525.Az

Yazıçı-publisist Səxavət Tağların 60 yaşı qeyd edildi


 

Yazıçı-publisist Səxavət Tağların 60 yaşı qeyd edildi <b style="color:red"></b>

İmişlidə Rayon İcra Hakimiyyətinin və AYB-nin Aran Bölməsinin təşəbbüsü ilə istedadlı yazıçı-publisist, Əməkdar müəllim Səxavət Tağların 60 illik yubleyi keçirilib.

Rayon fəallarının, təhsil və mədəniyyət işçilərinin, tanınmış yazıçı və şairlərin iştirak etdikləri mərasimdə əvvəlcə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin yubilyara ünvanladığı təbrik oxunub, onun imzaladığı Fəxri Fərman təqdim edilib.

AYB Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu Yazıçılar Birliyinin təbrikini oxuduqdan sonra Səxavət Tağların həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, S.Tağlar yaradıcılığa ötən əsrin 80-ci illərindən başlayıb. Qarabağ həqiqətləri, milli-mənəvi dəyərlərimiz, saf eşqin, sədaqətin tərənnümü onun başlıca mövzularındandır. Səxavət Tağlar təşəbbüskarlığı, zəngin yaradıcılığı və xüsusilə də qayğıkeşliyi ilə bölgədə ədəbi həyatın canlanmasına ləyaqətlə xidmət edir.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov yubilyarın ədəbi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ədəbi sahədə olduğu kimi, o, qabaqcıl təhsil işçisi, Əməkdar müəllim kimi pedaqoji sahədə də uğurları ilə seçilir.

Yubiley tədbirində rayon ictimaiyyətinin fəal nümayəndələri Vahid Tağıyev, Səməd İsmayılov, Vilayət Muradlı, İsrafil Quliyev, Valeh Bahaduroğlu, Sədaqət Vəlioğlu, Atamoğlan İmranov, Rahilə Göyüşova, Həkimxan İmanov, Əli Nəcəfov, Əlibarat Ataşov, Şahsuvar Əmrahov, Ələddin Əliyev S.Tağların şəxsi və ədəbi məziyyətlərindən bəhs ediblər. Sonda yubilyar tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

 





04.05.2018    çap et  çap et