525.Az

“Ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik”


 

“Ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik”<b style="color:red"></b>

“2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaq”. 

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. 

Dövlət başçısı deyib ki, ölkəmizi dünyada tanıtdıra bilmişik: “Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim edib. Bununla paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, ölkəmizi daha da gücləndirir, bu sahədə minlərlə iş yeri yaradılır və yaradılacaq”.

Prezident İlham Əliyev bildirib ki, böyük idman uğurları ilə fəxr edə bilərik: “Bizim idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir”. 

Dövlət başçısı deyib ki, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir: “Hansı sahəyə baxsaq, inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir. Biz regional inkişafla çox ciddi məşğul olmuşuq. Üç regional inkişaf proqramı qəbul edilib. Üçüncüsü bu il başa çatır. Regionların siması dəyişilib, şəhərlər abadlaşıb, gözəlləşib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakı şəhəri bizim qürur mənbəyimizdir. Yəni, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. 

Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olub: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

 





19.04.2018    çap et  çap et