525.Az

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı üçün imkanlar genişdir


 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı üçün imkanlar genişdir<b style="color:red"></b>

"Türkiyə Azərbaycanın ən əsas strateji tərəfdaşıdır. Düşünürəm ki, bu məqamı  qeyd etməyə belə artıq ehtiyac yoxdur".

Bu barədə Milli Məclisin deputatı, AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə  bildirib.

O deyib ki, Azərbaycan prezidentinin inauqurasiyadan sonra ilk səfərini Türkiyəyə etməsi ənənəyə çevrilib: "Prezident İlham Əliyev səfər vasitəsilə hər iki ölkənin bir-birinə dəstəyini beynəxalq müstəvidə göstərdi. Hazırda Türkiyəyə qarşı münasibət birmənalı deyil. Həmçinin, Türkiyədə erkən parlament və prezident seçkilərilə bağlı bu səfər dəstək xarakteri daşıyır". A.Mustafazadə Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu vurğulayıb:  "Bunu istər siyasi, istərsə də iqisadi sferalarda dəfələrlə nümayiş etdiririk. Azərbaycan hər zaman geosiyasi və geoiqtisadi layihələrində Türkiyəni yaddan çıxarmır. Türkiyə də hər zaman Azərbaycanın dəstəyinə arxalana bilər. Regionda baş verən qeyri-stabilliyi nəzər alsaq, ölkələrimiz bir-birinə arxadır". Deputat qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərib: "Ümid edirəm ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində hər zaman Türkiyənin nüfuzuna arxalana biləcək. Bununla da münaqişənin həlli istiqamətində mühüm addım atılacaq".

Türkiyə prezidenti Ərdoğanın Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı yaxın zamanlarda TANAP-ın açılışı ilə bağlı bəyanatını şərh edən A.Mustafazadə bildirib ki, bu layihənin fəaliyyətə başlaması ilə Azərbaycan və Türkiyə regionlararası layihənin iştirakçılarına çevriləcək: "Bu nəhəng layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyənin birgə təşəbbüsüdür. Bu da ölkəmizi dünyanın energetika xəritəsində əsas nöqtəyə çevirəcək. Bununla da ölkələrimiz  böyük tarixi missiyanı həyata keçirəcək".

Milli Məclisin deputatı, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki,  Ermənistandakı vəziyyət səfər üçün zəmin yaratdı. Qonşu ölkə nədənsə baş verənləri Azərbaycanla əlaqələndirir. Rusiya telekanallarında "Ermənistanı darda qoymarıq, Azərbaycanın status-kvonu pozmasına imkan vermərik" kimi fikirlər səsləndirilir. Hazırda Türkiyə Suriya məsələsilə bağlı Rusiyanın ən dəyərli müttəfiqidir. Kreml Ankara ilə daha da yaxınlaşmaq istəyir. Şübhəsiz ki, bu məsələlər Əliyevlə Ərdoğan görüşü zamanı da müzakirə edilib". İki dövlətin hərbi-texniki əməkdaşlığından da bəhs edən A.Əlizadə bildirib ki, burada perspektivlər daha genişdir: "Türkiyə silahları çox yaxşıdır.  Hesab edirəm nəinki türk silahlarını almaq, hətta lisenziya əsasında onların Azərbaycanda da istehsalına başlamaq lazımdır. Türkiyənin müasir silahları Azərbaycan Ordusunu daha da gücləndirəcək". Deputatın sözlərinə görə, Türkiyədə erkən seçkilər Ərdoğanın xalqla etibarını daha da artırmaqla bağlıdır: "Ərdoğan istəyir ki, müstəqil xarici siyasətini davam etdirərək NATO-dan asılılıqdan uzaq olsun". A.Əlizadə bildirib ki, Azərbaycanla Türkiyə münasibətləri daha da möhkəmlənəcək: "TANAP kimi nəhəng layihələr həyata keçiriləcək. Düşünürəm ki, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün imkanlar genişdir".

Xatırladaq ki, TANAP-ın rəsmi açılış mərasimi 2018-ci ilin iyununda baş tutacaq. Hazırda isə boru kəmərin test mərhələsindədir. "Şahdəniz-2" yatağından çıxan 16 milyard kubmetr qaz TANAP vasitəsilə Türkiyə və Avropa sərhədlərinə çatdırılacaq. TANAP layihəsində 30%-i Türkiyənin BOTAS, 58% -i SOCAR-a, 12% -i BP-yə məxsusdur.

Qeyd edək ki, İlham Əliyev inauqurasiya mərasimindən sonra aprelin 24-də ilk səfərini qardaş Türkiyəyə edib. Səfər zamanı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib, bir sıra ikitərəfli sənədlər imzalanıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana edib: "Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm".

PƏRVANƏ

 





02.05.2018    çap et  çap et