525.Az

Gürcü poeziyasında Axundov obrazı


 

Gürcü poeziyasında Axundov obrazı<b style="color:red"></b>

Milli iftixarımız, böyük realist yazıçı, mütəfəkkir, materialist filosof Mirzə Fətəli Axundov qədim milli adət-ənənəyə malik Azərbaycan mədəniyyəti, ictimai-siyasi, fəlsəfi-etik və ədəbi-tənqidi fikri tarixində görkəmli rol oynayıb, silinməz iz qoyub gedib.

Bəllidir ki, Mirzə Fətəlinin ömrünün çox qismi böyük mütəfəkkir üçün ikinci Vətənə çevrilmiş Tiflislə bilavasitə bağlı olub. M.F. Axundov Zaqafqaziyanın inzibati  və mədəniyyət mərkəzi olan bu çoxmillətli şəhərə 1834-cü ildə 22 yaşında ikən gəlmiş, “ikinci ata” adlandırdığı  Axund Hacı Ələsgərin köməyi ilə Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında  Şərq dilləri üzrə mütərcim şagirdi  vəzifəsinə düzəlmiş, istedadı və geniş biliyi sayəsində tezliklə rus dilinə möhkəm yiyələnmiş, bir qədər sonra mütərcim vəzifəsinə keçirilmiş və ömrünün sonunadək baş dəftərxanada həmin vəzifədə çalışmışdır.

Qaynar Tiflis həyatı tezliklə Mirzə Fətəlini öz ağuşuna almış, mütərəqqi rus, gürcü yazıçı, şair, dramaturq və ictimai xadimləri ilə şəxsi tanışlıq, düşdüyü ədəbi-mədəni mühit onun dünyagörüşünün zənginləşməsində, bilik və marağının dərinləşməsində, ədəbi-elmi yaradıcılığının inkişafında əvəzsiz rol oynamışdır.

Mirzə Fətəli Tiflisi ürəkdən sevirdi və heç təsadüfi deyil ki, ədəbi yaradıcılığının başlanğıcı hesab olunan “Səbuhi”  təxəllüsü ilə yazdığı “Zəmanədən şikayət” şeiri də Tiflisə həsr edilmişdir. M. F. Axundov bu əsərində şəhəri, onun nəcib insanlarını, füsunkar gözəlliyini məhəbbətlə, əlvan boyalarla təsvir etmişdir. Gənc şair Tiflisi “gözəllikdə... məşhur” şəhər adlandırmış, orada “vəfalı, yaman gündə dada çatan” adamlar yaşadığını söyləmişdir.

Doğma dilindən başqa ərəb, fars, rus dillərini də mükəmməl bilən və əcnəbi dilləri öyrənmək sayəsində səriştəsi olan M. F. Axundov, şübhəsiz, Tiflisdə yaşadığı 44 il ərzində gürcü dilini öyrənməmiş olmazdı. M. F. Axundovun A. Çavçavadze, G. Eristavi, Q. Orbeliani, Z. Antonov, M. Tumanişvili, N. Nikoladze, G. Sereteli, N. Berdzenişvili, D. Bakradze, A. Sereteli, A. Silosani və başqaları ilə şəxsi tanışlığı, habelə onların bir çoxu ilə dostluq əlaqəsi saxlaması da belə fikir yürütməyə əsas verir. Böyük mütəfəkkir rus dostları ilə yanaşı,  gürcü qardaşlara da Azərbaycan dilini öyrədir, əlbəttə, özü də  rus və gürcü dillərini onlardan öyrənir, qarşılıqlı ədəbi əlaqələrin inkişafına samballı hədiyyə daxil edirdi.

Artıq 20-ci illərdən sonra Gürcüstanda M. F. Axundovun yaradıcılığına maraq qat-qat artmış, Gürcüstanın qoynunda uyuyan Azərbaycan övladına gürcü xalqının məhəbbəti ayrı-ayrı şairlərin şeirlərində alovlu misralara çevrilmişdir. Yüksək bəşəri ləyaqətinə görədir ki, Mirzə Fətəlini gürcü xalqı öz övladı kimi qəbul etmişdir və gürcü şairləri böyük ədibə həsr etdikləri şeirlərdə Axundovun yüksək ideallar carçısı olmasını məhəbbətlə tərənnüm etmişlər. Tanınmış gürcü şairi Aleksandr Abaşeli “M. F. Axundovun xatirəsinə” şeirində öz ürək sözlərini belə ifadə etmişdir:  

 

Gürcüstanda qanad açdı

Onun böyük arzuları.

Dünyamıza işıq saçdı

Hikmət dolu yazıları.  

 

Dolaşdıqca dost elləri

Obamızdan ilham aldı.

Orbeliani nəğmələri

Ürəyində yuva saldı.  

