525.Az

Xanəndə Eynulla Cəbrayılov ədəbi-bədii gecə ilə anıldı - Foto


 

Xanəndə Eynulla Cəbrayılov ədəbi-bədii gecə ilə anıldı - <b style="color:red">Foto </b>

Mayın 3-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi və Kürdəmir Regional Mədəniyyət idarəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Kürdəmir rayon Mədəniyyət mərkəzində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Gecənin iştirakçıları və qonaqlar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş Şirvan muğam və aşıq sənətinin görkəmli nümayəndələri haqqında yazılmış kitablar, vaxtilə onların verdiyi konsertlərin afişaları, lent yazıları və xatirə şəkilləri ilə tanış olublar.

Gecənin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılovun bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnərək muğam və aşıq sənətinin sirlərinə yiyələnməsindən, misilsiz ifalarında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmasından danışıb.

Kürdəmir Regional Mədəniyyət mərkəzinin rəisi Elman Məmmədov məclisə təşrif gətirən qonaqları salamlayaraq E.Cəbrayılovun şərəfli həyat və sənət yolundan danışıb, Azərbaycan xalqının mənəvi sərvəti olan muğam sənəti var olduqca, belə korifey sənətçilərin xalqın yaddaşında əbədi yaşayacağını bildirib.

Məclisin qonaqları Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, kinodramaturq, Xalq artisti, kaman ustası professor Mirnazim Əsədullayev, Azərbaycan Respublikasının Əməkdar artisti, tarzən, professor Vamiq Məmmədəliyev, tanınmış tarzən, Göyçay Uşaq İncəsənət məktəbinin direktoru Rövşən Zamanov, AYB-nin üzvü yazıçı-publisist Yusif Cəfərli E.Cəbrayılov haqqında xoş xatirələrini məclis iştirakçıları ilə bölüşüblər.

Məclisin musiqili qonaqları V muğam müsabiqəsinin qalibi xanəndə Nisbət Sədrayeva, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, Əməkdar mədəniyyət işçisi, balaban ustası Rasim Ələsgərov, aşıq, xanəndə Əvəzxan Xankişiyev, xanəndə Səfalı Əliyev, tanınmış müğənni Elşad Qarayev, Eynulla Cəbrayılovun repertuarından olan muğamları, xalq və aşıq mahnılarını ifa ediblər.

Məclisdə E.Cəbrayılovun Azərbaycan Radio və Televiziya fondunda saxlanılan lent yazılarının səsləndirilməsi tamaşaçılara kövrək anlar yaşadıb.

Məclisin sonunda E.Cəbrayılovun övladları çıxış edərək ataları haqqında söylənən xoş sözlərə görə çıxış edənlərə və xatirə gecəsinin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. 

 





04.05.2018    çap et  çap et