525.Az

BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" IX Beynəlxalq elmi konfransı


 

BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" IX Beynəlxalq elmi konfransı <b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" IX Beynəlxalq elmi konfrans keçirilib.

Konfransda ictimai xadimlər, millət vəkilləri, ölkənin aparıcı media orqanlarının rəhbərləri, Türkiyə, Çexiya, Polşa, Ukrayna, Bolqarıstan, Belarusun Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva ikin gün davam edəcək tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verib. N.Əliyevanın dediyinə görə, beynəlxalq konfransda 310 alim iştirak edir. Onlar arasında Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Çexiya Karl Universiteti, Türkiyənin Reytinq Akademiyası, Qazaxıstanın Lev Nikolayeviç Qumilyov adına Avrasiya Milli Universiteti və Polşa Təhsil Nazirliyinin nümayəndələri də var.

Rektor artıq ənənə halını almış konfransın ulu öndər Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, ulu öndər tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini bildirib: "Bu konfrans bizim elmi potensialımızı, intellektual gücümüzü bir araya gətirən mühüm hadisədir. Azərbaycan müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyən edib. Ümummilli lider öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə siyasət müstəvisinə keçirdi. Dahi şəxsiyyət azərbaycançılıq ideologiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli-mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu. BSU-nun yaradılması da ulu öndərin ideyası idi. O, bu universiteti dünyaya, ilk növbədə slavyan dünyasına açılan bir qapı kimi gördü. Bu gün universitetin qazandığı uğurlar Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha təsdiq edir".

N.Əliyeva vurğulayıb ki, Heydər Əliyevin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdi. BSU-nun rektoru prezident İlham Əliyevin ümummilli liderin dövlətçilik ənənələrini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Ümummilli lider Heydər Əliyev azərbaycançılığı tarixi sərvət kimi dəyərləndirib: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Azərbaycanın ən böyük sərvəti qədimdən bu torpaqlarda yaşayan müxtəlif dinə xidmət edən insanlardır. Ulu öndərin azərbaycançılıq məfkurəsi mühüm amil kimi ölkəmizdə yaşayan xalqların birləşməsinə imkan yaradır. Hər kəs bundan qürur duymalı, bu adət-ənənələri yaratmalıdır". Nazir müavini qeyd edib ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit, dayanıqlı ölkə kimi tanınır: "Təhsilin bütün pillələrində azərbaycançılıq məfkurəsi öyrədilir. Gənclərimizə tolerantlıq öyrədilir, dözümlülüyün prioritet kimi qəbul olunması istiqamətində işlər həyata keçirilir. Ölkəmizdə hər kəsin təhsil alması üçün bərabər şərait yaradılıb. Bu sahənin əhatəli araşdırılması, öyrənilməsi üçün bir sıra məktəblərdə azərbaycanşünaslıq mərkəzləri yaradılıb".

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erran Özoral isə deyib ki, ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının yetişdirdiyi liderlərdən biridir: "Heydər Əliyev Azərbaycan tarixində böyük rola malikdir. Ümummilli liderin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkəniz inkişaf etməyə başladı. Azərbaycan-Türkiyə münasibətləri də o zamana qədər olmadığı yüksək səviyyəyə gəlib çıxdı. Bu gün Azərbaycan müstəqilliyinin 27-ci ilinə gəlib çıxıb. Müstəqilliyin ilk illərində çətinliklərə baxmayaraq, bu gün Azərbaycan Qafqazda lider ölkəsinə çevrilib".

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk olaraq Türkiyəyə səfərini xatırladan səfir söyləyib ki, Azərbaycan və Türkiyə bir yerdə çox güclüdür: "Mən çox şadam ki, Türkiyəni məhz Azərbaycanda təmsil edirəm".

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, Bakı Dövlət Universitetinin professoru, Bakı Slavyan Universitetinin İctimai Etimad Şurasının koordinatoru Şahlar Əsgərov çıxış edərək beynəlxalq elmi konfransı təhsilimizin, elmimizin inkişafında, azərbaycançılığın və multikulturalizmin təbliğində mühüm addım kimi dəyərləndirib, konfransın işinə uğurlar arzulayıblar.

Sonra konfrans öz işini Heydər Əliyev və Azərbaycançılıq ideologiyası, Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi, Azərbaycan dili və ədəbiyyatının aktual problemləri, Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri, Heydər Əliyev irsi və Azərbaycanın hüquq sistemi adlı bölmələrlə davam etdirib.

Qeyd edək ki, konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Telekörpünü BDPU tərəfdən rektor Aleksandr Juk, BSU tərəfdən isə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov aparıblar.

Beynəlxalq konfransın gedişində Çexiyanın Mendel universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Türkiyənin Pamuqqala Universitetinin nümayəndəsi Mehmet Şahin tərəfindən "Nargin faciəsi və Nuri paşa" mövzusunda tədbir keçirilib.

S.QARAYEVA

 





04.05.2018    çap et  çap et