525.Az

Ədliyyə Nazirliyində kollegiya iclası oldu


 

Ədliyyə Nazirliyində kollegiya iclası oldu<b style="color:red"></b>

Dünən Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda prezident İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr və verilən tapşırıqların icrası üzrə tədbirlər müzakirə olunub.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov aprel ayının 11-də ədalətli və şəffaf keçirilmiş prezident seçkilərində böyük vətəndaş həmrəyliyi ilə İlham Əliyevin yenidən ölkə başçısı seçilməsinin son 15 ildə görülən işlərə, sürətli tərəqqiyə, bərqərar edilmiş möhkəm ictimai-siyasi sabitliyə verilən yüksək qiymətin təzahürü olduğunu vurğulayıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilib, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunub. İqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında yüksək pillələrdə qərarlaşır, islahatçı dövlət kimi seçilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmiz Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilib. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən, humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.

Həmçinin, qeyd olunub ki, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olaraq ədliyyə və məhkəmə sisteminin inkişafına da xüsusi önəm verilib. Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənib, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilib, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşıb. Ölkə prezidentinin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, dövlət başçısının sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.

İclasda dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, şəffaflığın artırılması, korrupsiyaya qarşı qəti mübarizənin aparılması, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlarla qurulması ilə bağlı konkret tapşırıqlarının ədliyyə sistemi üçün mühüm yol xəritəsi olması vurğulanıb.

Kollegiyada ölkə başçısının tapşırıqlarının dürüst və dönmədən icrasının təmin olunması istiqamətində konkret tədbirlər müəyyən olunub.

Dəvət olunmuş vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, müzakirələrin xüsusi əhəmiyyətini və səmərəli əməkdaşlığı vurğulayıblar.

Tədbirdə ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsinə xidmət edən və yeni çağırışlara cavab verən 10-dan çox normativ akt layihəsi, o cümlədən, ictimai işlər cəzalarının icrası və azadlığın məhdudlaşdırılması ilə bağlı yeni, mütərəqqi qaydalar təsdiq edilib.

C.ABASOV

 





27.04.2018    çap et  çap et