığı yerdə HƏYAT YOXDUR. Çünki xəyal olunanla mövcud olan arasında dünyanın özü boyda sədd var, fərq var. DÜNYA adlı GÜZGÜdə heç vaxt  xəyaldakının surəti görünməz. O GÜZGÜdən ancaq mövcud olanın surəti boylanar. Bu baxımdan, mənəvi anlamda yanaşanda MƏNə verdiyin dəyər başımdan uca. Maddi anlamda yanaşanda, MƏNə verdiyin dəyər tələbatımın topuğundan aşağı. ƏLAHƏZRƏT FAKT deyir ki, ey ADA, ey DƏNİZ, SİZ yanaşı qəbirlərdə uyuyan ÖLÜLƏRSİNİZ!!!

“İNAN MƏNƏ, HƏR ŞEY YAXŞI OLACAQ”, – deyirsən. Bu sözlərinin ehtiva etdiyi mənanı dərk etməyə ağlımın gücü çatmır. Qəlbim necə inansın?? Bu dünyadaykən fiziki anlamda bir-biri üçün mövcud olmayan iki insanın ÖLÜlərdən   nə fərqi var ki, cismən öləndən sonra bu fərq nə ola?.. TƏSƏLLİM ancaq RUHUMUZUN DOĞMALIĞIdırsa, cismani ölüm ruhları məhv etməyə qadir deyil ki ...

BİZi rast gətirən, bir-birimizin iç dünyasıyla tanış edən, dostlaşdıran və qəribə bir sevgiylə mükafatlandıran TƏSADÜFdürmü, ZƏRURƏTdirmi? 

O hansı GÜCdür ki, cəmiyyətdə MÜVAZİNƏTimi saxlamaq üçün ruhi qidanı birindən almağa, fiziki dayağı, real güvənci isə başqa yerdə aramağa vadar edir??

lll

5 il sonra

Və.. o GÜCün adı MƏHƏBBƏTdirsə, belə məhəbbətin yaşamağa haqqı çatırmı?? Bəlkə dəfn edək SEVGİMİZİ? KÖNLÜNƏ söz keçirə bilirsənsə, KÖNLÜMƏ hökm et, bitirək bu işi...

Müvəqqətlik anlayışı 

Həyatda MÜVƏQQƏTİ deyilən heç nə yoxdur. Çünki BİR GÜN DƏ ÖMÜRDÜR. Hətta ANın özü də. Neqativ durumlarda “müvəqqəti”  anlayışı sadəcə təsəllidir, pozitiv hadisələrdə isə o, xəbərdarlıq xarakteri daşıyır.

Mahiyyətə varanda görürük ki, nəsibimiz olan bütün xoşbəxtliklər, qarşılaşdığımız çətinliklərin hamısı ötəridir. Amma həmin hadisələrin ömrümüz boyunca bizi müşayiət etdiyini, sadəcə formasını dəyişdiyini nəzərə alsaq, görürük ki, həyatımız “müvəqqəti”lərin cəmindən ibarətdir. Ömür də bizə müvəqqəti əmanət edilmiş mövcudiyyət forması olduğundan, YAŞAM TƏRZİMİZİN KEYFİYYƏT FƏRQİNƏ VARMAĞIMIZ xüsusi önəm kəsb edir. Hər günümüzün deyil, hər anımızın ürəyimizcə olması qayğısına qalmaq, VAXTIMIZIN qədrini bilmək zərurəti buradan meydana gəlir. “MÜVƏQQƏTİDİR” deyib arxayınlaşanlar əslində ömrü itirirlər. 

Unutmaq hikməti

YAŞAMAQ İSTƏYİRSƏNSƏ UNUTMAĞI BACARMALISAN! Sənə əzab verən xatirələri, həyatını cəhənnəmə döndərən adamları, qəlbindən daş kimi asılıb ürəyini əzən faktları... qətiyyətlə silib atmalısan. Özü də həmişəlik. Unutmalısan yaddaşını didən, beyninə rahatlıq verməyən, vücudunu əsir alan ağrılı-acılı günləri, hadisələri. Unutmalısan içində qovğa edib, səni için-için üzən “niyə? nə üçün? nə səbəbə?” suallarını. Rahat yaşamına, xoşbəxtlik hissiyyatına qənim kəsilən nə varsa, hamısından uzaqlaşmalısan. Bunu ancaq SƏN bacararsan. Ancaq ÖZÜN. Kimsədən kömək umma və gözləmə! Bu, SƏNİN ARENANDIR.

Mənfi enerjili yükdən qurtula bilməsən çətin olacaq sənin üçün, çox çətin. Vaxtında dəf etməlisən qəlbini qüssəyə bürüyən təəssüratları, səni yandırıb yox edən həsrətləri. Bilməlisən ki, SƏNDƏN ALIB DA ƏVƏZİNDƏ HEÇ NƏ VERMƏYƏN SİTUASİYALAR HƏYAT DEYİL, QARƏTDİR. (Valideyninin dar günündə  ona dayaq olmayan övladın, sevgisinin oduna qızındığı tərəfdaşını saymayan insanın, kollektiv başçısının xeyirxahlığından sui-istifadə edib də vəzifəsini yerinə yetirməyən işçinin, dostun-yoldaşın səxavətindən bəhrələnib yeri gələndə bir udum suyu qıymayanın,.. münasibəti qarətdir.) Hisslərin qarəti, sənə bircə dəfə verilmiş ömrün qarətidir. Hərəkət et, ağlını işə sal, özünü belə qarətə məruz qoyma. Heç kəs bu dünyaya öz sifarişi ilə gəlmir. İnsanın doğuluşu və ölümü ondan asılı olmayaraq tənzimlənir. Lakin yaşamını tənzimləmək hər bir şüurlu məxluqun öz əlindədir.

İnsan beyni hikmətli bir xüsusiyyətə malikdir: yadda saxlamağı bacardığı kimi, unutmağı da bacarır. Artıq yükdən xilas olan beyin lazımsız informasiyanı izi-tozu qalmadan itirmir, sadəcə onu fəal qatdan passiv qata ötürür. Bəzən elə gizlədir ki, ömrünün sonuna qədər o məsələ insanın yadına düşmür. Bəzən də qəfildən peyda olur, keçmişin ştrixləri qismində özünü xatırladır. Ağrılı-acılı, arzuolunmaz informasiyanı unutmaqda beyninə kömək et! Kömək et ki, yaşaya biləsən, həyat eşqini itirməyəsən, ətrafındakı gözəllikləri duya biləsən.

Əzizinin itkisini, sevdiyinin laqeydliyini, işindəki uğursuzluqları, dost bildiyinin xəyanətini, qohum-əqrəbanın etibarsızlığını, yoldaşlarının dönüklüyünü, övladlarının sayğısızlığını, xırda inciklikləri, idarə başçısının ədalətsizliyini, qonşunun pisliyini, avtobusda toqquşduğun sərnişinin kobudluğunu, bir sözlə, Tanrının və Bəndələrin sənin rakursundan haqsız görünən əməllərini unuda bilməsən, sənə çətin olacaq. UNUT!!!

 





04.07.2013    çap et  çap et