525.Az

“Yurd dediyim bu torpaq” işıq üzü gördü


 

“Yurd dediyim bu torpaq” işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü şair Nəzakət Məmmədovanın yenicə çapdan çıxan “Yurd dediyim bu torpaq” kitabında vətənpərvərlik mövzulu şeirləri toplanıb.

“Ömrüm” (2008), “Ömrün qatarı” (2013, Bakı və Tehran), “Saralmış yaprağa benzeyir ömrüm” (2014, Türkiyə) kitablarından sonra müəllifin oxucularla növbəti görüşü olan bu kitabın redaktoru Zülfüqar Şahsevənli, ön sözlərin müəllifləri filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Əməkdar incəsənət xadimi Barat Vüsaldır.

“Araz” nəşriyyatında çap olunan kitabda toplanmış  “Ömrüm”, “Dünya”, “Şəhidim”, “Yanvar ağırısı”, “Vətən, bizi bağışlama!”, “Mən zabit anasıyam!”, “Darıxıram, ay ana”, “Dərd”, “Ömür qatarı”, “Anam”, “Qarabağ qoxusu”, “Buz heykəl”, “Yurd həsrəti”, “Tənha qadın”, “Ata”, “Şəhid qızı”, “Millətin ünvanı”, “Kaş elə gün gəlsin”, “Ərdəbilim”, “Adsız qəhrəman”, “Soraq elə”, “Tale qapısı”, “Şah əsərim”, “Ayrılıq” və s. kimi şeirlərin və “Şəhid zirvəsi” poemasının əsas qayəsi yurd həsrəti, Vətən dərdidir. Heç şübhəsiz, qəm əkib, dərd göyərdən vətəndaş şairənin göz yaşlarına bələnmiş bu nisgilli misralar Qarabağ həsrəti, Böyük Azərbaycan eşqi ilə çırpınan hər bir türk övladını, poeziyasevərləri ciddi şəkildə düşündürəcəkdir.

Sona Vəliyeva kitaba yazdığı “Ruhun poetik yaddaşı” adlı ön sözdə N.Məmmədovanın yurd həsrətli poeziyası və xüsusən “Şəhid zirvəsi” poeması haqqında deyir: “Nəzakət xanımın misraları yol olub Şuşadan, Xankəndidən, Xocalıdan, Daşaltıdan keçib, yol alıb Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam döyüş meydanlarından keçir, içimizin ağrısına bələnərək ümid-ümid çiçəkləməyə tələsir... Proloqla başlayan ümid, zəfər, qələbə dastanını müəllif epiloqla yekunlaşdırır. Beləcə sonda şəhidlik müharibədə yurd həsrətinin ən ilahi məqama qovuşması kimi dəyərləndirilir. Qələbəyə gedən yollar şəhid vermədən açılmaz. İlk misrasından başlayaraq son epiloqa qədər müəllifin yurd sevgisi, yurd arzuları, ağrının yaddaşından süzülərək hər birimizi döyüşə, zəfər, qələbə gününədək rahat olmamağa səsləyir”.

B.Vüsalın müəllifin şəxsiyyətindən və poeziyasından bəhs edən “Sözdən düşən işıq, yaxud ağrıyan ruh...” adlı yazısında bu fikirlər diqqət çəkir: “Nəzakət Göyün Yer dərdini, Yerin Göy dərdini çəkə-çəkə cadar səhraları yağışa, cadar dodaqları neyə həsrət qoymayan şairlərdəndir.  Dərdlər içində ən ağır dərdlərdən biri də əlbəttə ki, Yurd həsrətidir, Yurd dərdidir... Nəzakətin Xocalı faciəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” poeması onun kimliyini, vətəndaşlıq pasportunu daha yaxşı əks etdirir, ehtiva edir. Bu əsər Vətənin əsgərləri haqda, Vətən, yurd dərdi çəkənlərin qeyrəti haqda rekviyemdir, elegiyadır”.

Şahanə MÜŞFİQ

 





05.05.2018    çap et  çap et