525.Az

“Yazıçı”nın növbəti buraxılışı Hüseyn Cavidə həsr edilib


 

“Yazıçı”nın növbəti buraxılışı Hüseyn Cavidə həsr edilib<b style="color:red"></b>

Bugünlərdə “Oğuz eli” qəzetinin ayrıca buraxılışı olan “Yazıçı”nın bu il üçüncü, ümumilikdə isə 157-ci sayı işıq üzü görüb. Ayrıca buraxılışın redaktoru Azər Abdulla bu sayı böyük şair və dramaturqumuz Hüseyn Cavidə həsr edib. Buraxılışın çox keyfiyyətli bir şəkildə nəşr olunması ilk baxışdan adamı özünə çəkir. Bu da, görünür, yaradıcı heyətin böyük ustada olan özəl sevgisinin nəticəsidir. Məşhur:

Hər qulun cahanda bir pənahı var
Hər əhli-halın bir qibləgahı var
Hər kəsin bir eşqi, bir ilahı var,
Mənim Tanrım gözəllikdi, sevgidi. 

– misraları və Cavid əfəndinin portreti əks olunan, böyük Cəfər Cabbarlının “Caviddə su kimi duru, almaz kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkamül özülü ola biləcəkdir” sözləri yazılmış “Yazıçı”nın üz qabığı özü-özlüyündə oxucunun əlindən tutub ayrıca buraxılışı gözdən keçirməyə dəvət edir.

Bu buraxılışda Cavid əfəndi haqqında Azərbaycanın çox böyük söz adamları, tanınmış simaları, o cümlədən Abdulla Şaiq, Əli Sultanlı, Mirzə İbrahimov, Rəsul Rza, Məmməd Cəfər, Anar, Elçin, Yaşar Qarayev, Mirmehdi Seyidzadə, həmçinin Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Azər Turan, Vaqif Bayatlı Odər, Kamal Abdulla, Adil İsgəndərov, Mehdi Məmmədov, Əziz Şərif, Şəmsi Bədəlbəyli, həmçinin Turan Cavid və digər qələm adamlarının fikirləri diqqətə çatdırılıb. Cavid barəsində xatirələr, ona ünvanlanmış poeziya nümunələri, onun əsərlərində öz sənət talelərini sınamış aktyorlarımızın da fikirləri buraxılışda öz əksini tapıb. Ümumiyyətlə, bu buraxılış Cavid Əfəndinin adına layiq bir şəkildə tərtib olunub. Baş redaktor Azər Abdullanın Cavid haqqında essesi də təqdirəlayiqdir, diqqətçəkəndir.

 





07.07.2013    çap et  çap et