525.Az

Alkoqolizmə qarşı necə mübarizə apardıq...


 

Alkoqolizmə qarşı necə mübarizə apardıq...<b style="color:red"></b>

[email protected] 

...Hərdən uydurma “bayram”larımızı, qondarma “adət-ənənə”lərimizi, kampaniya xarakterli “həmrəylik tədbirləri”mizi və... zorakı, iradi qadağaları müşahidə eləyəndə, yaxud zorən iştirakçısına çevriləndə heç də uzaq keçmiş olmayan tariximiz və həmin tarixin dərhal lətifəyə dönən əndrabadi işdəkləri yadıma düşür.

Tarix təkrarlanır. Bu dəfə məzhəkə formasında...

lll

Əvvəlcə ondan başlayım ki, bu dəfə sovet idarə üsulu üçün xarakterik olmayan bir hal baş vermişdi: 1985-ci il mayın 7-də – sovet dövründə “Radio günü və bütün rabitə işçiləri günü”ndə Sov.İKP MK və SSRİ Nazirlər Soveti ayrı-ayrılıqda eyni bir məsələ barədə qərar qəbul etdilər. “Sərxoşluğun və alkoqolizmin aradan qaldırılması haqqında”.

Mixail Qorbaçovun hakimiyyətə gəlişindən təxminən 50 gün sonra qəbul edilmiş bu qərarların təşəbbüskarı Siyasi Büro üzvləri Yeqor Liqaçov və Mixail Solomentsev olsa da həm məişət səviyyəsində, həm də beynəlxalq dairələrdə bu qərarlar “Qorbaçovun suxoy zakonu” (“boğaz yaşlamağı yasaqlayan qanun”) kimi tanındı. Liqaçovla Solomentsev isə ideyanı daha və daha əvvəlki baş katib Yuri Andropovdan əxz etmişdilər: “daha və daha əvvəlki baş katib”in fikrincə, həmin vaxtlar üçün sovet iqtisadiyyatını bürümüş tənəzzülün səbəblərindən biri “kommunizm qurucularının” mənəvi-əxlaqi dəyərlərinin ümumən ucuzlaşması və əməyə səhlənkar münasibət idi ki, bunda da ilk növbədə, cəmiyyətdə hökm sürən kütləvi alkoqolizm günahkar idi.

“Vikipediya”da bu yaxınlarda oxuduğuma görə, 1970-ci illərin sonu üçün SSRİ-də spirtli içkilərin qəbul edilməsi ölkə tarixində rekord həddə çatıbmış: nə Rusiya imperiyası, nə də Stalinin hakimiyyəti dövründə alkoqol istehlakı adambaşına 5 litri aşmadığı halda 1984-cü ildə 10,5 litrə çatıbmış ki, bunun da mühüm hissəsini araq təşkil edirmiş.

Sov.İKP MK-nın və SSRİ hökumətinin qərarlarında bütün partiya, sovet, inzibati və hüquq mühafizə orqanlarına bir vəzifə olaraq tapşırılırdı ki, “sərxoşluğa və alkoqolizmə qarşı qətiyyətlə, hər vasitə ilə mübarizə” aparsınlar. Qərarlarda bu “mübarizə”nin konkret formaları da əksini tapmışdı: ən əvvəl, şərab üzümü sortlarının əkin sahələrinin azaldılması və süfrə üzümü sortlarının əkin sahələrinin genişləndirilməsi, alkoqollu içkilərin istehsalının, onların satış yerlərinin və müddətlərinin əhəmiyyətli dərəcədə azaldılması (məsələn, formal olaraq SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli qərarı ilə ləğv edilənədək mağazalarda alkoqollu içkilərin satışına yalnız saat 14-dən 19-dək icazə verilirdi), antialkoqol təbliğatının genişləndirilməsi, bu işə geniş ictimaiyyətin cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi və s. və i.a.

1985-ci il mayın 16-da isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti sərxoşluğa və alkoqolizmə, gizli yolla araq çəkilməsinə qarşı mübarizənin gücləndirilməsi haqqında fərman verdi. Bu fərmanla, necə deyərlər, mübarizənin inzibati və cinayət cəzası üzrə tədbirlər müəyyənləşdirilirdi.

Bütün bu həngamənin ən eybəcər tərəfi məhz təbliğat-təşviqat, maarifləndirmə işləri idi ki, onun da əsasını Ümumittifaq Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyətinin və onun üzüaşağı bütün vəsilələr boyu törəmə təşkilatlarının yaradılması təşkil edirdi.

