525.Az

Yavan çörək (Hekayə)


 

Yavan çörək <b style="color:red"> (Hekayə)</b>

Bütün yay boyu Saday sarı torpağa saman qataraq su töküb çala tutmuşdu. Bir neçə gündən sonra torpaq el arasında deyildiyi kimi acımışdır.Sonra Saday ayaqlarını soyunub şalvarının balağını dizinə qədər çırmalayıb həmin acımış torpağı ayaqlamışdı.Səhər tezdən qaş qaralana kimi əlləşirdi,kürəyinin ortasıyla tər axaraq ayaqları ilə qatışdırdığı palçığın üstünə tökülürdü.Başının üstündəki Günəş onun üstünə od ələyirdi.Köməyi olmadığı üçün Saday bərk yorulurdu.Palçıq qatışdırmaq çox çətin,həm də yorucu idi.Buna baxmayaraq,Saday var gücü ilə çalışırdı ki,havalar soyuyana kimi evi tikib başa çatdıra bilsin.Həmin qatışdırdığı sarı torpaqdan çoxlu çiy kərpic də kəsmişdi.İndi,Allaha çox şükür ki,Saday  saman qatışıq sarı torpaqdan kəsdiyi çiy kərpiclə tək gözlü bu quş yuvasına oxşayan evi tikib başa çatdırmışdı..Möhkəm yorulsa da,Sadayın ürəyində bir rahatlıq var idi.Allahına şükür edirdi ki,onun da evi var,bu neçə illər ərzində kiprikləri ilə od götürmüş Səltənətin üzünə indi utanmadan baxa biləcəkdir.

Saday kürəyini nəm divara söykəyərək Səltənətin dəmlədiyi çayı ləzzətlə içirdi.Birdən Səltənət soruşdu ki,ay Saday,bəs bu divarın küncündəki kərpicləri niyə yaxşı hörməmisən?!Saday arvadının sözünə gülümsəyərək dedi:-İnşallah,gələcəkdə imkan olsa, otaqların sayını artıranda hörgü zamanı onda kərpicləri bir-birinə bağlamaq asan olacaq.Bax,ona görə də həmin kərpiclərin qulağını   kəsməmişəm. Sadayla Səltənətin Əfsanə adlı,dörd yaşına yenicə qədəm qoymuş bir qızları varıydı və o da,çalı-çəpəri olmayan həyətdə oynayırdı.

Axşam düşür, şər qarışırdı.Onlar ilk dəfə öz evlərində  yatacaqdılar və ona görə də hər ikisi çox həyacanlıydı.Suvaqsız, nəm divarların qoxusu onlara bəlkə də,dünyada heç kəsin duya bilmədiyi sevinc gətirmişdi.  

Səltənət süfrə salmışdı.Süfrədə soyutma kartof,bir tikə də kələm şorabası varıydı. Saday yaxşı bilirdi ki,evlərində turş kələmdən başqa heç nə yoxdur.Çox yəqin ki,Səltənət həmin kartofları kənddəki dükandan nisyə almışdı.

–Neynək,Allah kərimdir,yəqin ki,bizim də güzəranımız yaxşı olacaq- deyən Saday- bismillah edərək çörəyi kəsdi.Loxmanı ləzzətlə yeyən Saday yenidən dilləndi:

–Əsas odu ki,evimiz var,ikimiz də yetim olmuşuq,hayımız,həyanımız olmayıb,əmi,dayı olmayıb,itib batmamışıq,bu günümüzə min şükür,ay Səltənət.

–Düz deyirsən,ay Saday,Allah, sənin canını sağ eləsin,eybi yoxdur,birtəhər yaşayarıq.Heç olmasa,ünvanlı yardımı ala bilsəydik,yenə əlimizdən tutardı-deyən Səltənətin səsi titrədi.Saday soyutma kartofu duza batırdı və dedi:

–Səltənət,qadan alım,onu yadıma salma,o günlər yadıma düşəndə başım,beynim ağrıyır.Düz, altı ay sabezə ayaq döydüm,bir cüt ayaqqabı dağıtdım,nə xeyri,bizim kimi ailələrə çatası dövlət yardımını ala bilmədim.

–O yardım ilan sümüyüdür,onu yeyənlərin boğazını deşəcəkdir.Geji- tezi var.Ancaq belə də çətin olacaq,qızımız, şükür Allaha,böyün- sabah məktəbə gedəcəkdir.Çarə tapmalıyıq.Səltənət çarə tapmalıyıq desə də, ovcunun içi kimi bilirdi ki,o çarə deyilən şeyi tapmaq çox çətindir...

Ertəsi gün, Saday iş tapmaq ümidiylə rayon mərkəzinə getdi.O,bir neçə il bundan əvvəl Xaçınçay qəsəbəsində ki,sürücülük məktəbini bitirmişdi.Xeyli vaxt idi ki,münasib bir iş axtarırdı.Axşam düşənə kimi idarələri axtarsa da yenə naümid geriyə, kəndə qayıdırdı.

