525.Az

Macarıstanda Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransı təşkil edildi - Fotolar


 

Macarıstanda Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransı təşkil edildi - <b style="color:red">Fotolar</b>

Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən və bu ölkənin nüfuzlu ali məktəblərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilib.

Konfransda Azərbaycan, Rumıniya, Misir səfirliklərinin, habelə Şimali Kipr Türk Respublikasının təmsilçiliyinin, Macarıstanın rəsmi qurumlarının nümayəndələri və 32 ölkədən olan 100-ə yaxın gənc alimlər iştirak edib.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Mixal Vieleçovski konfransa fəxri qonaq qismində dəvət olunublar.

Tədbirdə geniş məruzə ilə çıxış edən səfir Vilayət Quliyev, Azərbaycan ilə Macarıstan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli əlaqələrdən danışıb. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı iki ölkə arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq Proqramı çərçivəsində bu ölkəyə hər il 200-dək Azərbaycanlı tələbələrin təhsil almaq məqsədilə gəldiyini və 2017-ci ilin dekabrında bu sazişin 2020-ci ilə qədər uzadıldığını məmnunluq hissi ilə bildirərək, gələcəkdə həmçinin macar tələbələrini də Azərbaycanda görmək arzusunu ifadə edib. Daha sonra V.Quliyev Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, Azərbaycan Cümhuriyyətinin yaranması, 23 ay ərzində mövcud olmuş Respublikanın və Parlamentimizin fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rektoruna təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin hər iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün ənənəvi Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi təşkil edilib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Xatırladaq ki, konfransda iştirak edən gənc alimlərin elmi məqalələrinin Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin elmi jurnallarında çap olunması nəzərdə tutulur.

 





28.04.2018    çap et  çap et