525.Az

Astanada "Əbədi ezamiyyət" nümayiş etdirildi


 

Astanada "Əbədi ezamiyyət" nümayiş etdirildi<b style="color:red"></b>

Astanada Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi "Əbədi ezamiyyət" sənədli filminin nümayişi olub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı keçirilib.

Təqdimatda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov film haqda məlumat verərək bildirib ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün mürəkkəb bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Diplomat xatırladıb ki, "Əbədi ezamiyyət" filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Bildirilib ki, ekran əsərinin ərsəyə gəlməsi üçün yaradıcı heyət il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşlər keçirib və söhbətləri lentə alıb.

Sonra filmin nümayişi olub.

Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb.

XƏDİCƏ

 





01.05.2018    çap et  çap et