525.Az

Akademik Zərifə Əliyeva adına Liseyin 10 yaşı qeyd edildi - Fotolar


 

Akademik Zərifə Əliyeva adına Liseyin 10 yaşı qeyd edildi - <b style="color:red">Fotolar </b>

Mayın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, universitet rektorları, görkəmli elm və ədəbiyyat xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıb. Daha sonra liseyin müəllim kollektivi zala dəvət olunub.

Liseyin məzunları Pərvin Qəribova və Əli Əliyevin aparıcılığı ilə davam edən gecədə Liseyin direktoru, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Lisey 2008-ci il aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85-ci ildönümü ərəfəsində açılıb.

M.Vəliyeva deyib: "İşıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, qayğıkeş ömür-gün yoldaşı, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. Bu gün liseyimizin yaranmasından 10 il keçir. Liseyin daşıdığı ada və anda sədaqətlə 10 ildir ki, yol gəlirik. Bu yubiley tədbirini Musiqili Teatrda keçirməyimiz heç də təsadüfi deyil. Bildiyimizə görə, Zərifə xanım teatrı çox sevərmiş. Musiqili Teatra isə onun ayrıca rəğbəti varmış. Ona görə də yubiley üçün buranı seçdik.

Bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Şagirdlərimizin bir qismi istər ölkədaxili, istərsə də beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülüblər. Biz liseyimizin məzunları sayəsində dünyaya da qapı açmışıq. Hazırda liseyin məzunları arasında dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirənlərin sayı az deyil. Bütün bu nailiyyətlərin arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi durur. Biz bilirik ki, göstərdiyimiz xidmətin bəhrəsini gələcək nəsillər də görəcək. Lisey kollektivi olaraq, təhsilə və müəllimə qayğı ilə yanaşan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk".

Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda, liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib.

Sonra liseyin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, bu məktəbin təhsilə verdiyi töhfələrdən danışıblar. Yubiley münasibətilə liseyin bütün kollektivini təbrik edən çıxışçılar onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Sonra C.Bayramovun imzaladığı əmrə əsasən, kollektivin 27 müəlliminə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Tədbirdə, həmçinin, liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş "Gələcəyə açılan qapı" adlı jurnallar paylanılıb.

Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.

Şahanə MÜŞFİQ

 





03.05.2018    çap et  çap et