ABŞ prezidentinin ''qara qitə''yə səfəri böyük maraq doğurdu.
Seneqal, Cənubi Afrika Respublikası və Tanzaniyaya baş çəkən Barak Obama qlobal miqyasda geosiyasi mübarizənin yeni səviyyəyə yüksəldiyinin mesajlarını verdi. Vaşinqton Afrikada öz itirilmiş nüfuzunu bərpa etmək üçün ciddi addımlar atdığını təsdiq etdi. Burada rəqabətin amansız və güzəştsiz olduğu təəssüratı yaranır.
"Ölü qitə”yə aparan yollar
ABŞ prezidenti Barak Obamanı afrikalılar ''talisman'' hesab edirlər. Siyasi fəaliyyətinə görə deyil, nəsli və dərisinin rənginə əsasən bu fikirdədirlər. Lakin bunun geosiyasi reallıqlara heç bir aidiyyəti yoxdur. B.Obamanın Afrika səfəri şəxsi simpatiyadan qaynaqlanmayıb. "Ölü qitə”də Amerikanın geosiyasi nüfuzu, obrazlı desək, Çinin fəaliyyəti kölgəsində ''öləziyir''. Afrikalı siyasətçilər və Qərb ekspertləri bununla bağlı fikirlərini bildiriblər.
Vaşinqtondakı Strateji və Beynəlxalq tədqiqatlar Mərkəzinin (CSIS) Afrika proqramının rəhbəri Riçard Dauninin həmin məsələ ilə bağlı mövqeyi belədir: ''Birinci səfərdən sonrakı dörd il müddətində ABŞ Afrikada mövqelərini itirib. Başqa ölkələr, ilk növbədə, Çin daha fəal olublar. Və mənim fikrimcə, bu vaxt ərzində ABŞ həm də öz nüfuzunu itirib'' (bax: Барак Обама отправился в Африку. www.editorials.ru, 26 iyun 2013).
Afrikalı siyasətçilər də Amerikanın qitədə liderliyi Çinə uduzduğunu deyirlər. Həmin kontekstdə Obamanın səfərinə ABŞ-ın itirilmiş nüfuzunu bərpa etmək cəhdi kimi baxırlar. Bütün bu fikirlərin Çinin Afrikada fəaliyyətindən qaynaqlanan konkret səbəbləri vardır.
2000-2011-ci illər ərzində Çinlə Afrika arasında ticarət dövriyyəsi 2,2 dəfə artaraq, 150 milyard dollara çatıb. 2013-cü ildə bu rəqəmin 200 milyard dollar təşkil edəcəyi gözlənilir. 48 Afrika dövlətinə Çinin birbaşa sərmayə qoyuluşunun həcmi 2010-cu ildə 50 milyard dollar olub. Çinlilər yüksək texnologiya sahəsinə də getdikcə daha çox kapital qoyurlar. Nigeriya, Keniya və Zimbabvedə mobil rabitə xidmətini çinli şirkətlər təşkil edirlər. Afrikadan Çinə neft ixracı artan templə inkişaf edir. Hazırda qitədən olan enerji ixracının 30%-i məhz Pekinə nəql edilən neftdən ibarətdir.
Çinin Afrikadakı əsas iqtisadi tərəfdaşları Sudan, Konqo və Anqoladır. Konqo və Sudanın ixracının 60-70%-i Çinin payına düşür. Anqola Pekinə Səudiyyə Ərəbistanından daha çox neft satır. Çin-Afrika əməkdaşlıq Forumu tərəfdaşlıq sahəsində ciddi işlər görür. Bu təşkilatın 3 böyük tədbiri keçirilib. Çin Afrika ölkələrinə 10 milyard dollarlıq kredit ayırıb. Bu, milyonlarla çinlinin həmin qitədə işlə təmin olunmasına şərait yaradıb.
Eyni zamanda, Pekin Nigeriya, Qana və Liberiyada böyük layihələr həyata keçirmək imkanı əldə edib. Çin Əddis-Əbəbədə Afrika İttifaqı Konqresləri Mərkəzinin binasını tikib. Bu statistik rəqəmlər göstərir ki, son illər rəsmi Pekinin Afrika ölkələri ilə əlaqələri sürətlə inkişaf edib. Amerikanı narahat edən bu tendensiyanın getdikcə daha da genişlənməsidir. Ümumi səviyyədə Vaşinqtonun qitəyə təsiri çox ciddidir. Ancaq Pekin təşəbbüsü ələ alıb, bütün sahələr üzrə ABŞ-ı sıxışdırmaqdadır. B.Obamanı da düşündürən məhz bu məqamdır.
Geosiyasi nüfuz uğrunda savaş və əməkdaşlıq perspektivləri
Lakin Vaşinqton üçün Afrika məsələsi təkcə Çinlə məhdudlaşmır. Yaponiya, Fransa, Türkiyə və Rusiya da oraya ciddi nüfuz etməkdədirlər. ABŞ prezidenti Cənubi Afrika Respublikasındakı çıxışında bunu normal saydığını vurğulayıb. O deyib ki, ''Çin, Hindistan, Türkiyə və başqa ölkələrin Afrikaya böyük diqqət ayırmasının yaxşı olduğunu düşünürəm. İndi ''soyuq müharibə'' zamanı deyil, vahid qlobal bazar dövrüdür'' (bax: Обама: Китай не способствует долгосрочному развитию Африки. www.rus.ruvr.ru, 29 iyun 2013).