 

Şair daha sonra onun gürcü həmkarları ilə dostluq etməsindən, bu ənənələrin hələ Nizami və Orbeliani dövründən mövcud olduğundan, “Puşkin qurban gedən zaman”  Lermontov tək qara geyib, “var səsilə hayqırıb yas saxlamasından” bəhs edərək, bəşərə Axundov kimi şəxsiyyət vermiş Azərbaycan xalqına minnətdarlıq ifadələrini belə tamamlayır:  

 

Qəlbimizdə yaşayacaq

Xatirəsi hər bir zaman.

Qoy var olsun Axundovu

Bu dünyaya bəxş eləyən

Odlar yurdu Azərbaycan.  

 

Görkəmli söz ustası haqqında səmimi şeir yazmış gürcü şairlərindən biri Vaxtanq Qorqanelidir. Onun şeirində gənc  Fətəlinin ilk dəfə  Tiflisə gəlməsi, sələfləri Vaqif və Vidadi kimi gürcü gözəllərinin şəninə nəğmələr qoşması, “böyük rus şairi Puşkinə qıyan” çara nifrət yağdırması və Puşkini inci misralarla şöhrətləndirməsi ilhamla qələmə alınmışdır: 

 

Həqiqət toxumu səpdin nə ki var,

Sən zülmə, zülmətə qılınc çəkərək

Dedin, dost ellərə gələndə bahar

Qardaşlıq bağçası gül açsın gərək.

Ellər əziz tutur, Mirzə Fətəli,

Sən öz əllərinlə saldığın bağı.

O böyük amalı, eşqi, əməli

Qoruyur yenə də gürcü torpağı.

–-deyə gürcü şairi, Axundovun uyuduğu torpaqda onun arzu-amallarının həqiqətə çevrildiyini söyləyir.

Vaso Qorqadzenin şeirində Gürcüstan torpağının Mirzə Fətəlini oğul kimi bağrına basmasından danışılır: 

 

Tiflisə gələndə kövrək idin sən,

Bu yurd məlhəm oldu dərdə, ağrına.

Bu aydın səmalı,  bu gözəl Vətən

Səni bala kimi basdı bağrına. 

 

Qoqoça Zakareşvilinin şeirlərindən birində də Tiflis “Fətəlinin beşiyi” kimi vəsf edilir: 

 

Tiflis Fətəlinin beşiyi oldu,

Ondan qüvvət aldı, cəsarət aldı.

Özündən nur saçan əsərlərilə

Burda məşhurlaşdı, burda qocaldı. 

 

M. F. Axundov şəxsiyyətinin əzəməti gürcü klassik şeirinin tanınmış nümayəndələrindən olan Svimon Papalişvilinin də ilhamını coşdurmuş, bu hissləri o, 1948-ci ildə yazdığı “M. F. Axundovun xatirəsinə” şeirində ifadə etmişdir. Böyük mütəfəkkir Odlar yurdunun elçisitək dünyada min-min insanı oyadan, əzaba qatlaşaraq, öz xalqını xoş gələcəyə səsləyən, ədalət bayrağını  ucaldan, ən böyük amalı qardaşlıq olan şanlı Vətən oğlu kimi vəsf olunan bu şeirdə deyilir: 

 

Xalqına həsr etdin ömrünü bütün,

Nəğmələr oxudun sən şirin-şirin.

Sorağın dolaşır dünyanı bu gün,

Mənəm müğənnisi o nəğmələrin!

Al günəş isidir göyü, çəməni,

Arzu, əməllərin açıbdır çiçək.

Bu xoşbəxt Vətənin yad edir səni

Bu günün, sabahın bayraqdarıtək!

Əsrlər, qərinələr yaşayır,bəli.

Ömrü xalqa verən böyük sənətkar,

Bir sönməz ulduzsan, Mirzə Fətəli,

Sənət səmasında gur şəfəqin var. 

 

Məşhur gürcü şairi Xuta Berulavanın yazdığı “Mirzə Fətəli Axundovun evində” şeiri də Axundov yaradıcılığına böyük ehtiram və hörmətin təcəssümüdür.

M. F. Axundov yaradıcılığı, Mirzə Fətəli sənəti, ədəbi, elmi, fəlsəfi irsi elə bir coşqun nəhrdir ki, gələcək nəsillər zaman-zaman ora baş vuracaq, bu zəngin xəzinədən bəhrələnəcək, təsirlənəcək və bu təsirin gücü ilə Mirzə Fətəliyə yeni-yeni şeirlər, poemalar, povest, roman, monoqrafiyalar həsr edəcəklər.

M. F. Axundov təkcə Azərbaycan xalqının deyil, bütün xalqların, bütün sonrakı nəsillərin ehtiramını, hörmət və məhəbbətini qazandığı üçün gürcü söz sənəti nümayəndələri də bundan sonra yeni-yeni əsərlərlə Axundov şəxsiyyətini şöhrətləndirəcəklər.


Almaz YURDSEVƏR

 





04.07.2013    çap et  çap et