525.Az

Səbaildə elmi konfrans


 

TƏDBİR "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA İNTELLEKTUAL POTENSİALIN İNKİŞAF DİNAMİKASI" MÖVZUSUNA HƏSR OLUNUB

Səbaildə elmi konfrans <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası" adlı respublika elmi konfransı keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün xalqın və dövlətin taleyini həll edir: "Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Qədirbilən xalqımız dahi şəxsiyyətin ölkəmizin inkişaf və tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirir və buna görə də ulu öndərin 95 illik yubileyi Azərbaycanın hər yerində ümumxalq bayramı kimi qeyd olunur".

E.Əzizov bildirib ki, Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri itirilmək təhlükəsi ilə üz-üzə olan dövlət müstəqilliyimizin möhkəmləndirilməsidir: "Ulu öndərin ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir".

İcra başçısı vurğulayıb ki, məhz prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb: "Hazırkı mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyini qoruyub saxlamağı, onu inkişaf etdirməyi yalnız xüsusi istedada malik olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan sözsüz ki, İlham Əliyevdir".

Konfransda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin inkişaf etdirdiyi siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Heydər Əliyevin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçıdır.

Konfransda ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov "Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı", İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov "Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi" mövzularında məruzələrlə çıxışlar ediblər.

Qeyd edək ki, konfransı Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı və ADPU birgə təşkil edib.

C.ABASOV

 





02.05.2018    çap et  çap et