Ərinin kor- peşiman qayıtdığını o dəqiqə hiss edən Səltənət ona toxdaqlıq verməyə başladı.Saday duydu ki,Səltənət sözlü adama oxşayır.Doğrudan da elə oldu.Səltənət yerdəki döşəkçənin üstündə oturmuş Sadayın yanında əyləşərək dedi:

–Bilirəm,yorğunsan,başını-beynini dəng eləməyim,rəhmətlik nənəmdən mənə bir az qızıl qalıb.Onu bu illər ərzində sənə bildirməmişəm,qızımız üçün saxlayırdım. Ayrı çarəmiz yoxdur,apar onları sat, üstünə də borc alaq,görək neyləyirik?!

Saday Səltənətin dediklərindən qəhərləndi, onun ürəyindən bir sızıltı keçdi. Ancaq neyləmək olardı,qış düşənə kimi iş tapa bilməsəydi,onda ölünü qoyub dirini ağlamalı olacaqdılar.Qədim misgərlik nümunəsi olan boyunbağını da götürüb Ələsgər kişigilə gəldilər.Halal-hümmət insan olan Ələsgər kişinin kənddə böyük hörməti varıydı.Onları diqqətlə dinləyəndən sonra Ələsgər kişi Sadaydan soruşdu:-Ay oğul,bildiyimə görə şofersən,düz deyirəm,yoxsa səhv eşitmişəm.Saday tez dedi ki, ay dayı, düz bilirsən, nə qədər iş axtarsam da elə bil, bəxtim bağlanıb.

Ələsgər kişi dedi:

– Mənim bir köhnə “QAZ-31”var.Ora burasına da baxmışam,ayaqlarımızı yerdən götürər.Onu verirəm sənə,can sağlığıynan sür,qazanc əldə edəndən sonra mənə çatası pulu gətirib verərsən.Sadayla Səltənətin sevinci gözlərindən axıb tökülürdü.Ələsgər kişi maşının açarını Sadaya verib dedi:-Bakında da benzin çoxdur,o gətirdiyinizi də götürün gedin.Dünyanın axırı döyül ha,sağlıq olsun,inşallah hər şey düzələr.

Köhnə “QAZ-31”Sadayın təzə tikdiyi evin qabağında dayanmışdı.Səltənət bir dəstə üzərriyi yandıraraq maşının başına dolanır və dilinin altında nə isə deyidi.

Qərara gəldilər ki,Saday boyunbağını satıb əlində maya eləsin.Səhəri gün o qədim misgərlik nümunəsini Bərdə bazarında dəyər dəyməzinə satan Saday ötən axşam Səltənətin dediyi sözləri saf-çürük edirdi.Səltənət demişdi ki,əgər boyunbağını sata bilsən,elə bazardan çolpa al,deyirlər ki,Bakıda quş bahadır.Aparıb satarsan,bəlkə Tanrının bizə yazığı gəldi.Saday toyuq-cücə satılan yerə gəldi.Biri beş manatdan düz iyirmi dənə çolpa aldı.Bir balaca torba da dən alaraq evə  qayıtdı.Balaca Əfsanə Sadayın qucağına sığınıb oturmuşdu və elə orda da onu yuxu apardı...

Səltənət yol üçün para təndir çörəyinin arasına şor qoymuşdu. Saday yola düşəndə Səltənət  möhkəm tapşırdı ki,Əfsanə dünən qonşunun qızının kuklasına çox baxırdı.Allah işini avand eləsin,gələndə ona , ucuz da olsa, bir kukla al gətir.

Yevlaxda Kürün körpüsünü keçəndən sonra maşının arxa təkəri buraxdı.Onu dəyişmək isə xeyli vaxt apardı.Əl-üzünü yuyub maşına oturmaq istəyəndə iki cavan yol polisi onu dayandırdı.Məlum oldu ki,Saday maşını qadağan olunmuş yerdə saxlayıb. Əslində,Saday başa düşdü ki,burada qadağanedici nişan-zad yoxdur. Ehtiyat üçün saxladığı puldan on manatı onların cibinə basaraq dil-ağızda tökdü:

–Vallah, mən alverçi zad döyüləm, bismillah eləyib ilk dəfədir ki,ehtiyaca görə bu işə başlamışam.İnsafən cavan olsalar da yol polisləri onu başa düşdülər.

Bakıya çatana qədər Saday bir neçə yerdə yol polisləri ilə şirinliklə ayrılsa da,axırıncılara şirinlik qalmadığı üçün dörd çolpa ilə canını qurtara bilmişdi. Şəhərə yaxşı bələd olmadığı üçün maşını lap yavaş sürür və arada bir, yol kənarında dayanan adamlardan təzə bazara necə getmək olduğunu soruşurdu. Saday yol boyu həyəcandan hələ çörək də yeməmişdi. Acdığını bilsədə bazara çatmağa can atırdı.Elə bu zaman Sadayın maşınını çox sürətlə hərəkət edən bir qəlbi tanka oxşayan maşın arxadan vurdu,Köhnə “QAZ31”-in yük yeri açıldığından çolpalar səsküylə ətrafa səpələndi.Həmin qəlbi maşından iki cavan oğlan düşdü və Sadayın sifətinə bir neçə zərbə vuraraq söyüş söyməyə başladılar.Saday əlinin arxası ilə ağzının qanını silərək onlara yalvarmağa başladı:

–Ə,sizə qurban olum,ay başınıza dönüm,mənim günahım nədir axı, məni niyə döyürsünüz.Sizin maşın mənim maşınımı vurub dayna,hələ bir qabaqdan gəlmişlik də edirsiniz.