Bununla yanaşı, B.Obama Çinin Afrikadakı fəaliyyətini tənqid edir. Onun sözlərinə görə, Çinin əsas məqsədi Afrikanın təbii ehtiyatlarına çıxış əldə etməkdən ibarətdir ki, ixraca istiqamətlənmiş iqtisadiyyatını stimullaşdıra bilsin. Nəticədə, qitənin uzunmüddətli inkişafının təmin edilməsi üçün Pekin ciddi işlər görmür.
Bütün bunlar ABŞ prezidentinin Afrika səfərinin qlobal geosiyasi mənzərənin yeni dinamikasının formalaşması ilə sıx bağlı olduğunu göstərir. Analitiklər ''ölü qitə''nin güclü inkişaf mərhələsinin başladığı qənaətindədirlər. Hətta yaxın perspektivdə böyük dövlətlərin geosiyasi mübarizəsinin məhz bu məkanda baş verəcəyini proqnozlaşdırırlar. Afrikanin "oyanışı” qlobal geosiyasi mənzərəni köklü surətdə yeniləşdirə bilər. Burada hər şeydən əvvəl, enerji daşıyıcıları uğrunda rəqabətin kəskinləşəcəyini gözləmək olar.
Bunlarla yanaşı, ABŞ, Avropa, Rusiya və Çin üçün ortaq sayılan bir məqam da özünü göstərir. Söhbət Afrikada İslamın sürətlə yayılmasından gedir. Məsələn, Seneqalda əhalinin 95%-i müsəlmandır. B.Obama bu ölkədə homoseksualizmdən danışanda, ölkə rəhbərliyi ilə bərabər, cəmiyyət də buna təpki göstərib. Seneqalın prezidenti Maki Sal bəyan edib ki, onun ölkəsi ''homoseksualizmi leqallaşdırmağa hazır deyil'' (bax: В первый день визита в Африку Барак Обама затронул темы гомосексуализма и демократии. www.itar-tass.com, 27 iyun 2013). Qitənin müsəlmanların üstünlük təşkil etdiyi digər dövlətlərində də oxşar reaksiyalara rast gəlinir.
Afrikanın İslamlaşması ehtimalı Qərbi ehtiyatlandırır. Mümkündür ki, son zamanlar qitənin bəzi ölkələrində radikal İslami qruplara qarşı hərbi əməliyyatların genişləndirilməsi və bu prosesə Avropa dövlətlərinin dəstək verməsi bu məqamla bağlıdır. Həmin prosesə paralel olaraq, ABŞ Afrikada və ona yaxın ərazilərdə hərbi gücünü artırır. Rusiya geosiyasi problemlər Akademiyasının prezidenti general Leonid İvaşov hesab edir ki, ''Malidə amerikanlar avropalıların əli ilə oynayırlar''.
Mali hadisələri Afrikada İslamı gözdən salmaq kimi gizli bir prosesin aparıldığı təəssüratı yaradır. İstisna deyil ki, bunun fonunda güclü müsəlman dövlətlərinin qitəyə nüfuzunu əngəlləsinlər. Rəsmi təsdiqini tapmasa da belə məlumat yayılıb ki, Somali Türkiyə ilə imzalanan bir sıra sazişləri ləğv edib. Həmin işdə avropalıların apardıqları təbliğatın rol oynadığını deyirlər. Bunun fonunda ABŞ-ın Afrika siyasətində yalnız Çinin hədəf alınmadığı məlum olur.
B.Obamanın səfəri göstərdi ki, dünyanın böyük dövlətləri Afrika uğrunda daha amansız mübarizə mərhələsinə start veriblər. Şübhə yoxdur ki, Rusiya, Avropa, Çin, Türkiyə kimi ölkələr də müəyyən addımlar atacaqlar. Xüsusilə, Pekinin bu istiqamətdə imkanları daha genişdir. Belə bir rəqabətin qitədə münaqişələrin alovlanmasına gətirib çıxarmaması ən yaxşı variant olardı. Lakin təcrübə göstərir ki, bu ssenarinin reallaşması ehtimalı böyük deyil. B.Obamanın səfər zamanı söylədiyi fikirlər Vaşinqtonun Afrika ilə bağlı ciddi düşündüyünü təsdiq edir.
Amerikanın demokratiya və insan haqları adı ilə başladığı proseslər reallıqda fərqli məqamları meydana çıxarır. Şübhə yoxdur ki, Qərb Çinin qitədə nüfuzunun artmasının qarşısını almaq üçün bir çox üsullara əl atacaq. O cümlədən, enerji daşıyıcılarının və başqa təbii ehtiyatların Pekinin təsiri altına keçməməsi üçün tədbirlər görməyə çalışacaqlar. Bu da Afrikada geosiyasi mübarizənin yeni səviyyədə kəskinləşməsi ehtimalını yüksəldir.
Burada ''qara qitə'' uğrunda mübarizənin qlobal miqyasda geosiyasi güclərin yenidən qruplaşmasına gətirib çıxaracağını istisna etmək faydalı olmazdı. Bunun öz əlamətlərini artıq indidən göstərdiyi haqqında ekspertlərin rəyləri vardır. Lakin onlar məsələyə, əsasən, ABŞ-Çin yarışması prizmasından baxırlar. Reallıqda isə burada bir neçə böyük dövlətin rəqabətinin güclənəcəyini gözləmək olar. Bu baxımdan Rusiya, Avropa İttifaqı ölkələri (əsasən Fransa və Almaniya) və Türkiyənin daha da fəallaşacağı gözləniləndir. Beləliklə, dünya ictimaiyyəti yaxın perspektivdə Afrikanın geosiyasətin qaynar məkanlarından birinə çevrilməsinin şahidi ola bilər.
Newtimes.az
çap et