525.Az

BDU meqaproyektə qoşuldu


 

BDU meqaproyektə qoşuldu<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, səfərin məqsədi BNTİ-nin NICA (Nuclotron-based Ion Collider fasility) meqaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir.

Tədbirə dünyanın müxtəlif nüvə tədqiqatları mərkəzlərindən 200-dən çox alim qatılıb. NICA proyektinə qoşulan BDU və MNTM yerinə yetiriləcək MPD detektor sistemində fiziki proseslərin simulyasiyası, eləcə də hazırda fəaliyyət göstərən BM@N təcrübəsində iştirak edəcək.

Hadisə generatorları ilə simulyasiya edilmiş, eləcə də müxtəlif ölçülü nüvələrin toqquşmasından alınmış nəticələrin emalı yerinə yetiriləcək. Xüsusilə, zamanı proyeksiya edən detektorlarda zərrəciklərin innovativ üsullarla ayırd edilməsi BDU və MNTM əməkdaşları tərəfindən işlənib hazırlanacaq, ilk növbədə, zərrəciklərin spektrləri, onların yaranma en kəsikləri ölçüləcək və indiyə kimi yerinə yetirilmiş oxşar ölçmələrlə sistematik şəkildə müqayisə ediləcək. İkinci addımda zərrəciklərin sayı paylanılacaq, onların toqquşmadan-toqquşmaya saylarının dəyi

şməsi öyrəniləcək, paralel olaraq statistik mexanikadan və dinamik modellərdən əldə edilmiş nəzəri nəticələrlə müqayisələr yerinə yetiriləcək. Bu məqsədlə informasiya texnologiyaları və statistik riyaziyyatın müasir üsullarından istifadə ediləcək.

Qeyd edək ki, NICA kompleksindən başqa, oxşar tədqiqatlar CERN-in Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanıb.

S.QARAYEVA

 





19.04.2018    çap et  çap et