525.Az

Hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir


 

Hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir<b style="color:red"></b>

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Bununla bağlı Milli Məclisin (MM) Mədəniyyət komitəsinin dünən keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.
 
Komitənin sədri, akademik Rafael Hüseynov deyib ki,  təklif edilən əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər. Qanuna o da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Eyni zamanda, daha 3 qanun hərbi vəziyyətlə bağlı dəyişdirilir:  "Televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlar.  R.Hüseynov bu sənədlərə  də əlavələr və dəyişikliklər barədə məlumat verib. O deyib ki, layihələrə əsasən fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək: "Yəni hərbi vəziyyət şəraitində qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitdədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Eyni zamanda,  təklif olunan əlavələrə görə, hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər. Digər əlavəyə əsasən isə hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər".

Kamil HƏMZƏOĞLU

 





18.04.2018    çap et  çap et