MÜBARİZ ƏHMƏDOĞLU: “RUSİYA QARABAĞ DA DAXİL OLMAQLA, BÜTÜN MƏSƏLƏLƏRDƏ AZƏRBAYCANIN MARAQLARINI NƏZƏRƏ ALIR”
Dünən Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində Siyasi İnnovasiya və Texnologiya mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu iyun ayı üçün beynəlxalq və regional aləmdə baş verən hadisələrin təhlilinə həsr edilmiş hesabatı təqdim edib.
İranda keçirilən prezident seçkilərində islatahatçılar qanadının təmsilçisi Seyid Həsən Ruhani qalib gəlməsində eks-prezidentlər Rəfsancani və Hatəminin əhaliyə müraciətləri mühüm rol oynadığını deyən politoloq bu seçkilər zamana cərəyan edən prosesləri analiz edib. Qərbin Ruhaninin prezidentliyinə böyük ümid bəslədiyini və onun üçün ilkin dividentlər ayırdığını bildirən M.Əhmədoğlu deyib ki, Qərbin Ruhaniyə kart-blanşın verdiyini düşünmək olar: “Ruhaninin prezident seçilməsi Rusiyanın daha da aktivləşməsinə səbəb oldu. Bu aktivlik rəsmi Moskvanın narahatlığı ilə yanaşı müşahidə olunur. Yeni prezidentə Qərbin kart-blanş verməsi Rusiya üçün təhlükəli ssenarilərin reallaşma ehtimalını daha da gücləndirir. İran “S-300” ZRK-ların satılması ilə bağlı müqavilənin icra olunmasında israrlı olub beynəlxalq məhkəmədən şikayətini geri götürmək fikrində deyil. Bu məsələdə əsas açar ABŞ-a mənsubdur. Rusiyanın İrana “S-300” ZRK-ları verməməsinin, eləcə də İranın beynəlxalq məhkəmədə qalib gəlməsinin səbəbkarı ABŞ-dır. ABŞ bu məsələdən öz maraqlarına uyğun istiqamətdə istifadə edəcək. Hər halda yeni prezident seçkilərindən sonra Rusiyanı biz daha zəifləmiş formada görürük. İsrail yeni prezident seçkisindən sonra Qərbin İrana qarşı mövqeyinin dəyişməsindən narahatdır və buna əlavə vaxt verilməsi kimi yanaşır. İsrailin fikrincə, İrana heç bir şərt daxilində əlavə vaxt verilməməlidir”.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz regionu üzrə indiki siyasətini müstəqil siyasət qurmasının başlanğıcı hesab etmək olar: “Bu siyasətin üç tərkib hissəsi var: birincisi, Rusiya Ermənistanın maraqlarını nəzərə almır, onu özünə strateji müttəfiq hesab etmir; ikincisi, Rusiyanın Gürcüstanla iqtisadi münasibətlərinin qurulmasında şərab məhsullarının ön plana çıxarması təsadüfi deyil. Gürcüstan ildə Rusiya bazarına 100 milyon dollara kimi şərab göndərmək niyyətindədir. Gələcəkdə bu rəqəmi artıracaq. Erməni şərabının Rusiya bazarında ən böyük rəqibi gürcü şərabı idi. Rusiya şərab bazarından 100 milyon dolların Gürcüstana gəlməsi həmin məbləğ pulun Ermənistana getməməsi deməkdir. Ermənistan Rusiya ilə Gürcüstan arasında düşmənçilik yaratmaqla qazanc əldə etmək istəyirdi. Bir neçə il qazandı. İndi ondan da məhrum olur. Rusiya-Gürcüstan münasibətlərinin ermənilərin nəzarətindən çıxması və ya müstəqilləşməsi yaxın illərdə regionun arxitekturasını dəyişə bilər. İndi bu proses müəyyən mənada gürcülər üçün ağrılıdır, çünki Rusiya Gürcüstana etdiyi yaxşılığın Abxaziya və Cənubi Osetiyanı qorxutmasını neytrallaşdırmaq üçün müəyyən addımlar atmalıdır. Cənubi Osetiyadan inzibati sərhədlərin Gürcüstanın daxilinə doğru 300 metr irəliləməsi bu mahiyyəti daşıya bilər. Ermənistan Rusiyanın maraqlarını daha çox nəzərə almağa hazırdır. Rusiyanın daxili hərbi hissələrinə yerləşdirilməmiş “İskender-M” OTRK-nın Ermənistana gətirilməsi ilə bağlı ermənilərin yaydığı məlumatın bir məqsədi Azərbaycanı qorxutmaqdırsa, digər məqsədi Gürcüstana psixoloji təsirdir. BMT Baş Assambleyasında gürcü qaçqınlarının vəziyyəti müzakirə olunarkən Ermənistan ən azı neytral qala bilərdi, və ya səsvermədə iştirak etməzdi. Ermənistan səsvermədə iştirak edib, Gürcüstanın əleyhinə səs verən 16 dövlətdən biri oldu. Həmin səsvermədə 84 dövlət neytral, 30-dan çox dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi. Ermənistan Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionunda vəziyyəti gərginləşdirməklə bağlı müxtəlif “tryuk”lar həyata keçirir. Guya dalaşan gənclər yalnız Çaxalyanların iştirakı ilə barışa bilərlər, eləcə də Cavaxetiya erməniləri rəsmi Yerevanın qoyduğu sərhədi keçərkən 2,5 dollar dövlət rüsumu ödəməkdən narazılıq etməyə başlayıblar. Hər iki hal Cavaxetiya ermənilərini qızışdırmağa hesablanıb. Gürcüstanın Ermənistana cavab verməsi indiki şəraitdə Ermənistanı çətin vəziyyətə sala bilər. Ermənilərin gürcülərə qarşı bu hərəkətinin arxasında Qarabağ məsələsinin Cavaxetiya məsələsi ilə əvəzlənməsinə hesablanmış addım ola bilər; üçüncü mənbə Rusiyanın Azərbaycanla apardığı yeni tipli siyasətdir. Rusiya Qarabağ da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır. Ermənistan bütün tarixi boyu əlində olan ən böyük üstünlüyündən məhrum oldu: Rusiya Cənubi Qafqazda müstəqil siyasət aparmağa, ermənilərin maraqlarını nəzərə almamağa başladı”.
Ermənistan dörd dövlətlə qonşu olduğunu xatırladan M.Əhmədoğlu bildirib ki, onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruduğunu Gürcüstanla olan sərhəddini isə Avropa İttifaqının (Qərbin) nəzarəti altındadır: “Ermənistan-Azərbaycan sərhədi hazırda nəzarətsiz zonadır, İran və Ermənistanın birgə qara məqsədləri üçün istifadə olunur. Ermənistanın təhlükəsizliyinin təmini ilə bağlı qaldırdığı hay-küy Rusiyanı vadar edir ki, Ermənistanın bütün dörd dövlətlə olan sərhədlərini öz nəzarəti altına götürsün və onun təhlükəsizliyinə tam təminat versin”.
Əhmədinecadın Ermənistana 3 dəfə səfər edən yeganə İran prezidenti olduğunu qeyd edən politoloq onun Ermənistan üçün etdiklərini sadalayıb: “Əhmədinecad dünyada yeganə prezidentdir ki, Ermənistan prezidenti Sərkisyanın İrana səfər etməsinə hədiyyə əta edib: birinci dəfə 20 milyon dollar, ikinci dəfə 60 milyon dollar; Alternativ avtomobil yolu Əhmədinecadın dövründə çəkildi; İran-Ermənistan qaz kəməri Əhmədinecadın dövründə layihələşdi, İranın hesabında maliyyələşərək çəkildi. İndi bu kəmərin Ermənistan hissəsi Rusiyaya məxsusdur. 3 ədəd yüksək gərginlikli İran-Ermənistan elektrik xəttinin çəkilməsi layihələndirildi. 3 xətdən 2-i İranın vəsaiti hesabına tikilib, fəaliyyətdədir; Təbriz-Yerevan neft məhsulları kəməri İrandan asılı olmayan səbəblərdən reallaşdırılmır. Şimal-Cənub dəhlizinin avtomobil yolunun layihələşdirilməsi və tikintinin başlanması Əhmədinecadın dövründə oldu; İran-Ermənistan dəmiryolunun texniki-iqtisadi əsaslandırılması tam hazırdır. Əvvəlki qiymətlə bu dəmiryolunun çəkilməsi 2,5-3 milyard ABŞ dolları vəsait tələb edir. İndi daha bahalaşıb. Əhmədinecad hökuməti bəyan etdi ki, Ermənistan