525.Az

"Avtoportret"in təqdimatı oldu


 

"Avtoportret"in təqdimatı oldu <b style="color:red"></b>

"Nizami" Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Avtoportret" sənədli filminin təqdimatı olub.

Dövlət sifarişi ilə "Dublyaj" studiyasında istehsal olunan film görkəmli rəssam, Əməkdar İncəsənət xadimi Əyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilib.

Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev pedaqoq-rəssam Əyyub Hüseynovun xatirəsinə həsr olunmuş sənədli filmin onun sənət tariximizdə xidmətləri qarşılığında mənəvi borc adlandırdıb. Nazir müavini XX əsr Azərbaycan rəssamlığının inkişafında böyük xidmətləri olan rəssamın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı söz açıb. Deyib ki, Ə.Hüseynov 1916-cı ildə Naxçıvanda anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1941-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışıb. 1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1998-ci ildə vəfat edib.

Mərhum rəssamın əziz xatirəsinin sənətsevərlərin qəlbində daim yaşayacağını söyləyən nazir müavini Ə.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası, iki oğlunun örnəyində davam etdirildiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən olan Ə.Hüseynov zəngin yaradıcılıq yolu keçməklə yanaşı uzun illər Bakı Rəssamlıq Texnikumunda müəllim, daha sonra isə direktor olub, bir çox rəssamlar nəslinin yetişməsində böyük rol oynayıb.

Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev çıxış edərək Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Ə.Hüseynov 1956-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib. Həmin dövr onun həmkarlarının və tələbələrinin yaddaşında xoş xatirələrlə, yaradıcılıq uğurları ilə qalıb. Ə.Hüseynov sənətkarlıqdan öncə səmimi insan, təvazökar ziyalı idi.

Qeyd edilib ki, Əyyub Hüseynov müxtəlif janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalıb, onun bütün imkanlarından istifadə edərək həyat gerçəklərini uğurlu sənət əsərlərinə çevirə bilib. Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Sözügedən filmin ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət xadimi Yavər Rzayev, operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur. Ekran əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şahanə MÜŞFİQ

 





25.04.2018    çap et  çap et