525.Az

Maqsud Jonixonov: "Azərbaycan insanının özü də gözəldir, ürəyi də”


 

BUGÜNLƏRDƏ AZƏRBAYCANDA QONAQ OLAN ÖZBƏKİSTANLI JURNALİST ÖLKƏMİZ HAQQINDA SİLSİLƏ YAZILAR HAZIRLAYIR

Maqsud Jonixonov: "Azərbaycan insanının özü də gözəldir, ürəyi də” <b style="color:red"></b>

Özbəkistanın “Xalq sözü” qəzetinin “Mədəniyyət” şöbəsinin rəhbəri Maqsud Jonixonov bugünlərdə ölkəmizdə qonaq olub.

Buraya gəldiyi ilk gündən Azərbaycan ədəbi-mədəni mühitinə yaxın olan Maqsud bəy bu marağı sayəsində ölkəmiz haqqında daha geniş məlumatlar toplamağa qərarlıdır. Fürsətdən istifadə edib qonağımızla Azərbaycan, buradakı fəaliyyəti və təəssüratları, iki ölkə arasındakı əlaqələr haqqında söhbətləşmək imkanı əldə etdik:

“Mənim orada çalışdığım “Xalq sözü” qəzeti hər dəfə əməkdaşlarını dünyanın müxtəlif ölkələrinə göndərir. Bu artıq bizdə bir ənənə halını alıb. Mənə də haraya getmək istədiyim soruşulanda heç düşünmədən Azərbaycan dedim. Çünki bura həmişə mənim üçün çox maraqlı ölkə olub. Öncədən Azərbaycan haqqında yazılar yazdım. Onlar qəzetdə çap olundu. İncəsənətini və ədəbiyyatını daha dərindən araşdırdım, öyrəndim. Buraya gələndən sonra da heç peşman olmadım. Seçimimdə yanılmadığımı gördüm. Əgər öncə mədəni sahələrdə tanıyırdımsa, buraya gəldikdən sonra hərtərəfli bələd oldum. Azərbaycanın təbiəti, insanları, mətbəxi çox gözəldir".

Azərbaycana ilk dəfə gəldiyini deyən özbək jurnalistin sözlərinə görə, ölkəmiz haqqında ilk təəssüratları elə hava limanındaca yaranıb:

“Mən Azərbaycana ilk dəfə gəlirəm. Bakı həqiqətən də çox gözəldir. İnsanları da çox mehriban, qonaqpərvərdirlər. Buna hələ ilk dəfə buraya ayaq basarkən bir taksi sürücüsü ilə qarşılaşanda şahid oldum. O, mənə yaxınlaşıb hara gedəcəyimi soruşdu. Mən: “Bura ilk dəfədir gəlirəm, tanımıram, hara gedəcəyimi bilmirəm” - dedim. Öz telefonunu mənə uzadıb, “hara lazımdırsa, zəng elə soruş”- dedi. Mən də zəng elədim və yeri öyrəndim. O, məni həmin yerə apardı və mən ona gediş haqqını uzadanda, “qonağımsınız”- deyib məndən pul da almadı. Deyirlər ki, ürəyi gözəl insanların gözəlliyi üzlərinə vurarmış. Azərbaycan insanının özü də gözəldir, ürəyi də. İlk dəfə metroya düşəndə bilmirdim ki, xüsusi kart almaq lazımdır. Üstümdə pul olsa da, kartsız keçə bilməzdim. Oradakı polislər mənə kömək etdilər. Çox gözəl haldır ki, kim sənin burada qonaq olduğunu bilsə, o an sənə yardımçı olmağa çalışır".