öz ərazisində İran-Ermənistan dəmiryolunun tikintisinə başlayan kimi İran öz ərazisində dəmiryolunu tikəcək. Həmçinin Mehri SES-in tikintisi başlandı. İran bu SES-in tikintisinə 330 milyon dollar vəsait ayırdı. İndi smeta xərcləri bahalaşaraq 500 milyon dollar olub. Əhmədinecad bu halda da Mehri SES-in tikiləcəyini bildirdi. İran Ermənistanın ictimai-siyasi mühitinin təxminən 80 faizini maliyyələşdirir. Bu maliyyələşmə gizli yolla aparılır. Ermənistanın ictimai-siyasi mühitinə İranın xərclədiyi pul Fələstində bəzi qruplaşmalara xərclədiyi pulla müqayisə oluna bilər. Habelə Əhmədinecad xristian Ermənistanı və müsəlman İranını eyni mədəniyyətin daşıyıcısı elan etdi. Əhmədinecadın dövründə İran heç bir müsəlman qonşusu ilə münasibətləri bu səviyyədə inkişaf etməyib. İranın Ermənistana qoyduğu investisiya və bu dövlətlə illik mal dövriyyəsi Fələstinə qoyduğu investisiya və mal dövriyyəsindən 10-15 dəfə çoxdur. Hesab edirəm ki, bu zaman İran-Ermənistan münasibətləri öz “qızıl dövrünü” yaşayıb. Ermənilərə görə, yeni prezidentin seçilməsi İran-Ermənistan münasibətlərini dəyişməyəcək, çünki İranın xarici siyasətini prezident deyil, ali dini lider müəyyənləşdirir – o, isə dəyişilməyib”.
M.Əhmədoğlu hesab edir ki, Rəsmi Yerevanın Azərbaycanın son addımlarına reaksiyası Dağlıq Qarabağ tənzimlənməsində erməni təhtəlşüurunu açıq şəkildə ortalıya qoydu: “Ermənistan Azərbaycanın iqtisadi təşəbbüslərinə müsbət cavab vermədi. Rəsmi Bakı Ermənistana qaz vermək, onu regional layihələrə qoşmaqla bağlı ciddi bəyanatla çıxış etdi. Ermənistan prezidenti, parlamentin spikeri, baş naziri və xarici işlər naziri müvafiq tribunalara malik olsalar da, Azərbaycan haqqında əvvəlki hədyanlarını davam etdirdilər, onun Ermənistana doğru irəli sürdüyü iqtisadi təşəbbüslərini eşitməzliyə vurdular. Bakıda keçirilən paradda isə Azərbaycanın hərbi təşəbbüslərini, hərbi bəyanatlarını dərhal gördülər. Bununla da Ermənistan rəhbərliyi sübut etdi ki, o, yalnız hərbin dilini qavraya bilir: acından ölsə də, Azərbaycanın iqtisadi bəyanatlarını eşitmir. Ona görə də rəsmi Yerevan Azərbaycanın keçirdiyi hərbi paraddan dərhal sonra şikayət məqsədilə Minsk Qrupu həmsədrlərindən görüş istəyib. Bununla Nalbandyan Azərbaycanın hərbi gücündən həmsədrlərə şikayətini çatdırmaq üçün guya dinc yolla güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Rəsmi Yerevanın bu addımı ATƏT-in vasitəçiliyinin mahiyyətini sübut etmək üçün çox mühüm göstəricilərdən biri ola bilər. Vasitəçilər öz ölkələrinin prezidentlərinin yaydıqları bəyanatda göstərilən yolu da gedə bilərlər: açıq qalmış sualların cavabını tapmaqla çərçivə razılaşmasına, oradan da əhatəli sülh sazişini hazırlamağa başlaya bilərlər. Ermənistanı da, bu yolu getməyə dəvət edə bilərlər. Eyni zamanda vasitəçilər Ermənistanın təhriki ilə regionda hərbi gücün artmasının təhlükəli olmasına, danışıqlara ziyan vurmasına dair bəyanatla da çıxış edə bilərlər. Bütün hallarda bəlli oldu ki, Ermənistan yalnız zoru tanıyır”.
Gürcüstan-Ermənistan əlaqələrindən söz açan M.Əhmədoğlu Ermənistan-Gürcüstan münasibətlərində xırda görünən bəzi proseslərin gələcəkdə ciddi hadisələr yarada biləcəyini qeyd edib.
AQİL
çap et