525.Az

Məktəbi-Aləm - Kainat, Quran və insan


 

Məktəbi-Aləm - <b style="color:red">Kainat, Quran və insan </b>

Artıq Azərbaycan oxucusunun da yaxından tanıdığı, bir-birindən gözəl əsərləri ilə könüllərdə taxt quran dəyərli ustad Osman Nuri Topbaşın yeni kitabı işıq üzü görüb.
 
“Kainat, Quran və İnsan”adlanan əsər oxucunu üç istiqamətdən təfəkkürə səsləyir. Bəşər övladı yarandığı gündən etibarən dünya müəmmasını dərk etmək üçün baş sındırır. Bu kainat nə üçün var, dünyaya niyə gəldik, səfərimiz haradır?

İnsan oğlu Yaradanı unutduğu zaman bu və bu kimi suallar bir müəmmaya çevrilir, kələfin ucu dolaşıq düşür. Halbuki sualın cavabı kainatda, Quranda və insandadır. Bu üç cəhətdən biri olmadan insan oğlunun sual labirintindən çıxış yolunu tapması mümkün deyil.

Elə isə məsələnin həlli KAİNAT, QURAN və İNSANDIR...

Müəllif bu gerçəyi belə izah edir:

Qurani-Kərim Allah kəlamının hərflərlə ifadəsi, bəşəriyyətin səadət rəhbəri, iki cahan bələdçisidir...

Kainat ilahi əzəmət təcəlliləri və qüdrət naxışları ilə başlı-başına bir kitabdır...

İnsansa hər iki kitabın xülasəsi, mündəricatı və sirridir...

Məktəbi-Aləm adlandırdığımız dünya məktəbindəki əsas təhsil də bu möhtəşəm əsərləri oxuya bilmək, idrak ilə həzm edə bilmək və ehtivasına görə yaşaya bilməkdir.

Ağılın əsas yaradılış qayəsi vəhyin möhtvasında bu açardan istifadə edə bilməkdir.

Qəlbin əsl məharəti kainatın hər bir guşəsində və hər şeydə o ilahi imzanı görə bilməkdir.

Qurani-Kərimi ürpərən bir qəlblə oxuya bilmək və beləliklə də özünü tanımaq, nəfsini bilmək, “Özünü bilən Rəbbini bilər” sirrinə məzhər olmaqdır. Yaradılış qayəsini anlamaq və yer üzündə Haqqın şahidi və xəlifəsi ola bilməkdir.Kainatdakı nizamın ahənginə uyaraq gözəllik, doğruluq, ədalət, mərhəmət və məhəbbətin “əhsəni-təqvim” ölçülərində təmsilçisi ola bilməkdir.

Bununla da mükərrəm insan olmaq və cənnətə layiq hala gəlmək...

Əsas qayə bundan ibarətdir... 

Bu gün dünya və kainat üzərində ciddi tədqiqatlar aparılır, elmin bütün sahələrində təqdirəlayiq nəticələr əldə edilir. Lakin qeyd etmək lazımdır ki, bütün bu nailiyyətlər vəhyin işığından məhrum qaldığı zaman insanı səadətə qovuşdurmaq yerinə zülmətə qərq edir. Əldə olunan məlumatlar bəzi xəstə fəlsəfələrin və kor ideologiyaların predmetinə çevrilir.

Hər şey boş təsadüflərə bağlanaraq “Yaradan Allah” inancına hücum edilir.

Axirət inancı üzərində təxribat aparılır. Sorğu-sualsız və hesabsız həyat anlayışı təlqin edilir. Qəddarlıq, şiddət və nəfsani həyata rəvac verilir.

İnsanın mükərrəmliyi unutdurularaq kainatın göz bəbəyi olan o varlığı yeyib-içməkdən və şəhvətlərin bütpərəsti olmaqdan başqa heç bir dərdi olmayan heyvan səviyyəsinə düşürməyə çalışırlar. Praqmatik bir insan tipi meydana gətirməyə çalışılır. Dünya insani dəyərlərin heçə sayıldığı, güclünün zəifi əzdiyi, əxlaqi keyfiyyətlərin qəbahət sayıldığı meydana çevrilir.

Aparılan bir sıra anketlər, statistik məlumatlar və müşahidələr mənəvi dəyərlərdən məhrum edilmiş nəsillər adına həyəcan təbili çalır.

Allahın insan, kainat və Quran vasitəsi ilə bəşəriyyətə göstərdiyi nişanələri görməyən qəlblər qəflət və zəlalətə qərq olmağa məhkumdur.Beləliklə könüllərə nəfsaniyyət və mənəmmənəmlik kilidi vurulur. Bütün bu kilidləri açacaq, qəlbləri yenidən hidayətə, intibaha, riqqət və idraka qovuşduracaq ən qiymətli açar təfəkkürdür...

Həqiqi təfəkkür nəzəri ilə Kəlamullah və Kainat Kitabını oxuyan hər insan fitrətindəki tərtəmiz mayadanxəbərdar olaraq vicdanındakı səsə qulaq kəsilər və aləmdəki ilahi vitrinləri heyranlıqla seyr edərək həqiqət günəşini inkardan vaz keçər.

Bu əsərdə təfəkkürümüzə açar olacaq xüsuslar bir yerə cəm edilmişdir.

Kainatdakı əzəmət və qüdrət axışlarına, ahəng və mükəmməllik naxışlarına misallar verilmişdir.Qurani-Əzimuşşanın Xaliqin kəlamı olduğunu isbat edən, Quran möcüzələrindən xülasə təqdim edilmişdir.

Bu aləmdə zərrədən kürrəyə hər şey ilahi əzəmət təcəlliləri, qüdrət nişanələri və nəfis naxışlardır. Ziya Paşa bu ilahi mənzuməni necə də gözəl ifadə edir:

Min dərsi-məarif oxunur hər vərəqində,
Ya Rəbb nə gözəl məktəb olur məktəbi-aləm! 

Nurlan MƏMMƏDZADƏ

 





04.05.2018    çap et  çap et