525.Az

"Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri keçirildi - Foto


 

"Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri keçirildi - <b style="color:red">Foto</b>

Aprelin 19-da Bakı İdman Sarayında 21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə "Raquf Orucov Kuboku" ikinci beynəlxalq komanda turniri keçirilib.

Dövlət və hökumət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, veteran hərbçilərin, şəhid ailələri üzvlərinin, tanınmış idmançıların, ictimai təşkilatların təmsilçilərinin iştirak etdikləri təntənəli mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni oxunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Sahib İsmayılov çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri hünər və qəhrəmanlığın gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını,  şəhid hərbçilərimizin xatirəsinə həsr edilən belə tədbirlərin milli-mənəvi dəyərlərimizi zənginləşdirdiyini  qeyd ediblər. Polkovnik-leytenant Raquf Orucovun qardaşı Zabil Orucov şəhidlərin  xatirəsinə göstərilən hörmət ehtirama görə turnirin təşkilatçısı “Azman holdinq”ə və "Judo Club 2012" idman klubuna və mərasim iştirakçılarına üzvləri adından təşəkkür edib.

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra turnirin final mərhələsinin iştirakçıları tatami üzərinə dəvət olunublar. Bürünc medallar uğrunda mübarizənin qalibləri Gürcüstan və “Atilla-1” komandaları olublar. Qızıl və gümüş medalların sahibləri isə "Judo Club 2012" və Qəbələ komandalarının görüşündə müəyyənləşib. Qəbələ cüdoçuları gərgin mübarizədə qalib gələrək 21 yaşadək (U-21) gənclər arasında ikinci beynəlxalq "Raquf Orucov Kuboku" komanda turnirinin qızıl medalına layiq görülüblər. "Judo Club 2012" komandası, ötən il olduğu kimi, gümüş medalla kifayətlənib. Qaliblərə kubok və qiymətli hədiyyələr təqdim olunub.

Xatirə turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilib.

 





20.04.2018    çap et  çap et