525.Az

Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı müzakirə edildi


 

Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı müzakirə edildi<b style="color:red"></b>

Dünən Bakı Mühəndislik Universitetində akademik Kamal Abdulla ilə görüş keçirilib.

Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında "Müstəqillik illəri Azərbaycan ədəbiyyatı" fənninin dinləyici tələbələri ilə olan görüşdə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı geniş müzakirəyə cəlb edilib. Əvvəlcə, Kamal Abdulla romanlarının dil-üslub və poetik imkanları haqqında məlumat verilib. Romanların ideya və struktur estetikası analiz edildikdən sonra müəllifə söz verilib. Kamal Abdulla "Yarımçıq əlyazma"nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.

Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq "Gizli Dədə Qorqud", "Yarımçıq əlyazma" və "Kitabi-Dədə Qorqud" poetikasına giriş" əsərlərinin arasındakı əlaqə də müazakirə edilib.

Tələbələr "Yarımçıq əlyazma" romanı haqqında müxtəlif səpkili məruzə və suallarla çıxış ediblər. Universitetin professor-müəllim heyəti, Tərbiyə işləri üzrə prorektor, Siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, Pedaqoji fakültənin dekanı, dos. İslam Hüseynov, professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər.

Professor Akif Hüseynli "Kamal Abdulla yaradıcılığında intellektual nəsrin poetik imkanlarının yüksək səciyyədə olduğunu" vurğulayıb və roman haqqında geniş mühazirə oxuyub.

Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını və bu tip müzakirələrin yaradıcılığının hər hansı qaranlıq bir məqamına aydınlıq gətirilməsində əhəmiyyəti haqqında danışıb, iştirakçılar və universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

S.QARAYEVA

 





04.05.2018    çap et  çap et