525.Az

BDU-da Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunan konfrans


 

BDU-da Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunan konfrans <b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunan respublika elmi-praktik konfransı keçirilib.

Tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbələri iştirak ediblər.

Konfransın plenar iclasında BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Rektor prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb, Bakı Dövlət Universitetinin tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Akademik Abel Məhərrəmov 1936-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində çalışan Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminin qızıl nüsxələri olmasından, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Mir Cəlal Paşayevin nəcib insani keyfiyyətlərini, ailəsinə, övladlarına bağlılığını qeyd edən rektor alimin dillər əzbəri olan "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" kəlamını xatırladıb: "Mir Cəlal Paşayev Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olub. XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutub".

Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunan yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.

Sonra filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov "Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı" mövzusunda məruzə ilə çıxış edib, görkəmli alimin keşməkeşli ömür yolundan söz açıb. Məruzədə Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edilib.

Daha sonra millət vəkili, akademik Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar. Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.

Sonda alimin ailəsi adından oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə rektor, akademik Abel Məhərrəmova, o cümlədən, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.

Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilən film nümayiş olunub.

S.QARAYEVA

 





02.05.2018    çap et  çap et