525.Az

Ölkədə iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilir


 

Ölkədə iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilir<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

İclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli iclasın gündəliyinə iki məsələnin - "Məşğulluq haqqında" yeni qanun layihəsinin və "Sosial sığorta haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin  salındığını bildirib.

O qeyd edib ki, son illərin ən başlıca prioritet məsələlərindən biri məşğulluq məsələsidir.

Onun sözlərinə görə, məşğulluq məsələsi təmin edilən yerdə digər problemlər də öz həllini qismən tapa bilir:
"Qeyd edim ki, bizdə məşğulluqla bağlı qanun vardı. Amma həmin sənədin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq dəyişdirilməsi ehtiyacı yaranmışdı. Odur ki, məşğulluqla bağlı yeni qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı və özünüz də görəcəksiniz ki, köhnə qanunla yeni qanun arasında fərq 50 faizdən çoxdur".

Qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əmək və sosial müdafiə nazirinin müavini İdris İsayev isə yeni sənəddə yeni yanaşmanın ortaya qoyulduğunu bildirib. Nazir müavini deyib ki, qanun layihəsi 5 fəsildən və 34 maddədən ibarətdir.
 
İ. Əsgərovun dediyinə görə, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib:

"Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir".

Bununla yanaşı, qanun layihəsində işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının  maliyyələşdirilməsi ilə bağlı yeni maddə nəzərdə tutulur. Bu maddəyə əsasən,  sosial iş yerlərində  işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyələşdirilir. 

Nazir müavininin sözlərinə görə, adıçəkilən sənəddə göstərilir ki, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əmək haqqından çox, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum aylıq əmək haqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir:
 
"Bu baxımdan da, sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir. Sosial iş yerlərinin təşkili zamanı əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir". 

İ. İsayev həmçinin deyib ki, layihədə sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə dair yeni maddə də nəzərdə tutulub:

"Bu maddəyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən kvotadan əlavə iş yerləri,  sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər.
 
Layihəyə daxil edilmiş yeni maddə ilə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.

Fərdi məşğulluq proqramı - işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir".

Kamil HƏMZƏOĞLU

 





18.04.2018    çap et  çap et