525.Az

Çəyirtkə təhlükəsi ilə mübarizəyə dair Gəncədə təlimlər keçirilir


 

BMT-nin ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO) TƏRƏFİNDƏN AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ KEÇİRİLƏN TƏDBİR DÖRD GÜN DAVAM EDƏCƏK

Çəyirtkə təhlükəsi ilə mübarizəyə dair Gəncədə təlimlər keçirilir<b style="color:red"></b>

Tarix boyu insanın qida istehsalı fəaliyyətinə ən böyük zərbələrdən birini elmi terminlə "sarança" adlandırılan çəyirtkə sürüləri vurub.

Birdən-birə yüz milyonlarla çəyirtkədən ibarət sürülərin tarla, bostan və meyvə bağlarına hücumu çox vaxt həmin sahələrin məhsullarının tamamilə məhv olması ilə nəticələnib. Bəzən sahəsi  min kvadratmetrə çatan qalın buludları xatırladan dəhşətli mənzərəni məhz  məhsul sahələrinə ildə bir neçə dəfə hücum edə bilən, elmi adı əsasən sarı rənginə görə qədim türk sözü olan "sarınca" ifadəsindən götürülmış, sürü halında fəaliyyət göstərən çəyirtkələr yaradır. Bu sürülərdə yüz milyonlarla çəyirtkə ola bilir və onlar bir həmlədə yüzlərlə hektar sahəyə basqın edib onun məhsul və yaşıl hissəsini bir andaca yox edə bilir. Təsadüfi deyil k, qədim zamanlarda "Sarança bəlası"  taun epidemiyası ilə bərabər tutulub.

Müasir dövrümüzdə də elm və texnikanın sürətlə inkişafına baxmayaraq, müəyyən mövsümlərdə çəyirtkə sürülərinin əkin sahələrinə ziyanının miqyasları hələ də bəşəriyyəti narahat edən problemlər sırasında qalır. Alimlərin hesablamalarına görə, çoxalma dövrü zamanı sarança sürülərinin təkcə Avrasiya məkanında eyni zamanda,  60 ölkəyə yayılma ehtimalı mövcud olur. Qafqaz ərazisi də əkinin yetişmə və məhsul dövründə bu cür təhlükələrə məruz qalan coğrafiyalar sırasındadır. Ölkəmizdə sözügedən məsələ istiqamətində mütəmadi qabaqlayıcı tədbirlər aparılır. Bununla belə, azərbaycanlı  mütəxəssislərin  bu yöndə dünyanın qabaqcıl təcrübəsini mənimsəməsi diqqətdə saxlanılır. Özü də bu ilin məhsul mövsümündə təhlükəli "Mərakeş çəyirtkəsinin" Qafqaz coğrafiyasına yayılma ehtimalı var. Elə Gəncədə Azərbaycanın aqrar mütəxəssisləri üçün BMT nin qısa şəkildə FAO adlandırılan Ərzaq Təhlükəsizliyi  və Kənd Təsərrüfatı təşkilatının  ölkəmizdəki  Tərəfdaşlıq və Əlaqələndirmə ofisin "Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı" üzrə keçirdiyi 4 günlük təlim kursu da bu məqsədə xidmət edir. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan təlim sözügedən problemin idarə olunması sahəsində ölkənin potensialını artırmağı, bu sahədə çalışan mütəxəssislərin hazırlıq səviyyələrinin yüksəldilməsi məsələlərini əhatə edir.

Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil olmaqla, çəyirtkəkimilərin monitorinqi və məlumatların idarə edilməsi üzrə təlim FAO-nun beynəlxalq məsləhətçiləri-ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçıninskiy və coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova tərəfindən aparılıb. Təlim çəyirtkəkimilərin idarə olunması sahəsində ölkənin potensialını artırmağı və sürü halında hərəkət edərək, respublika ərazisində kənd təsərrüfatı bitkilərinə və miqrasiya etdikdə qonşu ölkələr üçün təhlükə törətmək imkanına malik olan zərərvericiyə nəzarət sisteminin səmərəliliyini yüksəltməyi nəzərdə tutur. Təlimin başlıca məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsindən ibarətdir.

Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları, eləcə də ADAU-nin professor, müəllim və tələbə heyəti, o cümlədən, Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşları iştirak edib.

Təlimlərin açılışı zamanı giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, tədbirin Kənd Təsərrüfatının bitki mühafizəsi sahəsində əhəmiyyətindən danışıb və bu sahədə qarşıda duran problemlərin həlli yollarının müzakirəsinin vacibliyini qeyd edib. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov çıxışında çəyirtkəkimilərlə mübarizədə dövlət xidmətinin gördüyü işlər, pestisidlər və ziyanvericilərə qarşı digər vasitələrin  tətbiqi zamanı istifadə olunan müasir tipli ultrakiçik həcmli çiləyici aqreqatlar haqqında, eyni zamanda, bitki mühafizəsi sahəsində nəzərdə tutulan müxtəlif tədbirlər barədə məlumat verib.

Təlimdə zərərvericilər əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçirilib. Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması və rezarvasiya mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir aşkarlama-müayinə üsulları nümayiş olunub.

"FAO-nun Orta Asiya və Qafqazda sarança yayılması əleyhinə Ümumi Monitorinq Sistemi 5 il əvvəl yaradılıb. Deməliyəm ki, bu il bu coğrafiyada təhlükəli  "Mərakeş sarançası" adlı çəyirtkə axınının yayılması gözlənilir. Odur ki, bu mərkəzləşmiş məlumat bazası məsələsi çox vacibdir. Məlumatlar birbaşa sahələrdən nə qədər tez verilərsə, bir o qədər təhlükə əleyhinə tədbirlər görülməsi səmərəli olar" - deyə, FAO-nun coğrafi informasiya sistemləri üzrə eksperti Nadiya Muratova qeyd edib.

Azərbaycanda indiyədək iri miqyasda  "sarança basqınları" müşahidə edilməsə də FAO-nun aparıcı mütəxəssisləri profilaktik tədbirlərin yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.

"Bu, olduqca qorxulu və gözlənilmədən peyda ola bilən ziyanvericidir, Sarança yayıldığı təqdirdə bir ölkə üçün yox, bütün coğrafiya üçün bəla olur. Odur ki, bizim tədbirlər yalnız Azərbaycanla məhdudlaşmır. Qonşu ölkələrdə də bu işləri həyata keçiririk"- deyə, FAO-nun beynəlxalq məsləhətçisi, ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçinski bildirib.

Təlimdə zərərvericilər əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçirilib.

Təlimlər sahələrdə praktik məşğələlərlə davam etdirilir.

Zakir MURADOV
Gəncə

 





02.05.2018    çap et  çap et