525.Az

"Akademik Ramiz Mehdiyev. Biblioqrafiya" kitabı və elektron məlumat bazası təqdim edildi


 

"Akademik Ramiz Mehdiyev. Biblioqrafiya" kitabı və elektron məlumat bazası təqdim edildi <b style="color:red"></b>

Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanası "Akademik Ramiz Mehdiyev. Biblioqrafiya" kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimini keçirib.

Tədbiri Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdulla açaraq bildirib ki, bu tədbir yalnız kitabla deyil, həm də kitablar haqqında kitabla bağlıdır. Akademik qeyd edib ki, kitab yalnız akademik Ramiz Mehdiyevin əsərlərinin siyahısından ibarət olmayıb, analitik tədqiqat işidir və onu alimin Azərbaycan elminə zaman-zaman verdiyi əsərləri ümumiləşdirən, təsnifləşdirən salnamə hesab etmək olar.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək deyib ki, milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövlətin və cəmiyyətinin inkişafı və digər mövzularla bağlı çoxsaylı kitab və məqalələr müəllifi olan akademik Ramiz Mehdiyev ölkənin modernləşmə və dayanıqlı inkişafının fəlsəfi konsepsiyasını işləyib, dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarını hazırlayıb. O, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanmış "Ramiz Mehdiyev. Biblioqrafiya" kitabının bu nəşrinin 2009-cu il nəşrinə nisbətən daha təkmilləşdirilmiş vəsait olduğunu, kitabın əhatəli olması üçün həm ölkənin, həm də dünyanın 40-dan çox böyük kitabxanalarında axtarışlar aparıldığını söyləyib, kitabın quruluşu haqqında məlumat verərək elmi dəyərinin böyük olduğunu diqqətə çatdırıb və tədqiqatçılar üçün zəngin mənbə olacağını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli çıxışında fundamental fəlsəfi tədqiqat əsərləri meydana qoymuş, nəzəri-fəlsəfi irsi Heydər Əliyevçilik və Azərbaycançılıq məsələlərinin vəhdəti ilə səciyyələnən dövlət xadimini müstəqillik dövrü Azərbaycan elmində siyasətşünaslıq istiqamətinin yaradıcısı adlandırıb, onun müasir Azərbaycan cəmiyyətinin inkişafının siyasi-fəlsəfi əsaslarını işləyib hazırladığını bildirib. Natiq vurğulayıb ki, tapşırılan vəzifəyə məsuliyyətlə, sədaqətlə xidmət etmək, habelə prinsipiallıq və təmkinli praqmatik yanaşma, irəliyə aydın baxış Ramiz Mehdiyevin dövlət quruculuğu və idarəçilik istiqamətindəki çoxillik səmərəli fəaliyyətinin mahiyyətini təşkil edir.

Akademik İ.Həbibbəyli sanballı biblioqrafik nəşrin ərsəyə gəlməsinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib, qeyd edib ki, Azərbaycanda biblioqrafiyaşünaslıq elminin ciddi yekunu, mühüm nəticəsi olan bu nəşrlər kitabxananın potensialını ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirib ki, akademik Ramiz Mehdiyev Azərbaycanın dövlətçilik tarixi, müstəqil ölkəmizin inkişafı və nailiyyətləri, Ulu öndər Heydər Əliyevin strateji kursu və Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektləri haqqında dünyanın bir çox ölkələrində müxtəlif dillərdə çap edilən kitabların müəllifidir. U.Ələkbərov deyib ki, həm görkəmli siyasətçi, həm də əsl elm adamı olan akademik əsərlərində həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparır, geniş elmi axtarışlara söykənir, elmi əsaslandırmanı əsas götürür.

AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ramiz Mehdiyevi fövqəladə şəxsiyyət adlandırıb və qeyd edib ki, akademik həm ictimai, dövlət xadimi, həm də filosof kimi tariximizin müxtəlif dövrlərində gedən prosesləri dərin şəkildə təhlil edib ictimaiyyətə çatdırır, onun əsərləri tarixçilərə istiqamət verir.

Milli Məclisin üzvü, yazıçı-publisist Elmira Axundova çoxşaxəli, hərtərəfli, dolğun yaradıcılığa malik, sanballı kitablar müəllifi olan akademik Ramiz Mehdiyev haqqında belə bir biblioqrafik nəşrin hazırlanmasına görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib.

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev Ramiz Mehdiyevin elmi və siyasi fəaliyyətindən danışıb, kitabın tərtibinə görə əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov akademikin kitaba, kitabxanaya olan diqqət və qayğısından bəhs edib.

Sonda Kamal Abdulla biblioqrafiyanın hazırlanmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, vəsaitin tələbələr, alimlər üçün mühüm istiqamətverici mənbə olacağını vurğulayıb.

 





04.05.2018    çap et  çap et