1985-ci il iyulun 30-da Sov.İKP MK katibliyinin iclasında Ümumittifaq Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyətinin təşkili məsələləri müzakirə edilmiş, bu qurama cəmiyyətin nizamnaməsi təsdiqlənmişdi. Nizamnaməyə görə, Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyəti “sərxoşluğun və alkoqolizmin aradan qaldırılmasına, ölkədə antialkoqol hərəkatının genişləndirilməsinə, ona əsl ümumxalq xarakteri verilməsinə, məişətdə alkoqoldan istifadə edilməsini aradan qaldıran yeni sosialist adət və ənənələrinin tətbiqinə yardım edən kütləvi ictimai təşkilat” olaraq düşünülmüşdü.

MK iclasının ertəsi günü “Pravda” qəzeti təntənəli şəkildə bəyan edirdi ki, “ölkəmizdə SSRİ EA-nın vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı akademik Y.A.Ovçinnikovun rəhbərliyi ilə Ümumittifaq Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyəti yaradılmışdır. İki dəfə Sosialist Əməyi Qəhrəmanları – leninqradlı briqadir V.S.Çiçerov və V.İ.Lenin adına Ümummittifaq Kənd Təsərrüfatı Akademiyasının fəxri akademiki T.S.Maltsev, SSRİ Xalq artisti, bəstəkar R.V.Pauls və əməkdar idman ustası V.A.Tretyak, SSRİ Tibb Elmləri Akademiyasının akademiki F.Q.Uqlov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ-nin təyyarəçi-kosmonavtı B.V.Volınov və ölkədə yaxşı tanınan bir çox adamlar bu cəmiyyətin üzvləridir”.

Bu tipli məsələlərdə öndə olmağa adət eləmiş “qırmızıbayraqlı” respublikamızda da dərhal Azərbaycan Respublikasının Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyəti təşkil olundu və o vaxtkı leytenant Şmidt, indiki Rəşid Behbudov küçəsində, keçmiş 26-lar bağı ilə üzbəüz yarımzirzəmidə cəmiyyət üçün qərargah ayrıldı. Cəmiyyətin rayon şöbələri yarandıqca ilk təşkilatlar da təsis olunurdu. Belə təşkilatlardan biri də o vaxt çalışdığım “Azərbaycan gəncləri” qəzeti redaksiyasının payına düşmüşdü.

Təşkilatın təsis iclasına keçməzdən öncə, məsələyə birbaşa aidliyi olan bir məqamı qeyd edim. 

O vaxt cavan idim, redaksiyada da cavanlardan ibarət 5-6 nəfərlik bir qrup vardı və biz azacıq məvacibimizin verdiyi imkanlar müqabilində günümüzü az-çox xoş keçirməyə də ara-sıra cəhd edirdik və bu, adətən, günorta naharına təsadüf edirdi. Deməzdim ki, biz alkoqol həvəskarıydıq, sadəcə, bu, qıt vaxtında elə “Azərbaycan” nəşriyyatı yeməkxanasının bufetində arağın əl altından  “məqbul qiymətə” verilməsiylə bağlıydı. Üstəlik, antialkoqol kampaniyası başlanandan sonra ənənəvi müsəlmançılığımız da dadımıza çatırdı: üzbəüz doqquzmərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Qastronom”da 3 manat 60 qəpiklik (təbii ki, sovet puluynan!) adi “Vodka”nı 4 manata, 4 manat 12 qəpiklik “Stoliçnaya” arağını 4 manat 50 qəpiyə saat 14-dən qabaq “etibarlı alıcılara” satmaqdan heç kim çəkinmirdi və biz də bundan sui-istifadə edirdik.

Ümumiyyətlə, bütün yasaq meyvələr həmişə şirin olduğuna görə az qala heç vaxt dilinə pivə vurmayanlar da indi 100 qramdan heç cür boyun qaçırmırdılar.

Yeməkxanadakı “vuran stollar” indi də gözümün qabağındadır; onların biri, adətən, ellik nahar bitəndə arəstə olurdu. Həmin “qatı vuran”ların bir xeylisi indi haqq dünyasında olduğuna görə onların adını çəkmirəm...

Arağı gözdən pərdə asmaq xətrinə “Badamlı” şüşəsinə əndərib süfrəyə qoyur, adi çapma stəkanlarda başımıza çəkəndə isə kənardan bunun necə yozulacağının fərqinə varmırdıq. Biz sərxoşluq eləmirdik, alkoqolik deyildik, amma bu da özgün bir etiraz formasıydı, canımıza hopmuşdu və təəssüf ki, yaxşı-pisliyi barədə düşünmürdük...

