525.Az

Gəncə bulvarı genişlənəcək


 

GƏNCƏÇAYIN SOL SAHİLİ DƏ ABADLAŞARAQ, SAĞ SAHİLİNDƏKİ MÖVCUD PARK-BULVAR KOMPLEKSİ İLƏ QOVUŞACAQ

Gəncə bulvarı genişlənəcək<b style="color:red"></b>

Gəncə 2016-cı ilin fevralından dünyanın bulvarlı şəhərləri sırasına qoşulmaqla, öz simasına sahil məkanının gözəlliklərini də əlavə edib.

Şəhərlə adaş olan çayın sağ sahili boyu 1,2 kilometr məsafədə uzanmaqla 34 hektar sahəni əhatə edən Park-Bulvar Kompleksi özünün gözəlliklərlə dolu yaşıl zolağı, 15 fəvvarəsi, müxtəlif kompozisiyalı 10 heykəltəraşlıq nümunəsi, "Əli və Nino" adlandırılan gənclər  meydançası, ayrıca velosiped yolu, uşaq əyləncəsi sahəsi, milli koloritli kafeləri, "Saat qülləsi", yenilənmiş körpüsü, eləcə də Azərbaycan Bayrağı Meydanı  ilə qısa zamanda gəncəlilərin, eləcə də qonaqların ən arzuolunan gəzinti məkanına çevrilib.

Respublikamızın ikinci şəhərinin daha da abadlaşdırılması layihəsinin gedişinə uyğun olaraq, sözügedən Park-Bulvar Kompleksinin Gəncəçayın sol sahili ilə də qovuşacağı nəzərdə tutulur.  Çayın sol sahilində salınacaq yeni bulvar zolağı Nizami prospektində Gəncəçay körpüsündən Heydər Əliyev prospektinə qədər olan geniş ərazidə aparılacaq yenidənqurma işləri ilə paralel həyata keçiriləcək.

Qeyd edək ki, son 7 il ərzində Gəncəçayın sol sahili boyu bir sıra yeni obyektlər - Uşaq və Gənclər  Mərkəzi, Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi kimi binalar inşa edilib,  XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin abidəsi qoyulub.

Sağsahil bulvar zolağının yeni layihəsinə uyğun olaraq isə burada  "Bayraq Muzeyi", biri açıq, digəri qapalı olmaqla iki stadion, 7 ədəd doqquzmərtəbəli  yaşayış binası, tələbələr üçün yataqxana və digər müxtəlif təyinatlı obyektlər  inşa ediləcək. Hündür binaların birinci mərtəbəsində müasir iaşə obyektləri, ticarət mərkəzləri fəaliyyət göstərəcək.

Xatırladaq ki, Gəncə çayın sahilində bulvarın salınması işlərinə ilk dəfə 4 il bundan qabaq başlanılıb. Layihəyə uyğun olaraq Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb, ümumi uzunluğu 2,4 kilometr olan susaxlayıcı beton istinad divarı çəkilib və çayın yatağı təmizlənərək məcrası yenidən qurulub, bulvar boyu suyun səviyyəsi qaldırılıb.

Zakir MURADOV
Gəncə

 





24.04.2018    çap et  çap et