525.Az

“Xilas edilmiş mədəni sərvətlər” sərgisi açıldı


 

“Xilas edilmiş mədəni sərvətlər” sərgisi açıldı <b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilmiş muzey eksponatlarının sərgisi açılıb.

“Xilas edilmiş mənəvi sərvətlər” adlı sərgi-seminarda regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşları mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış edilib.

Tədbirə Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunublar. Tədbir müddətində bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən fotosərgi keçirilib, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, ölkəmizdə tarixi - mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası böyük dövlət və ictimai əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bərpaçılıq sənətinin artıq yarım əsrlik tarixə malik olması da bu qayğının ifadəsidir. Bu peşənin xalqın maddi və mənəvi dəyərlərinin qorunmasına xidmət etməsi ona olan diqqətin davamlılığını şərtləndirib. Azərbaycanda Muzey Sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə ilk professional bərpaçı - rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. İlk fəaliyyət illərində burada yalnız rəngkarlıq və qrafika əsərləri bərpa edilib. Qədim Azərbaycan xalçasını və xalça məmulatlarını olduğu kimi gələcək nəsillərə çatdırmaq məqsədi ilə mərkəzdə xalça şöbəsi də yaradılıb.

Mərkəzin əsas vəzifəsi muzeylərdə bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir. Bu günədək Elmi Bərpa Mərkəzində 20 minə yaxın müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bu gün fəaliyyət göstərən 225-ə qədər muzey kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir.

XƏDİCƏ

 





28.04.2018    çap et  çap et