Və belə günlərin birində redaktor Yusif Kərimov bizi otağına yığdı, partiya və hökumətin antialkoqol tədbirləri (əslində, kampaniyası) barədə müfəssəl danışdı, bizim “əmək kollektivi”ndə də Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyətinin ilk təşkilatını yaratmağın “məsləhət olduğunu” söylədi. Ümumən iclasbaz olmayan və zəruri hallarda fikrini çox yığcam şəkildə ifadə eləməyə üstünlük verən Yusif müəllim müzakirə açmadan “Şakir müəllimin ilk təşkilatın sədrliyinə ən yaxşı namizəd olduğunu” bəyan elədi. Şübhəsiz ki, mənim “cavanlığım”dan xəbərdar idi, buna baxmayaraq, “məsləhət”ə uyğun olaraq, təşkilata intizamlı bir rəhbər işçinin başçılıq eləməsi redaksiyada bu işə başdansovdu yanaşılmadığını göstərmək üçün bir fakt olacaqdı.

Həm demokratiya ab-havasının təzəlikcə Şubanı dağlarının cənub-şərqinə yayılmağa başlaması, həm də redaksiyada hökm sürən mülayimlik əhval-ruhiyyəsi mənə imkan verdi ki, durub bu etimada görə təşəkkürümü bildirəm və səmimi olaraq etiraf edəm ki, “indiyədək içmişəm, indi də içirəm və heç kimə təminat verə bilmirəm ki, təşkilata rəhbərlik edəcəyim dövrdə içməyəcəyəm. Ona görə də namizədliyimi geri götürürəm...”.

Hamı şoka düşdü, Yusif müəllimdən savayı. Mənim dediklərimi çox səmimi qarşıladığını və bunun mühüm partiya tədbirinə ciddi yanaşmağımın ifadəsi olduğunu söyləyərək həqiqətən ömründə ana südündən və səhərlər şirin çaydan savayı dilinə heç bir içki dəyməyən sıravi bir müxbiri təşkilat sədrliyinə tövsiyə elədi, elə o anda da hamı bu kampaniyanın növbəti başqatma tədbiri olduğunu yəqin elədi...

İclasdan çıxıb, məhdud büdcəmizin hesabına “bu əlamətdar faktı və müdirin”, yəni mənim “cəsarətimi” qeyd eləməyə yollandıq...

lll

Mən bir qədər irəlidə “ayıqlıq cəmiyyəti”nin nizamnaməsinin preambulasını olduğutək əbəs yerə sitat gətirmədim. Diqqət edin, orada belə bir fikir də var: “məişətdə alkoqoldan istifadə edilməsini aradan qaldıran yeni sosialist adət və ənənələrinin tətbiqinə yardım edən”...

Günlərin bir günü Yusif müəllim məni yanına çağırdı.

– Sənin o “komsomol toyu”nun ssenarisi necə oldu? – Bığaltı gülümsünə-gülümsünə soruşdu.

Təxminən iki-üç ay qabaq “Gənclər”in “2+?” tematik səhifəsində toyların meyxanaya dönməsindən yazmışdım. Qəzet çıxandan bir neçə gün sonra redaktor mənə dedi ki, yazı səlahiyyətli orqanların diqqətini cəlb edib; mədəniyyət nazirinin müavini zəng vurub deyib ki, komsomol toyunun zəruriliyindən danışan müəllif qoy bu toyun ssenarisini yazıb ortaya qoysun, biz də bilək ki, bu, nə olan şeydir...

Mənim küt-küt baxdığımı görən Yusif müəllim: “Məccani yox, ssenarini səndən pulla alacaqlar” – dedi. Mən yenə ümidsiz halda çiyinlərimi atanda o, “Əşi, burda çətin nə var ki?! Elə səhərdən-axşamacan bu barədə yazmırıqmı? Götür, bir şey quraşdır, apar ver, pulunu al da...” – deyə söhbətə nöqtə qoydu...

Aradan bir xeyli keçmişdi, ssenarim Mədəniyyət Nazirliyində qəbul olunmuşdu, amma hələ pulunu almamışdım: bu məsələni müsabiqə formasına salmışdılar, elan vermişdilər, ssenarilər yığmışdılar, qalmışdı bircə müsabiqəyə yekun vurmaq...

Dedim:

– Ssenaridən bir soraq çıxsa, yəqin ki, birinci siz biləcəksiniz... Hələlik heç nə yoxdur...

– Onu bilirəm, mən ayrı şey soruşuram: yəni bu mətnin bir kopyası-zadı qalıbmı səndə?

– Qalmalıdır...