Maqsud bəy burada ilk dəfə olsa da, ölkəmizə nabələd deyil. Azərbaycan, onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında geniş bilgi sahibidir. Dediyinə görə, bu, onun vətənində Azərbaycana olan marağın və sevginin nəticəsidir: “Özbəkistanda Azərbaycan incəsənəti, ədəbiyyatı çox tanınır və sevilir. Nizami, Füzulidən başlamış, Anar, Ramiz Rövşən və digərlərinə qədər hər kəsi oxuyurlar. Azərbaycan musiqisini çox sevirik. 1997-ci ildən etibarən hər iki ildən bir orada “Şərq təranələri” adlı beynəlxalq musiqi festivalı keçirilir. İlk dəfəsində sizin gözəl müğənniniz, Xalq artistiniz Simarə İmanova “Qran-pri” almışdı. Ümumiyyətlə, hər dəfə azərbaycanlı sənətkarlar orada mütləq yüksək mükafatlar qazanırlar. Hər il 70 ölkədən iştirakçının qatıldığı müsabiqədə vaxtilə Zabit Nəbizadə, 2017-ci ildə Sahib Paşazadə “Qran-pri” qazanıblar. Orada təkcə Azərbaycan adının çəkilməsi insanların üzündə sevinc və sevgi yaranmasına bəs edir”.

Cəmi bir neçə gündür paytaxtımızın qonağı olsa da, artıq bir çox yerlərə baş çəkib, bir sıra ziyalılarımızla görüşmək imkanı tapıb. Deyir ki, bu görüşlərin hər biri onun düşüncəsində, hisslərində ayrıca iz buraxıb:

“Buraya gəldikdən sonra Azərbaycan Yazıçılar Birliyində Anar müəllimlə, Fikrət Qocayla, Rəşad Məcidlə görüşdüm, maraqlı söhbətlərimiz oldu. Onların Özbəkistan və böyük Türk dünyası haqqında yüksək fikirləri, səmimi söhbətləri, qonaqsevərlikləri məni çox məmnun etdi. Milli Kitabxanada Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas alimi Mir Cəlalın 110 illik yubiley tədbirinə qatıldım.  Oradakı Açıq Kitabxana ilə tanış oldum. Çox kreativ ideya və orijinal layihədir. Bu cür layihələr kitabxanaya, kitablara olan marağı mütləq artırır. Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti Ruslan Quliyevlə görüşdük, bizi maraqlandıran və hər iki ölkə ilə əlaqəli bir çox məsələlər haqqında söhbətimiz oldu.  Mətbuat şurasında şair-tərcüməçi Zakir Fəxrinin yubileyində oldum, Millət vəkili Hikmət Babaoğludan müsahibə aldım. Onun bir jurnalist və ictimai xadim kimi fəaliyyəti çox maraqlı və əhəmiyyətlidir. Azərbaycanın bu cür ziyalı şəxsiyyətlərilə görüşmək, onlarla ünsiyyətdə olmaq qürurvericidir. Yanardağda, İçərişəhərdə, daha sonra Sumqayıt şəhərində olduq. Yanardağ haqqında əvvəllər çox eşitmişdim. Bura həqiqətən də öz möcüzəvi yaradılışı ilə bütün dünyada məşhurdur. Mən də görəndə heyrətləndim. Bu cür bir möcüzənin burada olmasında da, məncə, başqa bir hikmət var. Bakıdakı teatr binaları ilə tanış oldum. Teatr binalarının özü belə özlüyündə böyük sənət əsəridir. Bizdə bu cür binalar yoxdur. İçərişəhəri gəzdik, Qız qalasını gördüm. İçərişəhər bir az mənə Özbəkistanı xatırlatdı. O qədimlik, o gözəllik hələ də qalmaqdadır. Özbəkistanın dənizə çıxışı yoxdur. Burada Xəzər dənizini görmək məni çox sevindirdi. Bütün bu gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycan, mənim aləmimdə, Allahın əziz tutduğu məmləkətdir. Onu Allah da sevir, bizlər də sevirik! Burada gördüklərimin bir qismi haqqında böyük bir yazı yazmışam. Hələ də yazmaqda davam edirəm. Silsilə yazılar və müsahibələr hazırlamağı düşünürəm. Simarə İmanova, Zabit Nəbizadə və başqa bu kimi maraqlı sənət adamları, ziyalılarla müsahibələrim olacaq. Azərbaycanı yaxından tanımağa, dərindən araşdırmağa və öz ölkəmdə təqdim etməyə qərarlıyam. İnanıram ki, bu alınacaq”.

Şahanə MÜŞFİQ

 





01.05.2018    çap et  çap et