525.Az

Meksikalı səfir Xəzər Universitetində tələbələrlə görüş keçirdi


 

Meksikalı səfir Xəzər Universitetində tələbələrlə görüş keçirdi <b style="color:red"></b>

Mayın 2-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Xəzər Universitetində tələbələrlə görüş keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Meksikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və ənənələri haqqında ümumi məlumat verilib.

 "Meksika, özünəməxsus bir dünya" adlı təqdimat hazırlayan səfir R.Labardini Azərbaycanla iqtisadi əlaqələr, turizm sahəsində əməkdaşlıq barədə danışıb, eləcə də iyulun 1-də ölkəsində keçiriləcək Prezident seçkilərinin hazırlıq prosesindən söhbət açıb.

Səfir Meksikanın dünya birliyində yeri və rolu haqda danışıb, rəsmi Mexikonun qlobal təhlükəsizliyə verdiyi töhfələri qeyd edib, qanuni miqrasiya sahəsində görülən işlər, qəbul olunan sənədlər barədə məlumat verib.

Meksikanın turizm sektorunda əldə etdiyi uğurlara toxunan R.Labardini deyib ki, bu sahə ölkənin iqtisadi inkişafında mühüm yer tutur: "2017-ci ildə 35.7 milyon turist qəbul edən Meksika ziyarətçi sayına görə dünyada səkkizinci yeri tutur".

Meksikanın multikultural ölkə kimi tanındığını deyən səfir bildirib ki, bu ölkənin çoxmillətliyində, immiqrantlarla aborigen əhalinin birgə yaşayışında özünü göstərir. R.Labardini əlavə edib ki, Meksika aborigen millətlərinin sayına görə dünyada 8-ci, Amerika qitəsində isə 1-ci yeri tutur: "Hazırda bu ölkədə 69 milli dil var. Bunlardan 68-i aborigenlərin dilləri, biri isə ispan dilidir".

Təqdimatdan sonra səfir universitet tələbələrinin suallarını cavablandırıb.

Ceyhun ABASOV

 





04.05.2018    çap et  çap et