– Götür onu, başlığını elə “İçkisiz toy”, içərisinə də bu istiqamətdə yüngülcə əl gəzdir, apar ver respublika “ayıqlar cəmiyyəti”nə... Həm də ləngitmə, bir az tezləşdir. Onlara təcili belə bir ssenari lazımdır...

lll

Antialkoqol kampaniyası, ən əvvəl, ölkənin dövlət büdcəsinə ciddi zərər vurdu: pərakəndə satışdan büdcə daxilolmalarının 25 faizini təşkil edən alkoqol satışı əhəmiyyətli dərəcədə azaldı; şərabçılıq və onun xammal bazası olan üzümçülüyün inkişafı ciddi şəkildə dayandı – bəzi məlumatlara görə, ölkə üzrə üzümlüklərin 30 faizi doğrandı; Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan Macarıstan, Rumıniya və Bolqarıstanla münasibətlər kəskin şəkildə pisləşdi – bu ölkələrdə istehsal edilən şərabın böyük hissəsi ənənəvi olaraq SSRİ-yə ixrac olunurdu, indi isə Xarici Ticarət Nazirliyi bu alğıdan imtina etmişdi; fərdi talelər də ziyan çəkdi: ən müxtəlif ranqlı yüzlərlə çinovnik içki məclisində iştirak etdiyinə görə, yaxud özünün təşkil elədiyi məclisdə alkoqollu içki verildiyinə görə partiya sıralarından çıxarıldı və tutduğu vəzifədən məhrum oldu...

...“Komsomol toyu” ssenarim Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə birinci mükafata – 300 manata layiq görüldü, “İçkisiz toy” ssenarimə isə Ayıqlıq Uğrunda Könüllü Mübarizə Cəmiyyəti yalnız təkliklərdən ibarət cəmi 150 manat verdi...

lll

Ayıqlıq bizdə heç zaman problem olmayıb. Ayılmağa isə nəinki Sov.İKP-nin qərarı ilə, heç BMT Təhlükəsizlik Şurasının qətnaməsiylə də nail olmaq mümkün deyil...

Antialkoqol kampaniyasından kütləvi narazılıq və 1987-ci ildən başlanan iqtisadi böhran sovet rəhbərliyini şərabçılıq məhsullarının istehsalı və istehlakı ilə bağlı mübarizəni dayandırmağa məcbur etdi. 2005-ci ildə, alkoqolizm əleyhinə kampaniyanın 20 illiyi ilə əlaqədar müsahibələrindən birində Mixail Qorbaçov demişdi: “Yol verilmiş səhvlər ucbatından yaxşı başlanmış böyük iş şərəfsizcəsinə başa çatdı”.

Qorbaçov unudurdu ki, bütün kampaniyaların, o cümlədən SSRİ-də 1918-1923-cü, 1929-cu, 1958-ci və 1972-ci illərin antialkoqol kampaniyalarının da aqibəti belə olmuşdu...

P.S. 1981-ci ilin oktyabrında, yeni sosialist adət-ənənələrini öyrənmək məqsədilə bizim partiyanın Mərkəzi Komitəsi tərəfindən Başqırdıstana ezamiyyətə getməyim yadıma düşür. Aeroportdan birbaşa vilayət partiya komitəsinə gəlmişdim. Başqırd qardaşların iş təcrübəsinə qardaş Azərbaycandan olan maraq Ufa şəhərinin yüksək rütbəli məmurlarını o qədər vəcdə gətirmişdi ki, gəlişimi hökmən 100 qram araqla qeyd eləməyi lazım bildilər və bunun üçün məni düz üç saat şəhərin “içki müəssisələri”nə gəzdirdilər, lakin heç yerdə məqsədlərinə çatmadılar.

İzahları belə oldu: “Biz bivaxt gəlmişik, yerlər qabaqcadan sifariş edilib”.

Məni axşam saat 10-da nüfuzlu “Agidel” mehmanxanasında ac-susuz yerləşdirəndə, əslində, muxtar respublikanın rəhbərlərindən biri olan vilayət partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri “könlümü almaq üçün” dedi: “Bu, Sov.İKP MK tərəfindən bəyənilmiş antialkoqol təşəbbüsümüzün real təzahürüdür... Eyib etməz, sabah şənbə günüdür, bizdəki “Şərab evi”nə gedib gəlişinizi qeyd edərik. Orda adambaşına 100 qram verilsə də, biz bir şey fikirləşərik”...

Görünür, “təşəbbüs”ün acı nəticələri hələ qabaqdaymış: biz saat 14-də açılacaq “Şərab evi”nin önündə növbə tutanda hələ saat 10 olmamışdı. Mən qonaq idim deyə ev sahiblərinin çaldığı havaya oynamağa məcburdum. Bu hava sümüklərimə düşməsə də!..

May 1985 – İyun 2013

 





04.07.2013    çap et  çap et