Elə bunu demişdi ki,onu yenidən döyməyə başladılar.Saday ətrafa yığışanlardan kömək istəsə də ona hay verən olmadı.Zərbələrin təsirindən Saday yerdə çabalayırdı.Ağız-burnundan qan şora verib axırdı.Polis maşınının səsini eşidəndə Sadayın gözünə işıq gəldi.Polis mərəkəyə yığışanları dağıdandan sonra, əvvəlcə onu döyən cavanlardan nə baş verdiyini soruşdu.Onlar da bildirdi ki,guya Sadayın maşını onların “CİP”ini vuraraq əzib.Polis heç Sadaya fikir vermədən deyəsən protokol yazmağa başladı.Çox yaxşı hiss olunurdu ki,həmin cavanlar sərxoşdurlar.

Saday əllərinin arxasıyla ağız burnunun qanını silərək polislərə hadisənin necə baş verdiyini anlatmaq istəyəndə nisbətən yaşlı polis ona bildirdi ki,ə,nə  səs-küy salmısan,sən onları tanımırsan,sən cəhənnəmə,bizi zibilə salarsan.Onların arxası bağlıdır,maşının nömrəsindən qanmırsan ki,hara ilişmisən?

Polis sonra ondan soruşdu ki,Bakıya nə üçün gəlmisən?Saday dolanışıq üzündən Bakıya toyuq satmağa gəldiyini dedi.Toyuq gözə dəymirdi,qaçıb getmişdilər, bu da polisi şübhələndirdi və Sadayın əzilmiş maşınına baxış keçirildi.Məlum oldu ki,Sadayın maşınında bir neçə qram narkotik var.Sadayı polis bölməsinə apardılar.Onu şərə salmışdılar.Saday bölmə rəisinə yalvarmağa başladı:

–Ay rəis,kasıb adamam,bir kimim-kimsənəm yoxdur.Yetimçiliklə böyümüşəm,qadan alım,məni bu şərdən xilas elə, ailəmin,qızımın gözü yoldadır.Bir tikə çörəyin möhtacıyıq.

    Haqq üçünə Sadayın yalvarışları və həm də onun bu işlərdən uzaq adam olduğunu rəis yaxşı başa düşürdü.Ancaq işin araşdırılmasının bir neçə gün çəkəcəyini Sadaya bildirən rəis dedi:

–Günahın yoxdursa, səni buraxacağam,heç nədən də qorxub eləmə.De görüm,çörək zad yemisən?

Sadayın ac olduğu indi yadına düşdü.Səltənətin yol üçün ona qoyduğu şor çörəyin maşında qaldığını utana-utana rəisə bildirdi.Rəis zəngi basaraq növbətçi polis nəfərinə tapşırıq verdi ki, onu yeməkxanaya aparsın.Rəisin bu yaxşılığı Sadayı bir qədər ürəkləndirdi. Düz üç gün polisin “KPZE”-sində bir qarnı ac,bir qarnı tox qalan Sadayın hər şey yadından çıxmışdı.Onunla bir kamerada yatan cibgir oğlana elə hey deyirdi:

–Vallah,Əfsanənin ürəyi partlayacaq, o, uşaq axşam mənsiz yatmır,görən Səltənət neyləyir,ay Allah,bu nə işidi mənim başıma gəldi?

Sadayı günahı olmadığı üçün buraxdılar. Əziklənmiş maşını isə cərimə meydançasına qoymuşdular.Saday kor- peşiman avtovağzala gəldi.

Bu üç gün Səltənət üçün də il qədər uzun gəlmişdi,fikri-zikri Sadayın yanında idi,öz-özünə deyirdi ki,ay Allah,görəsən bu yetimin başına nə iş gəldi?Axşam düşdü,yollardan əl-ayaq yığışdı.Səltənət körpə Əfsanənin əlinə bir tikə yavan çörək verərək dedi ki,qadan alım,get çörəyini yeyə-yeyə yat,atan harda olsa, gələcək.

Səhər Günəş bir qarış boyu qalxanda Saday gəlib çıxdı.Əfsanə də oyanmışdı.Səltənət gördü ki,Əfsanə axşam ona verdiyi bir tikə yavan çörəyi yeməyib.Çörəyini niyə yeməmisən,başına dönüm-deyən Səltənətin sözü ağzında qaldı.Əfsanə dedi:

–-Atama saxlamışam...

 





04.07.2013    çap et  çap et