525.Az

Gələn yenilər


 

Gələn yenilər<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə yeni tərkibi təsdiq edilən Nazirlər Kabinetində indi əvvəldən hökumət üzvü olan nazirlərlə yanaşı, yeni, çoxlarının tanımadığı şəxslər də var.

Yeni nazir və komitə sədrlərinin özlərini təzə postlarında necə təqdim və təsdiq edəcəklərini tezliklə zaman göstərəcək. Yaxın vaxtlarda biləcəyik ki, onlardan hansı vəzifə fəaliyyəti ilə Prezidentin etimadını doğruldacaq, hansı bunu bacarmayacaq. Bunun üçünsə hər biri müvafiq istiqamətlər, cavabdeh olduğu sahələr üzrə konkret təşəbbüslər, əməli işlər ortaya qoymalıdır. Şairin dediyi kimi:

Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünür rütbeyi-əqli əsərində.

Doğrudur, yeni hökumət üzvləri içərisində Milli Məclisin deputatları və cəmiyyətimizin müxtəlif sahələrində aktivliyi ilə seçilənlər də var ki, artıq ictimaiyyət onların fəaliyyətləri ilə müəyyən qədər tanışdır.

Kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimov əvvəl Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri kimi çalışırdı. O, "ASAN Xidmət"in yaradıcısı sayılır. Bu qurumun fəaliyyətilə hamımız tanışıq. "ASAN Xidmət" kimi yeni, ciddi və kreativ bir strukturu yaradan, bununla Azərbaycan ictimaiyyətinə özünü uğurla təqdim etmiş bir şəxs üçün kənd təsərrüfatı naziri vəzifəsini həyata keçirmək, güman ki, heç də çətin olmayacaq. Doğrudur, kənd təsərrüfatında ənənəvi və spesifik sahələr var, ona görə bu vəzifə daha məsuliyyətli və çətindir. Xüsusən o baxımdan ki, son dövrdə Azərbaycan Prezidenti bu sahənin inkişafına daha böyük diqqət göstərir, tez-tez müşavirələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün həyata keçirilən tədbirlər planları ilə yaxından maraqlanır. Belə bir zamanda İnam Kərimovun bu sahədə hansısa yeniliklər etmək, maraqlı təşəbbüslərlə özünü uğurla təsdiqləmək imkanları var. Sözsüz ki, ictimaiyyət onun "ASAN Xidmət"dəki effektli fəaliyyətini, bütün sistemi hərəkət gətirmək bacarığını burada da görmək istəyər.

Yeni təyinatına baxmayaraq, gənc nazir artıq bir sıra fəaliyyət pirinsiplərini də açıqlayıb. O, fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.

Nazir bildirib ki, fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, həmçinin, "Elektron Kənd Təsərrüfatı" layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər görüləcək. "Elektron Kənd Təsərrüfatı" layihəsinin tətbiqi ilə aqrar sahədə şəffaflıq tam şəkildə təmin olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunan Fuad Muradovu indiyədək Azərbaycan ictimaiyyəti fəal bir deputat, ardıcıl ictimai fəaliyyəti olan şəxs kimi tanıyır. Təbii ki, bütün bunlardan əlavə diaspora ilə işləmək, ona rəhbərlik etmək daha ciddi və məsuliyyətli işdir. Dünyada yaşayan azərbaycanlıları bir araya cəlb etmək, onlarda vahid ideologiyaya - Azərbaycançılığa xidmət duyğularını yaratmaq və gücləndirmək heç də asan iş deyil. Bununla Fuad Muradova çox çətin və məsuliyyətli bir vəzifə verilmiş oldu. İnanırıq ki, o, öz xarakterinə, enerjisinə uyğun şəkildə aktiv, dinamik fəaliyyəti nəticəsində ən müxtəlif ölkələrdə olan diaspor qurumları ilə sağlam əlaqələr yaradacaq, onların ölkəmizə, azərbaycançılığa xidmətinə ən yüksək şəkildə nail olacaq. Bu istiqamətdə onu çox böyük və gərgin işlər gözləyir, ancaq bizim tanıdığımız Fuad Muradovun həmin çətinliklərin öhdəsindən uğurla gələcəyinə də ciddi ümidlər bəsləyirik.

Sözün doğrusu, hökumətin yeni üzvlərindən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Milli Məclisin deputatı kimi fəaliyyətlərilə indiyədək ictimaiyyətin diqqətini o qədər də cəlb etməyiblər. Onların bioqrafiyasında əsas fərqli cəhətlər olaraq xaricdə, dünyanın tanınmış universitetlərində təhsil almaları vurğulanır. Yüksək etimad göstərilərək təyin edildikləri vəzifə onların potensiallarını uğurla reallaşdırmalarına, bacarıqlı kadr kimi özlərini təsdiqləmələrinə geniş imkanlar açır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əvvəllər Mədəniyyət Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat bürosuna rəhbərlik edirdi. Bu sahədə yetərincə təcrübəsi var. Sözügedən Büro onun rəhbərliyilə çox qısa zaman kəsiyində bir sıra yeni layihələr və təşəbbüslər həyata keçirməklə turizm sahəsində canlanmaya səbəb oldu. Bütün bunlar da Fuad Nağıyevin sədri seçildiyi dövlət qurumuna layiqincə rəhbərlik edəcəyinə inam yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsi tapşırılan Sahil Babayev də ilk növbədə gənc kadr olmasıyla diqqət cəlb edir. Bundan öncəki işində İqtisadiyyat Nazirinin müavini kimi müxtəlif tədbirlərdə çıxış edib. Buna görə də ictimaiyyət onu qismən tanıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə sıx təmasda işləyən, xalqla, sosial problemli təbəqələrlə bilavasitə ünsiyyətdə olan və ağır zəhmət tələb edən bir qurumdur. Ümid edirik ki, Sahil Babayev, gənc yaşına baxmayaraq, həmin həssas təbəqəylə uğurla ünsiyyət quracaq və lazımi təmkin, hazırlıq nümayiş etdirməklə bu işin öhdəsindən gələcək.

Cənab Prezident Nazirlər Kabinetinin yeni tərkibində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə millət vəkili, Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Rövşən Rzayevi təyin edib. Rövşən Rzayev daim qaçqın və məcburi köçkünlərə qarşı xüsusi diqqəti, ermənilərlə informasiya savaşının, erməni saxtakarlıqlarına qarşı mübarizənin ön sıralarında yer alması ilə seçilib. Daha öncə Milli Məclisin deputatı, Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü olan Rövşən Rzayevin də vətənpərvər siyasətçi kimi Qarabağa və qarabağlılara, bütün məcburi köçkün və qaçqınlara layiqincə xidmət göstərəcəyinə inanırıq.

MEHRİ

 





27.04.2018    çap et  çap et